image-qanunla-reklam
image-363337858_840998620713251_6370580825655558970_n

İkitərəfli əlaqələrdə əldə etdiyimiz nailiyyətlər çox uzun bir yolun başlanğıcıdır

image-lady-day-az

İkitərəfli əlaqələrdə əldə etdiyimiz nailiyyətlər çox uzun bir yolun başlanğıcıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına verdiyi müsahibə iyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlanıb. Dünyanın nəhəng media şirkətlərindən biri olan “China Media Group”unb indiki vaxtda Azərbaycan Prezidentindən müsahibə alması siyasi dəngələrin dəyişdiyi çox mühüm bir vaxta düşür. Belə bir dönəmdə ölkəmizin başçısının baş verən hadisələrə münasibətinin öyrənilməsi və Azərbaycanın gələcəyə baxış siyasətinin mahiyyətini izləmək baxımından olduqca önəmlidir. Cənab Prezident ona ünvanlanmış hər bir sualın arxasında siyasi məqsədlərin olduğunu, əslində isə dünyaya Azərbaycandan və əksinə baxışların hansı effekt verəcəyini bildiyindən özünün diplomatik imkanlarından geniş şəkildə istifadə etmişdir.

Azərbaycan-Çin münasibətlərinin əsasını qoyan Ulu Öndər Heydər Əliyevin bu münasibətlərin inkişafında maraqlı olduğunu qeyd edən cənab Prezident bildirmişdir ki, “onun əsas xarici siyasət prioritetlərindən biri Çinlə ikitərəfli münasibətlər qurmaq idi. Xatırlayıram ki, o, Çinə rəsmi səfərdən böyük təəssüratla qayıtmışdı. Heydər Əliyev Çinin artmaqda olan gücünü, həmrəy cəmiyyətini və aydın məqsədlərə malik ölkəni gördü – bunlar təxminən 30 il öncə baş vermişdi.” Hazırkı dövrdə dünyanın dəyişməkdə olan geosiyasi mənzərəsi fonunda Azərbaycanın iqtisadi və sosial baxımdan özü üçün nadir inkişaf yolu yaratdığını və bu gün həmin yolla addımladığını qeyd edən ölkə başçısı Çin-Azərbaycan münasibətlərinin də yüksək səviyyədə inkişaf etdiyini və gələcəkdə daha da genişlənəcəyini ifadə edərək bildirmişdir: “Hesab edirəm ki, ikitərəfli əlaqələrdə əldə etdiyimiz nailiyyətlər çox uzun bir yolun başlanğıcıdır. Ümid edirəm ki, bu, strateji əməkdaşlıq yolunun başlanğıcıdır. Çünki bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür. İqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və böyük potensial xüsusilə göz qabağındadır. Biz ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaqdır.” Göründüyü kimi Azərbaycan liderinin ilk növbədə bütün inkişaf tendensiyalarının regional təhlükəsizlikdən keçdiyini dəfələrlə vurğulaması və bu sahədə konkret addımlar atması, dünya güclərinin diqqətini cəlb etmişdir. Məhz cənab Prezidentin bu qətiyyətli siyasəti dünyanın üzünü cənubi Qafqaza çevirməsinə və indiki dövrdə mühüm nəqliyyat dəhlizlərinin buradan keçməsi fonunda bu regionda hər cür ikili standartlardan imtina edib həqiqətin yanında durması istiqamətini seçməsinə səbəb olmuşdur.

Pandemiya dövründə Çin rəhbərliyinin Azərbaycana münasibətini xüsusi vurğulayan cənab Prezident bir məktuba dərhal cavab verildiyini və kifayət qədər peyvəndin qısa müddət ərzində tədarük edilərək göndərildiyini xatırladaraq bunun da məhz dostluq münasibətlərinin bir nümunəsi olduğunu bildirmişdir. İnkişafımızın hədəflərindən biri regional bağlantı mərkəzinə çevrilmək olduğunu bildirən ölkə başçısı bu baxımdan Azərbaycanın coğrafi üstünlüklərinin olduğunu, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşməsini diqqətə çatdırmış, nəqliyyat infrastrukturunun olmaması səbəbindən bizim coğrafiyadan istifadə edilmədiyini qeyd etmişdir. Lakin 15 il əvvəl nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna başlanması Azərbaycanın mühüm tranzit ölkəsi olmaq arzusunun reallaşmasında kifayət qədər uğurlu nəticələrə səbəb olmuşdur.

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

 

 

Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb.

Coğrafi baxımdan biri-birindən uzaq olan Çin ilə Azərbaycan biri-birindən uzaq məsafədə yerləşsə də, hər iki xalq arasında tarixən dostluq əlaqələri həmişə mövcud olub. Münasibətlərin yaranmasında tarixi İpək yolu vacib rol oynayıb. Bu səbəbdən Çin və Azərbaycan arasında əlaqələr qədim tarixə malikdir.

Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin apardığı strategiyanın əsaslarından biri olan Çin Xalq Respublikası ilə münasibətlərin inkişafına xüsusi diqqətin ayrılması iqtisadi, siyasi, mədəni sahələrdə əməkdaşlıq əlaqələri artıq yeni mərhələyə qədəm qoymuşdur. Ölkəmizin xaricdə təsis etdiyi ilk diplomatik nümayəndəliklərindən birinin məhz Çin Xalq Respublikasında açılması bu dövlətə verilən diqqətdir.

Ötən illərə nəzər yetirsək görərik ki, Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsində də müsbət dinamika var. Azərbaycanın müstəqilliyini taniyan ölkələrdən biri də məhz Çin Xalq Respublikasıdır – 27 dekabr 1991-ci il. Çin və Azərbaycan arasında diplomatik münasibətlər isə 2 aprel 1992-ci ildə qurulmuşdur. Bu müddət ərzində formalaşmış siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, turizm, təhsil kimi sahələrdə əməkdaşlıq münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə yüksək səviyyədədir. Xüsusilə də 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Çinə səfərindən sonra iki ölkə arasında əlaqələr genişləndirilmiş və həmin səfər ölkələr arasında ikitərəfli münasibətlərin təməlini qoymuşdur ki, bu gün bu siyasət cənab İlham Əliyev tərəfindən daha da möhkəmləndirilir.

Ulu Öndər Heydər Əliyevin adı tariximizə müasir Azərbaycanın qurucusu kimi qızıl hərflərlə yazılıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bəyan etdiyi kimi, Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi. O, həmçinin bu gün də rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan xalqı vəziyyətdən xilas yolunu yalnız Ulu Öndər Heydər Əliyevdə görürdü və ən çətin vaxtda onu ölkə rəhbərliyinə dəvət etdi. 1993-cü ildə Azərbaycanda hökm sürən təlatümlü vəziyyətdə Heydər Əliyevin respublikaya rəhbərliyi öz üzərinə götürməsi çox cəsur addım idi. Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət ötən 30 il ərzində bizə çoxsaylı uğurlar bəxş edib və həmin siyasət bu gün də Azərbaycanı irəliyə aparır. Ulu Öndər Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bunun təməli məhz o vaxt qoyulub.

Çin və Azərbaycanın dövlət rəhbərlərinin bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək istiqamətindən əminliklə demək olar ki, bu dostluq münasibətləri bundan sonra da uğurla davam etdiriləcəkdir.

 Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva

 

 

Şəhərlərimizin əsl orijinallığını və nailiyyətlərini qoruyub saxlayırıq.

Azərbaycan Prezidenti cənab İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi iyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlanıb.

Müsahibə zamanı müxbir ölkəmizin və şəhərin nə dərəcədə müasir olması onlarda dərin təəssürat yaratdığını və getdikləri hər yerdə bir Azərbaycan elementinin varlığından söhbət açıblar. Prezidentimizin də vurğuladığı kimi biz möhtəşəm şəhərlərimizin əsl orijinallığını, nailiyyətlərini qoruyub saxlamaqla yanaşı, eyni zamanda, biz ölkəmizi müasirləşdirmək üçün çalışırıq. Bakıda gördüyümüz müasirliklə ənənələrin inteqrasiyasıdır və onlar bir-birinə qarşı çıxmır, bir-birinə zidd deyil. Bu, məqsədyönlü şəkildə edilib, çünki Bakı kimi tarixi şəhərdə ilk məqsəd tariximizi və memarlıq abidələrini qorumaqdır. Eyni zamanda, şəhərə inkişaf etmək imkanı verilməlidir. Bakıda hər iki məqamı duya bilərik. Təbii ki,  bu, həqiqətən ölkəmiz üçün mühüm nailiyyətdir.

Azərbaycanda rəqəmsal transformasiya hökumətin gündəliyində duran prioritetlərdən biridir. Ölkənin işğaldan azad edilmiş ərazilərində “ağıllı şəhər” və “ağıllı kənd”lərin qurulması, eləcə də ənənəvi şəhərlərin “ağıllı şəhər”lərə transformasiyası qarşıda duran əsas hədəflərdir.

Müasir Bakının ruhu həqiqətən də cəlbedicidir. Qədim tarixlə zəngin Bakı bu gün də dinamik inkişaf edir. Müasir üslublu muzeylər, teatrlar, konsert zalları, Dənizkənarı Milli Park, eyni zamanda milli və xarici mətbəxi ilə seçilən kafelər, restoranlar fəaliyyət göstərir.

Hazırda Bakının sosial və ictimai həyatı da çox dinamikdir. Burada keçirilən mühüm konfranslar, festivallar, sərgilər, idman yarışları və digər beynəlxalq tədbirlər Bakının regionda əhəmiyyətini artırır. Şəhərin ən böyük sərvəti isə onun sakinləridir. Paytaxt sakinlərinin qonaqpərvərliyi və səmimiliyi hər bir insanda unudulmaz xoş təəssüratlar yaradır. Hələ 1882-ci ildə  ən iri yerli neft şirkətinin sahibləri olan Nobel qardaşları “Bakı  bütün dünyanı işıqlandıra və ona rəng qata bilər” deyirdi.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

 

 

Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb.

İpək Yolunun tarixi ticarət marşrutları Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçmişdir. Bu səbəbdən Çin və Azərbaycan arasında əlaqələr qədim tarixə malikdir.

1994-cü il 7-10 mart tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasında rəsmi səfərdə olmuşdur. Prezident Çin Xalq Respublikasının sədri Tszyan Tszemin, baş naziri Li Pen ilə rəsmi görüşlər keçirib. Səfər zamanı iki dövlət arasında 8 müqavilə imzalanıb.

Elə həmin gün Tszyan Tszemin və Heydər Əliyev ÇXR ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat imzalamışlar. İki ölkə arasında hava yolunun açılması haqqında, elmi-texniki və mədəni əməkdaşlıq, təbabət, radio və televiziya, turizm sahəsində qarşılıqlı fəaliyyət haqqında sazişlər də bağlanıb.

Çin və Azərbaycan respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.

Bu il anadan olmasının 100-cü ildönümünü qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin adı tariximizə müasir Azərbaycanın qurucusu kimi qızıl hərflərlə yazılıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bəyan etdiyi kimi, Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi. O, həmçinin bu gün də rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan xalqı vəziyyətdən xilas yolunu yalnız Ulu Öndər Heydər Əliyevdə görürdü və ən çətin vaxtda onu ölkə rəhbərliyinə dəvət etdi. 1993-cü ildə Azərbaycanda hökm sürən təlatümlü vəziyyətdə Heydər Əliyevin respublikaya rəhbərliyi öz üzərinə götürməsi çox cəsur addım idi.

Zərdab şəhər sakini fəal gənc Kəmalə Xəlilli

 

 

“Bir kəmər, bir yol” layihəsinə qoşularkən Azərbaycanın artıq hazır infrastrukturu var idi.

Azərbaycan Cənubi Qafqaz regionunda çox önəmli bir ölkədir. Şimal ilə Cənubun, Şərq ilə Qərbin qovuşuğunda yerləşir, Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Bu baxımdan Azərbaycan nəqliyyat və geosiyasi mövqe üstünlüyünə malikdir. Qədim İpək Yolu və müasir “Bir kəmər, bir yol” strategiyası üçün çox vacib rol oynayan Azərbaycanın nəqliyyat-logistika üstünlüyü açıq şəkildə özünü göstərir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanıb.

Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri nəticəsində Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır.

Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi önəmli infrastruktur layihələri “Bir kəmər, bir yol” təşəbbüsü və ümumilikdə regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır. Bir müddət əvvəl istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti sayəsində Çindən Avropaya yüklərin daşınma müddəti xeyli azalıb. Bu, o deməkdir ki, Çindən daşınan yüklər iki həftə müddətində Azərbaycandan keçərək Avropaya çatır. Bakı-Tbilisi-Qars layihəsi həm də Azərbaycanın dəmir yolu nəqliyyatı sahəsində çox mühüm rol oynadığını nümayiş etdirir.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova

 

 

Müasir Azərbaycanın qurucusu.

Tarixdə elə şəxsiyyətlər olur ki, onların həyat və fəaliyyəti bütöv bir xalqın, millətin, dövlətin inkişaf yolunu müəyyənləşdirir. Ötən əsrin və yeni minilliyin görkəmli siyasi və dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev zamanın fövqündə duran belə nadir, fenomen şəxsiyyətlərdəndir. Azərbaycanın siyasi, iqtisadi, mədəni, sosial həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev dühası, Heydər Əliyev qüdrəti, Heydər Əliyev qayğısı hiss edilməsin. Azərbaycanın ən yeni tarixinin bütöv bir mərhələsi Ulu Öndərin zəngin siyasi və dövlətçilik fəaliyyəti ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkə həyatında misli görünməmiş inkişaf, tərəqqi, canlanma baş vermiş, respublikamız əsrə bərabər inkişaf yolu keçmişdir. Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan keçmiş ittifaqda ən geridə qalmış respublikadan güclü bir məmləkətə çevrilmişdir. Bakıda, respublikamızın şəhər və rayon mərkəzlərində nəhəng sənaye müəssisələri işə salınmış, minlərlə yeni yaşayış məntəqələri inşa olunmuş, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının tikintisi geniş vüsət almışdır.

1993-2003-cü illərdə Prezident Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində ölkədə baş verən proseslər köklü surətdə dəyişdi, müstəqil Azərbaycan tarixinin növbəti mərhələsində yaşamaq və suverenliyini, müstəqilliyini əbədiləşdirmək gücü əldə etdi. Azərbaycan özünün müasir, dünyəvi, beynəlxalq aləmə inteqrasiya edən ölkə imicini yaratdı. Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan hərtərəfli inkişaf mərhələsinə yüksələrək dünya birliyində nüfuz qazandı. 1993-2003-cü illərdə qoyulmuş möhkəm təməl, həyata keçirilən islahatlar, irəli sürülmüş təşəbbüslər bütün dünyada nüfuz qazanan, regionda söz sahibi olan Azərbaycanın bugünkü reallığını səciyyələndirir. Ulu Öndərin zəngin nəzəri və dövlətçilik irsi yaşayır. Müstəqil Azərbaycan Heydər Əliyev ideyalarının işığında davamlı şəkildə, sürətlə inkişaf edir. Ölkəmiz güclü, qüdrətli, çiçəklənən bir diyara çevrilir. Günbəgün müasirləşən, gözəlləşən Azərbaycan parlaq gələcəyə doğru inamla addımlayır.

Bu gün ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu siyasi kursu uğurla davam etdirir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun gücü sayəsində 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandıq. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız düşmən tapdağından azad edildi. Azərbaycanın çoxəsrlik tarixinə zəfər səhifəsi yazıldı. Üçrəngli şanlı bayrağımızın Qarabağda, Şərqi Zəngəzurda əzəmətlə dalğalanması ilə hər birimiz qürur duyuruq.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki