Kadr hazırlığı əsas vəzifələrdən biridir.
Fevralın 11-də cənab Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Bu müşavirə ölkənin rəqəmsal transformasiya strategiyasında insan kapitalının həlledici rolunu bir daha ön plana çıxardı. Dövlət başçısı vurğulamışdır ki, “Kadr hazırlığı əsas vəzifələrdən biridir. Son vaxtlar bu istiqamətdə müəyyən işlər görülür. Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir”.
Müasir dövrdə rəqəmsal iqtisadiyyat sürətlə dəyişir və əmək bazarının tələbləri yenilənir. Bu şəraitdə təhsil sistemi çevik və innovativ yanaşmalar tətbiq etməlidir. Ali və orta ixtisas təhsil müəssisələrində informasiya texnologiyaları, proqramlaşdırma, data analitikası və süni intellekt istiqamətləri üzrə ixtisasların genişləndirilməsi, kurikulumların beynəlxalq standartlara uyğunlaşdırılması mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, erkən yaşlardan rəqəmsal bacarıqların formalaşdırılması gələcək nəsillərin qlobal rəqabətə hazır olmasını təmin edə bilər.
Davamlı təlim proqramları, dövlət və özəl sektor əməkdaşlığı çərçivəsində təşkil olunan sertifikasiya kursları, startap və innovasiya mərkəzlərində praktiki təcrübə imkanları peşəkar mühitin formalaşmasına töhfə verir. Xüsusilə texnologiya şirkətləri ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən layihələr biliklərin real istehsalat prosesləri ilə uzlaşdırılmasına şərait yaradır. Rəqəmsal arxitekturanın uğurla qurulması üçün dövlət idarəçiliyində çalışan əməkdaşların da bilik və bacarıqlarının artırılması vacibdir. Bu istiqamətdə sistemli yanaşma idarəetmədə operativliyi və şəffaflığı gücləndirə bilər.
Bundan əlavə, xaricdə təhsil almış və beynəlxalq təcrübəyə malik mütəxəssislərin ölkəyə cəlb olunması, eləcə də yerli kadrların qlobal layihələrdə iştirak imkanlarının artırılması innovasiya ekosisteminin genişlənməsinə xidmət edir. Rəqəmsal transformasiya yalnız texniki proses deyil, həm də düşüncə tərzinin yenilənməsi deməkdir. Yaradıcı, analitik və təşəbbüskar düşüncəyə malik gənclərin yetişdirilməsi ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas dayaqlarından biridir. Güclü insan kapitalı olmadan texnoloji inkişafın davamlılığı mümkün deyil. Bu baxımdan, təhsil və peşəkar inkişaf sahəsində atılan addımlar Azərbaycanın innovasiya əsaslı iqtisadi modelə keçidini sürətləndirərək, ölkəni regionda rəqəmsal liderlərdən birinə çevirmək potensialına malikdir.
Babək Mikayılov – Zərdab Peşə liseyinin direktoru























