İran bundan sonra Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossini ölkə daxilindəki nüvə obyektlərinə buraxmayacaq və həmin obyektlərdə Agentliyə məxsus nəzarət kameralarının quraşdırılmasına icazə verməyəcək.
Musavat.com xəbər verir ki, bu barədə İran parlamentinin sədr müavini Həmid Rza Hacı Babayi Mehr informasiya agentliyinə açıqlamasında bildirib.
O qeyd edib ki, Tehran bu qərarı MAQATE-nin topladığı məlumatların İsrailin sənədləri arasında ortaya çıxmasından sonra verib.
“12 günlük müharibə son 47 ildə ABŞ-ın İran millətinə qarşı apardığı düşmənçiliyin davamıdır. Bu düşmənçilik raketlərə və ya nüvə proqramına qarşı deyil – birbaşa İran xalqına qarşı yönəlib. ABŞ qorxur ki, 90 milyonluq və 7 minillik sivilizasiyaya sahib olan İran onların regionda hegemonluq planlarına imkan verməyəcək”, – deyə Hacı Babayi vurğulayıb.
O, əlavə edib ki, düşmənin təzyiqləri nə qədər artsa, İran xalqının cavabı bir o qədər sərt olacaq.
Xatırladaq ki, son aylarda İran və MAQATE arasında əməkdaşlıq ciddi gərginliklərlə müşayiət olunur. Tehran bir neçə dəfə Agentliyi “siyasi qərəz”də və Qərbin maraqlarına xidmət etməkdə ittiham edib. Bu isə yaxın aylarda regionda gərginliyin daha da artacağına dair ehtimalları gücləndirir.