image-qanunla-reklam
image-1709188783

İlk dəfədir ki, Xocalı soyqırımı günü Xocalıda qeyd olunur

image-lady-day-az

İlk dəfədir ki, Xocalı soyqırımı günü Xocalıda qeyd olunur.

Prezident İlham Əliyevin Xocalıda ictimaiyyət nümayəndələri ilə keçirdiyi görüş, burada verilən mesajlar bir daha təsdiqlədi ki, 20 sentyabrdan etibarən Xocalının da artıq yeni parlaq tarixi, yeni inkişaf dövrü başlayıb. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, 20 sentyabr artıq bu bölgənin əsas azadlıq və bayram günüdür. Təbii ki, 44 günlük müharibədə necə ki, Şuşasız bizim işimiz yarımçıq qala bilərdi, eləcə də Xocalısız  ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Son 32 ildə ilk dəfə Xocalı soyqırımı qurbanlarının xatirəsi Xocalıda anıldı. Dövlət başçımız Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün memorial kompleksin təməlini qoydu. Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılacaq Xocalı Soyqırımı Memorialı bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır. Bu kompleks üçün ən uyğun məkan təbii ki, Xocalıdır. Prezident İlham Əliyevin də söylədiyi kimi, əslində kompleksin layihəsi çoxdan hazır olsa da, Xocalıya qayıdacağımız günü gözlədiyimiz üçün bu vaxta qədər həmin memorialın tikintisi təxirə salınırdı. Dövlət başçımızın bu sözləri hər birimizi təsirləndirdi. Bu, bir daha onu göstərdi ki,  Xocalıya qayıdışla bağlı heç vaxt şübhə olmayıb.Prezident İlham Əliyev Ali Baş Komandan kimi sona qədər hər zaman ərazilərimizin hər bir qarışının azad olunması istiqamətində çalışıb. 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bizi əsas hədəfimizə çatdırdı. Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək.Soydaşlarımız bu torpaqlara qayıdacaq. Məlumdur ki, 2008-ci ildən “Xocalıya ədalət” kampaniyası çərçivəsində soyqırımın dünyaya tanıdılması istiqamətində fəal iş aparılır. Amma dövlət başçımızın da söylədiyi kimi, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. Faciəni soyqırım kimi tanıyan 18 ölkənin arasında böyük dövlətlərin adlarının olmaması reallığın nədən ibarət olduğunu söyləməyə əsas verir. Beynəlxalq təşkilatların susqunluğu, böyük dövlətlərin biganəliyi ona gətirib çıxardı ki, Azərbaycan Xocalıya ədaləti döyüş meydanında təmin etdi.Bu, həm də tarixi ədalətin bərpası idi. Bu ədalət nəticəsində biz Xocalıya qayıtdıq, burada həyat yenidən başlayır.Şəhidlərimizin, soyqırım qurbanlarının ruhu şaddır. Amma Azərbaycan xalqı 20-ci əsrin ən qanlı cinayətini – Xocalı soyqırımını heç vaxt unutmayacaq.

Zərdab Gənclər evinin metodisti – Toğrul Abulov

 

 

 

Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir.

2024-cü ilin fevraılın 26-da ilk dəfə olaraq Xocalı faciəsinin qurbanlarının əziz xatirəsi onların doğma şəhərində, faciənin baş verdiyi yerdə anılıb. Həmin gün Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyub. Ermənilərin Xocalı soyqırımı kimi bəşəri cinayətlərindən keçən 32 ildən sonra artıq azad Xocalıya qayıdırıq. Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, rəşadətli Ordumuzun, xalqımızın milli  birliyinin nəticəsidir. Xocalıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışında Ali Baş Komandanımız demişdir: «Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın. Düzdür, buna 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün bizə imkan yaradırdı.» Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, təssüflər olsun ki, hələ də  «Xocalıya ədalət!» çağırışımız beynəlxalq ictimaiyyət tərəfindən cavabsız qaldı. Bir çox beynəlxalq təşkilatlar bu faciəyə biganəlik nümayiş etdirdilər. Ötən müddət ərzində Azərbaycan dövləti, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, Heydər Əliyev Fondu və ölkəmizin bir sıra ictimai təşkilatları Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərdilər. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış «Xocalıya ədalət!» kampaniyası dünyanın müxtəlif yerlərində özünü göstərdi, bir çox tədbirlər, təqdimatlar həyata keçirildi, kitablar, məqalələr dərc edildi, sərgilər təşkil olundu. Bu qanlı cinayət barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün bir çox səylər göstərildi. Görülən işlər nəticəsində artıq 18 ölkə bu qanlı faciəni soyqırımı kimi tanıdı, lakin bu ölkələrin arasında hələ də böyük dövlətlərin adlarına rast gəlinmir. Bəli, bu gün Xocalı soyqırımını görməzdən gəlmək bəşəri cinayətlərə haqq qazandırmaq qədər riyakarlıqdır.  Bu həm də o Ermənistan kimi avantürist və barbar ölkəyə dayaq olmaq deməkdir. Lakin İkinci Qarabağ müharibəsində dünya gördü və anladı ki, Azərbaycan dövləti işğalçı Ermənistanı necə diz çökdürdü. Yəni, qiasa qiyamətə qalmadı. Ölkəmizin başçısı fevralın 26-da Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bu barədə deyib: «Bu gün dünyanın müxtəlif yerlərində baş verən hadisələr, müharibələr, qanlı toqquşmalar bir daha onu göstərir ki, Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm bacarıqlıdır, həm də eyni zamanda, əməliyyatları elə aparır ki, qısa müddət ərzində həlli mümkün olmayan kimi sayılan əməliyyatlar aparılmışdır, onlardan da biri, bəlkə də birincisi Şuşa əməliyyatıdır. Bu gün isə biz buradayıq, burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir. Xocalı bu gün qurulur, indi gedib quruculuq işləri ilə tanış olarıq. Bütün digər ərazilərdə quruculuq işləri aparılır və bu gün burada Xocalı Soyqırımı Memorialının təməli qoyulacaqdır. Xocalı qurbanlarının bu gün ruhu şaddır, Allah onlara rəhmət eləsin.» Azərbaycanın hərbi qüdrəti kimi, iqtisadi qüdrəti də imkan verir ki, işğaldan azad edilmiş rayon və kəndlərdə tikinti -quruculuq işləri sürətlə davam etsin. Hazırda işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirillir, keçmiş məcburu köçkün ailələri tədricən  öz döğma yurdlarına qayıdırlar. Həmin ərazilərdə bütün lazımı infrastrukturlar yaradılır, yollar çəkilir, evlər və sosial obyektlər tikilir. Ötən il sentyabrın 20-də Xocalı işğaldan tam azad edildikdən sonra ölkə başçısının tapşırıqlarına uyğun olaraq burada da bərpa işlərinə başlanılıb. Prezident bu haqda deyib: «Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar.

Cəlal Mecidli – Zərdab Gənclər evi SXM-in metodisti

 

 

Azərbaycan xalqı inanırdı ki, biz Xocalıya qayıdacağıq.

Fevralın 26-da Prezident cəna İlham Əliyev Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü və Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş memorial kompleksin təməlini qoydu. Bu, kifayət qədər səmimi görüş, yaşanmış emosiyalar isə xalq-dövlət birliyinin daha bir açıq təzahürü idi. Əminəm, Azərbaycan ictimaiyyəti gələcəkdə yazılacaq müxtəlif memuarların səhifələrində bu görüşün təfərrüatları haqqında çox sayda yeni və maraqlı faktlarla tanış ola biləcək. Hadisənin emosional yükünü nəzərə alaraq, habelə Xocalı soyqırımının Azərbaycan xalqının tarixinin ən acı səhifələrindən birini təşkil etdiyi üçün sözsüz ki, Xocalıda Soyqırımı Memorialının təməlqoyma mərasimi unudulmayacaq və milli yaddaşımızın ayrılmaz parçasına çevriləcək. Bütün bu məqamları dəyərləndirərkən ilk baxışdan bir o qədər də diqqət cəlb etməyən Prezident İlham Əliyevin bu fikirləri üzərindən kiçik təhlil aparmaq istərdik: “Otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün bu gün burada – 26 fevral günündə memorial kompleksin təməli qoyulacaq. Onu bildirməliyəm ki, bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq”. Prezidentin siyasi strategiyasının təhlili kontekstində heç şübhəsiz ki, yuxarıda qeyd olunan fikirlərinin açar ifadələri bunlardır: “bu layihə çoxdan hazır idi”, “memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım”, “sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq”. Əslində, yuxarıda qeyd olunan bir neçə cümlədə biz Prezidentin dövlətçilik siyasətinin əsas xüsusiyyət və prinsiplərini görə bilərik. Onları aydın və lakonik şəkildə təsvir etməyə çalışaq. Yuxarıda qeyd olunan sözlər ilk növbədə aydın şəkildə bizlərə göstərir ki, cənab Prezident heç bir zaman təsadüfi addımlar atmır, qəbul etdiyi qərarlar isə perspektiv xarakterlidir. Dövlət başçısının qərarları heç zaman situativ xarakterli olmamışdır. Mütləq olaraq və xüsusi vurğulayaraq qeyd etməliyik ki, sözügedən xüsusiyyət yalnız milli maraqlara sadiq olan peşəkar siyasətçilərə məxsusdur. Ucuz reytinqə qulluq edən və bir günlük siyasi dividend əldə etmək istəyən demaqoqlar isə öz fəaliyyətini məsuliyyətsiz bəyanatların verilməsi ilə məhdudlaşdırar. Prezident İlham Əliyevin “sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq” sözlərinin növbəti təsbiti qeyd etmək üçün əsas verirlər: gələcəyə hesablanmış siyasəti reallaşdıran Prezident İlham Əliyevi hər zaman uğurlu edən əsas amillər onun gələcəyə olan inamı və fəaliyyətində gücünü məhz xalqın dəstəyindən almasıdır. Dövlət siyasətində “inam” və “xalqın dəstəyi” kimi amillər tükənməz güc mənbəyidirlər. Odur ki, çəkinmədən deyə bilərik ki, hər iki məfhum mütləq olaraq milli ideologiyamızın əsas anlayışlarından olmaq haqqını qazanıblar.Dövlət başçısının yuxarıda qeyd olunan fikirləri bizlərə onu da göstərir ki, zamanında cavabsız qalmış bəzi sualların cavablarını biz real həyatda əldə olunmuş nəticələrdə, uğurlarda görürük. Bəzi qərəzli tənqidlərin cavabsız qalmasının əsas səbəbi budur ki, vaxtından tez verilmiş şərhlər və ya cavablar müəyyən olunmuş hədəflərə aparan siyasi strategiyanı ifşa edə bilər. İfşa olunmuş strategiya isə hədəflərin nail olunması üçün əsaslı maneələrin yaranmasına səbəb ola bilər. Qeyd olunan mülahizə bir daha onu göstərir ki, Prezident İlham Əliyev populist siyasətdən və ucuz siyasi dividend qazandıran demaqogiyadan çox uzaqdır. Odur ki, bu gün fəxrlə danışdığımız uğurlar məhz ölkəmizin qüdrətini artıran strategiyanın mərhələli şəkildə reallaşmasının təzahürüdür.

Jalə Kərimli – Zərdab Gənclər Evi Sosial Xidmət müəssisəsinin direktoru

 

 

Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək.

Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Xocalıda, yenidən inşa edilən Əsgəran-Xocalı yolunun üstündəki mənzərəli bir məkanda Memorial Kompleksin təməlini qoyan dövlətimizin başçısı öz çıxışında yenidən bütün dünyaya bəyan etdi ki, biz ermənilərin törətdikləri vəhşilikləri, onların insanlığa sığmayan cinayətlərini heç zaman unutmayacağıq. Çünki o qanlı soyqırımından bəhs edən foto və video sənədləri qəzəbsiz izləmək mümkün deyil, 30 il yox, 300 il keçsə də bu qəzəb bizi buraxmayacaq. Ancaq biz tarixi ədaləti bərpa etmişik, günahsız Xocalı qurbanlarının qisası, onların qanı döyüş meydanında alınıb. Özü də beynəlxalq humanitar hüquqa uyğun olaraq. Çünki biz ermənilərdən fərqli olaraq heç zaman dinc insanlarla mübarizə, müharibə aparmamışıq. Biz övladları haqq işi uğrunda, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda ölümün üstünə yeriyən böyük, müdrik bir xalqıq. Yeri gəlmişkən, Prezident cənab İlham Əliyevin çıxışından məlum oldu ki, Xocalı qurbanlarına həsr olunmuş Memorial Kompleksin layihəsi çoxdan hazır imiş. Ancaq onun Bakı şəhərində tikintisi hər il təxirə salınıb. Çünki Azərbaycan xalqı, o cümlədən biz xocalılılar Qarabağın, Xocalının işğaldan azad ediləcəyinə inanırdıq, Müzəffər Ali Baş Komandanımız isə bunu reallaşdırmaq üçün qətiyyətlə, sarsılmaz iradə ilə çalışırdı. Bilirdi ki, biz Xocalıya qayıdacağıq, bu kompleksin təməlini məhz burada atacaq. Memorial Kompleksin yerləşəcəyi yerdən 1992-ci ildə ermənilərin Xocalının dinc sakinlərinə qarşı kütləvi soyqırımı törətdikləri ərazilər görünür. Bu isə o deməkdir ki, gələcək nəsillər də hər dəfə kompleksi ziyarət edəndə hər qarışı şəhid qanı ilə yoğrulmuş o müqəddəs yerlərimizi də tanıyacaq, yaddaşlarında əbədi saxlayacaqlar. Mənfur düşmən soyqırımı törətdiyi, doğma torpaqlarından didərgin saldığı xocalılıların evlərinə separatçıları və xarici ölkələrdən olan erməniləri yerləşdirmişdi, əzəli yurdumuzun tarixi adını dəyişdirməyə çalışmışdılar. Ancaq sentyabrın 20-də suverenliyimizi tam bərpa edəndən sonra Azərbaycan Prezidenti dərhal ilk növbədə Xocalıda evlərin bərpa edilməsi ilə bağlı göstəriş verdi. Cəmi beş ay sonra artıq böyük tikinti meydançasını xatırladan Xocalının hər yerində şər üzərində qalib gəlmiş ədalətin mübarizəsinin nəticəsi kimi yeni tikilən, bərpa edilən yaraşıqlı yaşayış evləri, yollar, inzibati binalar şəhərin tezliklə yeni simasına qovuşacağından xəbər verir. Küçələri ilə addımladıqca Böyük Qayıdış günümüzün çox da uzaq olmadığına bir daha əmin olduq. Əmin olduq ki, 32 ildən sonra ilk dəfə addımladığımız Xocalı küçələrində bizimlə birgə olan Müzəffər Ali Baş Komandanımız ən yaxın zamanda əbədi yaşamaq üçün doğma şəhərinə dönən ilk sakinlərə öz xeyir-duasını verəcək!

Cəlal Mecidli – Zərdab Gənclər evi SXM-in metodisti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki