image-qanunla-reklam
image-photo_43059

İşğalın nəticəsində xarabalığa çevrilmiş Xocalı şəhəri

image-lady-day-az

İşğalın nəticəsində xarabalığa çevrilmiş Xocalı şəhəri.

 Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımı haqqında belə demişdir: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi!
1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutaraq təlafatlar törətdilər. Qısa müddətdə şəhəri alov bürüdü, vahiməyə düşən sakinlər evlərini tərk edib gecənin qaranlığında meşəyə tərəf üz tutdular. Qarşıda isə onları nələrin gözləməsindən tam xəbərsiz idilər.  Qətlə yetirilənlərin sayı, cəsədləri üzərində vəhşiliklər törədilməsi, təhqir edilməsi, ermənilərin vəhşiliyi barədə ötən illərdə çox yazıldığından, yenidən təkrarlamağa lüzum yoxdur. Bu, Ermənistanın Qarabağı ələ keçirmək planının reallaşmasına şəriət yaradan ən böyük amillərdən biri idi. Bütün bunlar qarşıda bizi gözləyən daha böyük itkilərin başlanğıcı oldu.

Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar. Bütövlükdə isə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırımı nəticəsində 613 nəfər, o cümlədən, 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.

Lakin 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi.
Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur və onları ehtiramla yad edir.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev

 

 

 

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşına əbədilik həkk olundu. Lakin xalq Xocalı kədəri, hüznü yaşadığı vaxtda faciənin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən lazımi şəkildə qiymətləndirilmədi. Bunun ilkin nəticəsi belə bir faciənin yaşanmasına gətirib çıxardı. Azərbaycanın o dövrkü iqtidarının sonrakı addımları isə elə faciənin özü qədər dəhşətli oldu. Hakimiyyətdə olanlar Xocalı faciəsini soyqırımı faktı kimi açıqlamadı, bununla bağlı dünya ictimaiyyətinə heç bir məlumatın verilməməsi isə o vaxtkı iqtidarın xalqın dərdinə şərik olmadığını, yalnız öz taleyini düşündüyünü göstərdi.

Yaşanan bu mənzərə belə bir həqiqəti də aydın göstərdi ki, ölkədaxili hakimiyyət mübarizələri dövlət üçün nə qədər təhlükəli və fəlakətli xarakter daşıyır. O zaman həm Azərbaycanın rəsmi rəhbərliyi, həm də ölkədə vəziyyətə təsir etmək imkanı olan siyasi qüvvələr xalqın taleyinə tam biganəlik nümayiş etdirdilər. Dövlət rəhbərliyi bu dəhşətli cinayət haqqında dünya ictimaiyyətinə tam və operativ məlumat vermək üçün heç bir addım atmadı, müxalifət isə qanlı faciədən xalqın narazılıq dalğası üzərində hakimiyyətə gəlmək məqsədi ilə istifadə etdi.

Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü. Beləliklə, erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətə start verildi.

Belə ki, 1994-cü ilin fevralında Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək ermənilərin törətdikləri əməllərin azərbaycanlılara qarşı törədilmiş soyqırımı olduğunu hüquqi cəhətdən təsbit edib. Bununla bağlı qəbul edilmiş qərara əsasən 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da “Xocalı soyqırımı günü” elan olundu. Bu barədə beynəlxalq təşkilatlara məlumat verildi. Xocalı hadisələri barəsində həqiqətin dünya xalqlarına çatdırılması və “Xocalı soyqırımı günü”nün beynəlxalq miqyasda keçirilməsi üçün dünya azərbaycanlılarına müraciət ünvanlandı.

Xocalıda misli görünməmiş qəddarlıqla, vəhşiliklə törədilmiş dinc əhalinin qırğınının dünyanın hər hansı guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı həqiqətləri, ümumiyyətlə, Azərbaycan xalqının ədalətsizcəsinə cəlb olunduğu Ermənistan-Azərbaycan müharibəsinin bütün məşəqqətləri dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı, onların qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır.

44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi.  Əli Xocalı faciəsi qurbanlarının qanına bulaşmış erməni vandallarının bir çoxu İkinci Qarabağ müharibəsi zamanı məhv edildi. Beləliklə, qisas qiyamətə qalmadı. Şübhəsiz ki, qalib və güclü – qüdrətli Azərbaycan dövləti Xocalı soyqırımının sifarişçilərinin və icraçılarının ədalət mühakiməsinə cəlb olunmasına, bu qatillər və canilərin qanun qarşısında cavab vermələrinə – layiqincə cəzalandırılmalarına nail olacaq!

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbinin direktoru-Kəmalə Əliyeva

 

 

Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 32 il ötür. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdi. Şəhəri tərk edən əhali pusquya salındı, erməni hərbi postları tərəfindən atəşə tutularaq qətlə yetirildi, bir hissəsi isə əsir götürüldü. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular.

“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” – deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.

Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları səviyyəsində tanınıb. Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və bu faciəyəyə beynəlxalq siyasi qiymət verilmişdir. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir. Qürurverici haldır ki, “Xocalı şəhidlərinin qanı yerdə qalmadı” – 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru-Rəşad İsmayılov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki