image-qanunla-reklam
image-img_20201001_104325_085

“İrəli” əmrini səbrlə gözləmiş Azərbaycan xalqı

image-lady-day-az

“İrəli” əmrini səbrlə gözləmiş Azərbaycan xalqı.

Cənnət Qarabağımız, 30 ilə yaxın idi ki, mənfur qonşularımızın işğalı altında olan torpaqlarımız  həqiqi sahiblərini gözləyirdi. Nəhayət, o tarixi gün gəldi… Ötən il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı və birbaşa mülki əhalini hədəfə alması səbrimizi daşıran son damla oldu. Ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev döyüş əmri verməyə məcbur oldu. “Vətən bizi çağırır!” – deyə ayağa qalxan minlərlə könüllü Vətən övladı bu döyüşlərdə iştirak etmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdi. Həmin günlərdə hər bir Azərbaycan vətəndaşı torpaqlarımıza göz dikən erməni vandallarından qisas almaq üçün könüllü olaraq ordu sıralarına qoşulmaq istəyirdi. Bu kütləvi müraciətlər, xalqımızın bir nəfər kimi ayağa qalxması istər-istəməz insanı qürurlandırır, köksünü qabardırdı.
Beləcə, Azərbaycan Ordusu əmrə əsasən Vətən uğrunda, haqq-ədalət naminə ölüm-dirim savaşına başladı. Öz gücünə, qüvvəsinə inanan Ordumuz qorxmadan, yorulmadan, qətiyyətlə, əzmlə torpaqlarımızın azadlığı uğrunda savaşdı, əyilməzliyini, qətiyyətini bütün dünyaya bəyan etdi. Ali Baş Komandan cənab İlham Əliyev haqlı olaraq bildirirdi: “Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar”.
Bəli, Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, qüdrətini, mübarizliyini nümayiş etdirdi.
Azərbaycan əsgəri bu savaşda əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Azərbaycan əsgəri düşmənin 30 il ərzində qurduğu, külli miqdarda vəsait sərf etdiyi nəhəng istehkamları qısa müddətdə darmadağın etdi. Azərbaycan əsgəri uğrunda vuruşduğu Vətən torpaqlarına üçrəngli bayrağımızı sancmaq şərəfinə nail oldu, xalqımıza tarixi qələbə sevincini bəxş etdi. Qorxmadan, çəkinmədən, düşmənə meydan oxuyaraq qələbəni təmin etdi. Bir şeirdə deyildiyi kimi: Millətin qürurunu sən özünə qaytardın, Qalibiyyət bayrağın zirvələrə apardın, Azərbaycan əsgəri!
Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.

Ağayeva İradə Qurban qızı
Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki