1993-cü il 2 aprel tarixi Azərbaycan xalqının yaddaşına ağır bir faciə kimi həkk olunmuşdur. Həmin gün Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edildi. Qarabağ münaqişəsinin ən dramatik məqamlarından biri olan Kəlbəcərin işğalı həm strateji, həm də humanitar baxımdan böyük fəsadlara səbəb oldu və uzun illər bölgənin taleyinə təsir göstərdi.
Kəlbəcər rayonu Azərbaycan üçün mühüm coğrafi və strateji əhəmiyyətə malik ərazilərdən biri idi. Dağlıq relyefi, təbii sərvətləri, zəngin yaylaqları, su ehtiyatları və tarixi irsi ilə seçilən bu rayon həm də Qarabağ bölgəsinin təhlükəsizliyi baxımından həlledici rol oynayırdı. Buna görə də Ermənistan ordusunun Kəlbəcəri işğal etməsi münaqişənin gedişini Azərbaycanın ziyanına dəyişdirdi. Rayonun mühasirəyə alınması nəticəsində minlərlə insan sərt hava şəraitində dağ yolları ilə çıxış etməyə məcbur oldu. İşğal rayona və onun əhalisinə ağır bəşəri faciə yaşatdı. Rəsmi məlumatlara əsasən, Kəlbəcərin işğalı zamanı 511 dinc sakin qətlə yetirildi, 321 nəfər isə əsir götürüldü və ya itkin düşdü. Ailələr parçalandı, insanlar doğma yurdlarından didərgin düşdü. İşğal nəticəsində Kəlbəcərin əhalisi Azərbaycan Respublikasının 56 rayonunda 770 yaşayış məntəqəsinə səpələnərək müvəqqəti məskunlaşmağa məcbur oldu. Bu, ölkənin sosial yükünü artırmaqla yanaşı, yüz minlərlə insanın həyatını kökündən dəyişdirdi.
Ermənistan ordusunun rayonda törətdiyi talan və dağıntılar Kəlbəcərin maddi və mədəni irsinə böyük zərər vurdu. Onlarla tarixi və mədəniyyət abidəsi məhv edilərək, bir çoxu talan olunub Ermənistana daşındı. Rayonda mövcud olan 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, eləcə də 9 xəstəxana, 75 tibb məntəqəsi, 23 ambulatoriya və 9 aptek tamamilə sıradan çıxarıldı. Yüzlərlə inzibati bina, minlərlə yaşayış evi, təsərrüfat tikililəri, yüzlərlə texnika və maşın talan edildi. Kəlbəcərin təbii sərvətləri – qızıl yataqları, rəngli metalları, meşə və su ehtiyatları da qanunsuz şəkildə istismar edilərək Ermənistana daşındı. Rayonun Azərbaycana dəymiş maddi zərəri milyardlarla manatla ölçülür.
Kəlbəcərin işğalı yalnız bir rayonun deyil, bütün Azərbaycanın ağrısı idi. Bu, xalqımızın yaddaşında sağalmaz iz qoydu. Lakin Azərbaycan dövləti heç vaxt bu ədalətsizliyi unutmamış, işğal altında qalan torpaqların azad olunmasını özünün əsas strateji məqsədi kimi qarşıya qoymuşdur.
2020-ci ildə baş vermiş Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Kəlbəcəri bir güllə atmadan, 25 noyabr tarixində geri qaytardı. Bu, həm tarixi ədalətin bərpası, həm də onilliklər boyu həsrətlə doğma yurdunu gözləyən Kəlbəcər sakinlərinin arzusunun gerçəkləşməsi idi. Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, həyat yenidən canlanır, təbiəti, mədəni irsi və strateji əhəmiyyəti ilə seçilən rayon öz əvvəlki şöhrətinə qayıdır.
Kəlbəcərin işğalı xalqımız üçün ağır dərs, azadlığı isə qürur mənbəyidir. Bu tarix həm faciələrimizi, həm də dirçəliş və mübarizə əzmimizi göstərən bir yaddaşdır.
Zərdab rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova




















