image-qanunla-reklam
image-416874

İstər sülh müqaviləsi imzalanmasının uzadılması, istər status məsələsinin dilə gətirilməsi bizi yeni addımlar atmağa məcbur edə bilər

image-lady-day-az

İstər sülh müqaviləsi imzalanmasının uzadılması, istər status məsələsinin dilə gətirilməsi bizi yeni addımlar atmağa məcbur edə bilər

Vətən müharibəsinin siyasi nəticələri Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu da artırmışdır. İndi dünya ölkələrinin böyük əksəriyyəti bizim haqlı sözümüzü deyir. Qoşulmama Hərəkatının tarixində Azərbaycan faktoruna toxunan Prezident ölkəmizin etimadı doğrultduğunu ifadə etmişdir. Gənclər forumu və Parlament şəbəkəsinin yaradılması təşəbbüsləri də Qoşulmama Hərəkatına verdiyimiz töhfələrdəndir.
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, türkdilli dövlətlərlə münasibətləri bizim xarici siyasətimizin əsas prioritetlərini təşkil edir. Eyni zamanda ABŞ və digər ənənəvi güc mərkəzləri ilə münasibətlərin inkişaf etdirilməsi bütün arenalarda özümüzə qarşı hörmət və etimad mühiti formalaşdırmışdır. Qonşularla yaxşı münasibətlərin qurulması, iki qonşu dövlətlə – Türkiyə və Rusiya ilə müttəfiqlik haqqında bəyannamənin imzalanması uğurlu xarici siyasətimizi ifadə etməkdədir. Qonşu ölkələrlə əlaqələrimiz hər zaman bizim üçün əsas prioritetlərdən biri olub və cari il bu istiqamətdə addımlar atılıb. Prezidentin Rusiya, İran, Gürcüstan prezidentləri ilə görüşləri bir daha bunu göstərməkdədir.
Dünyada yaranmış müharibə riskləri, enerji böhranları fonunda sabit siyasət yürüdən Azərbaycanla Qərb dövlətləri, xüsusilə avropalı dostlarımız əməkdaşlığa ciddi maraq göstərməkdədirlər. Azərbaycan qazının, elektrik enerjisinin dünyaya ixrac olunması üçün münbit şəraitin formalaşması, qeyri-ənənəvi enerji infrastrukturunun yaradılması və bazarlara daxil olmaq yeni hədəflərimiz olmalıdır. Biz infrastrukturları tam hazırlayıb ölkələrə özümüz təklif etməliyik. Bu sahədə olan mübarizə çox güclüdür. Biz müasir çağırışlara uyğunlaşmalıyıq.
Ermənilər əsrlər boyu bütün regionun bəlasına çevrilmiş bir xalqdır. Müharibənin başa çatmasından 1 il 8 ay keçməyinə baxmayaraq, Ermənistan 10 noyabr bəyannaməsinin şərtlərini yerinə yetirməkdən boyun qaçırır. Ermənistan silahlı qüvvələrinin ünsürlərinin Azərbaycan ərazisində olması qəti qəbul olunan hal deyil və məntiqsizdir. Biz qalib dövlət kimi bir neçə saat ərzində onları ərazilərimizdən çıxarmaq iqtidarındayıq. Sadəcə rəsmi İrəvan bununla bağlı öz mövqeyini ifadə etməlidir. İkinci açıq qalan məsələ Zəngəzur dəhlizinin açılması məsələsidir. Ermənistan yenə də manipulyasiya etməkdədir. Yollar bəllidir, sadəcə siyasi iradə göstərmək və Naxçıvana gedən yolları açmaq lazımdır. Laçın yolunun açıq qalması üçün Ermənistan Zəngəzur dəhlizini açmalıdır.
10 noyabr bəyannaməsi zamanı şifahi razılıq olmuşdur ki, status məsələsi dilə gətirilməsin. Amma axır vaxtlar bu ifadə çox səslənir. Bu ifadələrlə Ermənistan öz dövlətçiliyi, ərazi bütövlüyü üçün böyük problemlər yarada bilər. Bizim də Qərbi Zəngəzurla bağlı ciddi, əsaslı və tarixi həqiqətlərə söykənən iddialarımız ola bilər və proses belə davam etsə mütləq ki, bizim də iddialarımız olacaqdır.
İstər sülh müqaviləsi imzalanmasının uzadılması, istər status məsələsinin dilə gətirilməsi bizi yeni addımlar atmağa məcbur edə bilər. Qeyd etdiyimiz məqamları və amilləri təhlil etdiyimiz zaman ordu quruculuğumuzun daha da gücləndirilməli olduğunu görməkdəyik. Bu altı ay ərzində hərbi sahədə də islahatlar aparılıb. Struktur islahatları aparılıb, hərbi təhsildə islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb. Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaqdır.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki