image-qanunla-reklam
image-16799985002801129266_1200x630

İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmışlar

image-lady-day-az

İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmışlar.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub.1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Ermənistan silahlı qüvvələri Laçın rayon mərkəzini intesiv olaraq ağır artilleriya silahlarından atəşə tuturdu. 1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal edib. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsilə daxil olmuşdur.Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan Azərbaycan Silahlı Qüvvələrinin əksər bölmələri Bakıdakı siyasi qarşıdurmalara cəlb olunurdu. Nəticədə, ardıcıl işğal olunan rayonlarımızın sırasına Laçın da qoşuldu. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurmuşdur.İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olumuş və itkin düşmüşdür.Azərbaycanın müxtəlif bölgələrində 77 min nəfərdən artıq Laçın sakini məcburi köçkün qismində yaşayır.Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Rayonun 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilmişdir. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. 6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilmişdir. Həmçinin talan edilmiş Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda “Sotheby`s” auksionunda 80 min ABŞ dollarına satılımışdır.Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirir.Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan sayı 90 mindən az olan erməni azlığın “öz müqəddəratını təyin etmək” və “insan hüquqları” kontekstində təqdim etmək cəhdləri cəfəngiyatdır və heç bir mənəvi, hüquqi və siyasi çərçivəyə sığmır.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Bahar Qurbanova

 

Laçın rayonu 28 il işğal altında idi və bu işğal dövründə rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur

Zəngin yeraltı və yerüstü sərvətlərə malikLaçın rayonu Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon respublikamızın təbii sərvətlərilə zəngin guşələrindəndir. Ərazisində dünyada nadir ağac növlərindən hesab olunan qırmızı dəmirağac meşələri, çox sayda mineral su bulaqları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, cürbəcür dərman bitkiləri vardır. 1924-cü ildə təsis edilmiş rayonun ərazisi 1883 kvadrat kilometr olmuşdur. 1992-ci il mayın 18-də erməni qəsbkarları tərəfindən işğal olunandan sonra rayon əhalisi məcburi köçkün kimi respublikamızın 64 şəhər və rayonunda məskunlaşmışdır. İşğal zamanı yüzlərlə günahsız insan şəhid edilmiş, yaralanmış, 1200-dən artıq körpə yetim qalmış, rayonun bir çox tarixi-dini abidəsi məhv olunmuşdur.Müasir dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış Şanlı Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qüdrətli Azərbaycan ordusu düşmənə layiqli, sarsıdıcı zərbə vuraraq 30 il ərzində işğal altında qalan torpaqlarımızı işğaldan azad etdi və tarixi ədalət bərpa olundu. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Ermənilər Kəlbəcərdə olduğu kimi, Laçını da tərk edərkən dünya ölkələrinin gözləri qarşısında meşələri qırıb taladılar, vəhşicəsinə yandırdılar, ekoloji faciə və fəlakət yaratdılar. Onlar hətta evləri, məktəbləri, tarixi abidələri yandırmaqdan belə çəkinmədilər, bütün maddi-mədəni irsimizi yerlə-yeksan etdilər. Heç bir insanlığa sığmayan bu vəhşi hərəkətləri azmış kimi, apara bilmədikləri ev heyvanlarını qəddarcasına öldürdülər, kommunikasiya xətlərini isə tam yararsız hala saldılar. Onlar təsəvvür edilməsi və dilə gətirilməsi insanlarda vahiməyə səbəb olan bu ləyaqətsiz və yaramaz hərəkətləri ilə əsl simalarını tam çılpaqlığı ilə açıq-aydın göstərdilər. Şübhəsiz ki, onlar törətdikləri hər bir əmələ görə cavab verməli olacaqlar. Onların cəzası beynəlxalq müstəvilərdə, beynəlxalq hüquq tərəfindən veriləcək.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Məleykə Hümbətova

 

 Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində 44 gündən sonra Ermənistan məğlubiyyət sənədinə imza atmalı oldu. Nəticədə rayon və şəhərlərimiz azad olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Azad edilən rayonlar arasında Laçın da var. 1992-ci il mayın 18-dən işğal altında olan Laçında çoxşaxəli aqrar potensial mövcud idi. İşğal nəticəsində Laçının yeraltı və yerüstü sərvətləri düşmən tərəfindən darmadağın edilib, kənd yerlərində çalışan əhali köçkün vəziyyətində ölkənin digər və şəhər rayonlarında məskunlaşmağa məcbur qalıb, yaşayış binaları, ümumi infrastruktur, o cümlədən kənd təsərrüfatı istehsalı üçün zəruri infrastruktur obyektləri sıradan çıxarılıb.Laçın rayonu respublikamızın cənub-qərbində, Qarabağ silsiləsində yerləşir. Rayonun relyefi dağlar və dağlıq yaylalardan ibarətdir. Yetmiş iki min hektar yaylaq və 34 min hektar zəngin meşə sahəsinə malikdir. Ən hündür nöqtəsi isə 3594 metr olan Qızılboğaz dağıdır. Ərazi baxımından Kəlbəcər-Laçın iqtisadi rayonunun tərkibinə daxildir. Qarabağın Kiçik Qafqaz dağlarının şərqində Ermənistan ilə sərhəddə yerləşən rayonudur. Rayonun meşə fondunun əhəmiyyətli hissəsi işğal dövründə Ermənistan tərəfindən məhv edilib. Rayon ərazisində ümumi sahəsi 1092 hektar olan üçüncü dövrün relikt növlərinə aid “Ardıc meşəsi” dövlət təbiət abidəsi kimi xüsusi qiymətli meşə sahələrinin siyahısına daxil olunub. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Alxaslı, Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını yaradır ki, bu çay da Araz çayına qovuşur. Laçın rayonunda Alagöllər, İşıqlı, Qaragöl və s. göllər mövcuddur.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov

 

Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar

Laçını tərk edən erməni əhalisi 1992-ci ildə rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşıb. Ağdam və Kəlbəcərdə olduğu kimi, qeyri-qanuni yaşadıqları əraziləri – Azərbaycan torpaqlarını tərk edən ermənilər Laçından da təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Bunun müqabilində isə Laçından çıxan ermənilər qaldıqları evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər. Bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1992-ci ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. İşğal dövründə Laçın rayonu yüzlərlə şəhid verib, onlarla dinc insan Laçında girov götürülüb. Rayondan köçkün düşən Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət olunub. Artıq bütün kədər və üzüntülər geridə qaldı, digər azad edilmiş ərazilərimiz kimi, Laçının da yeni dövrü başlamışdır.Laçına həyat yenidən qayıdır. Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir və Laçın rayonunda infrastruktur layihələri reallaşdırılır. Laçın şəhərinin işğaldan azad olunması Azərbaycanın müasir tarixinin ən strateji hadisələrindən hesab olunur. Laçın şəhəri hər zaman regionun vacib yaşayış məntəqəsi hesab olunub. Bu hadisə regionda yeni mərhələnin başlanması kimi xarakterizə olunur. Laçına qayıdış mühüm iqtisadi nailiyyətlərə yol açacaq.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Məleykə Hümbətova

 

İkinci Qarabağ müharibəsi başa çatanda rayon bizim nəzarətimizə keçsə də, Laçın şəhəri nəzarətimizdən kənarda idi.

Uzun illər aparılmış danışıqlar əsnasında hər zaman vasitəçilər Laçın rayonuna hansısa xüsusi bir yanaşma sərgiləyirdilər və Ermənistan bütövlükdə Laçın rayonunun Azərbaycana qaytarılmasını qəbuledilməz sayırdı. Halbuki onlar digər rayonlardan da çıxmaq fikrində deyildilər: “İndi – müharibədən iki il yarım keçəndən sonra bu, hər kəsə daha aydın oldu. Beynəlxalq vasitəçilər – ATƏT-in ovaxtkı Minsk qrupu danışıqların aparılması ilə faktiki olaraq bu işğalı möhkəmləndirməyə çalışırdılar.Fransanın Azərbaycana bu ədalətsiz və mənfi münasibəti təsadüfi deyil. Sadəcə olaraq, işğal dövründə bunu müəyyən dərəcədə pərdələmək istəyirdilər, sadəcə olaraq, bizi çaşdırmaq istəyirdilər. Lakin  ikinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində bizə qarşı hansı çirkin əməllər törədilir, hansı əsassız ittihamlar irəli sürülür.  Bu müddət ərzində bütün dünya bir daha hər şeyi gördü. Eyni zamanda, anti-Azərbaycan qüvvələr bizim əyilməz iradəmizi gördü. Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz. Biz bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etmişik, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etmişik. Onları məğlub etmişik və bir daha bütün dünyaya göstərmişik ki, biz istədiyimizə nail oluruq və olacağıq…”.

Bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm də oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir. Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri, demək olar ki, başa çatmaq üzrədir. Laçın və Kəlbəcər rayonlarında yüz kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar salınıb: “Beləliklə, bu gün biz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq və bu mövqelərdə özümüzü gücləndiririk, bu mövqelərdə qalacağıq. Əlbəttə ki, Laçın rayonunun təhlükəsizliyi ilə bağlı başqa addımlar da atılır, tədbirlər görülür və bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar…”.

İkinci Qarabağ müharibəsi başa çatanda rayon bizim nəzarətimizə keçsə də, Laçın şəhəri nəzarətimizdən kənarda idi. Bunun obyektiv səbəbləri vardı. Çünki Ermənistandan Qarabağa gedən və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan yol Laçın şəhərinin ortasından keçirdi. Bundan sonra Azərbaycan Laçın şəhərindən yan keçən alternativ yol çəkdi, Rusiya sülhməramlı qüvvələri öz postlarını yeni yola keçirdilər: “2022-ci il avqustun 26-da biz Zabux, Sus kəndlərinə və Laçın şəhərinə qayıtmışıq. Ondan sonra mən Laçın şəhərinə səfər etdim, Azərbaycan bayrağını şəhərin mərkəzində qaldırdım və bəyan etdim ki, biz artıq bu doğma diyarımızda əbədi yaşayacağıq”.

Zərdab Rayon Gənclər və İdman idarəsinin Rəis müavini-Əvəz Soltanov.

 

 Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar.

Müharibə başa çatan kimi Laçın rayonunun yenidən qurulması ilə bağlı işlərə start verilmişdir. Ancaq Laçın şəhərinin yenidən qurulması keçən il avqustun 26-dan bu yana icra edilir. Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Mənim göstərişimlə bütün bu işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq, bu, sadəcə, birinci mərhələ olacaq. Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar.

Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək. Ermənistanın işğalı dövründə tikilən və xaricdən ermənilərin qanunsuz olaraq köçürüldüyü Zabux kəndindəki evlərdə bizim hərbçilərimiz yerləşir. Zabux kəndinin sakinləri üçün isə tamamilə yeni kənd salınır.Bununla yanaşı, rayonun Güləbird və Qorçu kəndlərinin baş planı təsdiqlənib. Birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur: Bütün bu rəqəmləri nəzərə alaraq, hər kəs görə bilər ki, yaxın gələcəkdə – bu il və gələn il biz Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkün  yerləşdiriləcək. İşğaldan azad edilmiş bütün rayonlarda işlər paralel surətdə aparılacaq. Hər rayonda rayon mərkəzləri – şəhərlər, həmçinin 3-4 kəndin birinci mərhələdə qurulması nəzərdə tutulur. Eyni zamanda ayrı-ayrı rayonlarda birinci mərhələdə bəzi yerlərdə bir neçə kəndin sakinlərinin bir yerə cəmləşdirilməsi nəzərdə tutulur. Çünki bu, həm onların yaşaması, eyni zamanda, nəqliyyat-logistika məsələlərinin həlli üçün daha əlverişlidir.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki