İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz.
İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük Qayıdış” proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir. Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk. Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır. Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək. ECO-ya üzv ölkələrlə əlaqələrimiz uğurla inkişaf edir. Keçən il tarixdə ilk dəfə olaraq ECO məkanında COP29 konfransı keçirilmişdir. Bu konfransda 197 ölkə, 70 dövlət və hökumət başçısı iştirak etmiş, 77 min şəxs qeydiyyatdan keçmişdir. Konfransda əldə edilmiş əsas nailiyyətlər inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılması, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi və karbon bazarları barədə razılaşmalardan ibarət olmuşdur. Şuşada ECO-nun Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil edilmişdir. Forumda iştirak etmiş nümayəndələr bu gün burada görülmüş işlərlə bağlı məruzələr təqdim edəcəklər. ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin olunması istiqamətində işlər davam edir. 2026-cı ilin Şuşa şəhərinin “ECO-nun Turizm paytaxtı” elan edilməsinə görə təşəkkürümü bildirirəm. İqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək üçün bu gün müzakirə ediləcək məsələlər xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycana gəldikdə, bizim ölkəmizdə çox müsbət sərmayə iqlimi vardır. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə biz dünyada ön sıralardayıq. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir.
Veteran müəllim Vəfadar Niftəliyev