İqtisadi inkişafla bağlı heç bir narahatlıq yoxdur
Cənab Prezident İlham Əliyev yerli televiziya kanalarına verdiyi müsahibə zamanı ölkəmiz, regionumuz üçün mühüm, vacib məsələlərə toxundu. Digər məsələlərlə yanaşı cənab Prezident öz çıxışı zamanı bölgələrin iqtisadi inkişaf məsələsinə xüsusi yer ayırdı. Eyni zamanda Cənab Prezident ölkəmizin müxtəlif bölgələrində vətəndaşlara xidmətin yüksəldilməsinə xüsusi nəzarət mexanizimlərinin yaradıldığını diqqətə çatdırdı və qeyd etdi ki, bölgələrdən gələn siqnallar xüsusiə yoxlanılır. Ümumi olaraq nəzər saldıqda Ali Baş Komandanın yerli televiziya kanallarına verdiyi müsahibəni 2025-ci ilin yekun hesabat çıxışı kimi qiymətləndirmək olar. 2025-ci il Azərbaycan Respublikasının müasir siyasi tarixində xüsusi yer tutan, dönüş xarakterli bir mərhələ kimi qiymətləndirilir. Bu il təkcə hərbi qarşıdurmaların yekunlaşması ilə deyil, eyni zamanda sülhün, sabitliyin və davamlı inkişafın real siyasi platformaya çevrilməsi ilə yadda qalmışdır. Müstəqillik əldə edildikdən sonra Azərbaycan faktiki olaraq müharibə şəraitində yaşamış, təhlükəsizlik və müdafiə məsələləri dövlət siyasətinin əsas prioritetinə çevrilmişdir. 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri nəticəsində ölkənin ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş, 2025-ci ildə isə bu qələbələr siyasi müstəvidə möhürlənmişdir. Sülh şəraiti yalnız silahların susması demək deyil. Bu, cəmiyyətin psixoloji rahatlığı, investisiya mühitinin yaxşılaşması, sosial rifahın yüksəlməsi və dövlətin uzunmüddətli strateji planlarını maneəsiz həyata keçirməsi üçün əsas şərtdir. Xarici siyasət müstəvisində 2025-ci il mühüm dönüş nöqtəsi olmuşdur. Xüsusilə Azərbaycan–ABŞ münasibətlərində illərdir mövcud olan 907-ci düzəliş probleminin faktiki olaraq aradan qalxması yeni əməkdaşlıq imkanları açmışdır. Azərbaycanın çoxvektorlu xarici siyasəti Çinlə hərtərəfli strateji tərəfdaşlıq, Mərkəzi Asiya ölkələri və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın gücləndirilməsi ilə daha da möhkəmlənmişdir. Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqəni təmin etməklə yanaşı, regionun nəqliyyat-logistika xəritəsini dəyişən strateji layihədir. İqtisadi dayanıqlılıq, artan valyuta ehtiyatları və aşağı xarici borc göstəriciləri Azərbaycanın iqtisadi müstəqilliyini təmin edir və sosial siyasətin genişlənməsinə imkan yaradır. Azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri artıq on minlərlə insanın doğma torpaqlara qayıtmasını təmin etmişdir. Nəticə etibarilə, 2025-ci il Azərbaycan üçün sülhə əsaslanan inkişaf modelinin başlanğıcı, yeni siyasi mərhələnin möhkəm təməlidir.
Əlvənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru E. Xəlilov




















