image-qanunla-reklam
image-16994327391099041938_1200x630-jpg-pagespeed-ce-qc3foi_yc2

İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi

image-lady-day-az

İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi.

2020-ci il dünyada bir sıra sosial problemlərlə yadda qalsa da, Azərbaycan tarixində Qarabağımızın erməni işğalından azad olunması ilə xatırlanır. Müzəffər Azərbaycan Ordusu ermənilərin 30 ildə apardıqları etnik təmizləmə siyasətinə, soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərə, haqsızlığa, zülmə 44 gündə son qoydu. Dövlətimizin münaqişəni danışıqlar vasitəsilə həllinə çalışmasını düşmən fərqli şəkildə yorumlayırdı. Şanlı Zəfərərimizə aparan yolun 44 gün çəkməsi ermənilərə Azərbaycanın əsl gücünü göstərdi. Üç ill əvvələ qayıdaraq müharibənin başladığı ilk günləri xatırladığımızda Müzəffər Ordumuzun əzmi, peşəkarlığı sayəsində hər gün geri qaytaqılan torpaqlarımızla bağlı xəbərlər bizləri qələbəyə daha da yaxınlaşdırırdı. Qısa müddətdə, yəni 4 oktyabrda Cəbrayılın, 17 oktyabrda Füzulinin, 20 oktyabrda Zəngilanın,  25 oktyabrda Qubadlının və 8 noyabrda Şuşanın işğaldan azad edilməsi bunun bariz göstəricisidir. Alınmaz qala sayılan Şuşamızın azadlığa qovuşması düşmənin məğlubiyyəti olmaqla yanaşı, dünya hərb elmində araşdırılan uğurumuzdur. Ermənistan hökuməti kapitulyasiya sənədinə 10 noyabrda imza atsa da, onların əsl məğlubiyyəti Şuşanın azad edilməsi günündən bəlli idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabr ayının 10-u Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyət daşıdığı üçün – Zəfər Gününü hər il noyabrın 8-i təntənəli qeyd edilməsilə bağlı sərəncam imzaladı. Bu il Xankəndi şəhərində 8 noyabrda Vətən müharibəsində əldə edilən qələbənin üçüncü ildönümü ilə bağlı hərbi parad keçirildi. Ali Baş Komandan İlham Əliyev hərbiçilər qarşısında çıxış edərək bu tarixi hadisənin əhəmiyyətindən, xalqın döyüş əzmindən danışdı. Cənab Prezident 44 günlük Vətən müharibəsində Şuşa əməliyyatını dəyərləndirərkən alınmaz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad edilməsini hərbiçilərimizin peşəkarlığı və fədakarlığı sayəsində qazanıldığını bildirdi. Ali Baş Komandan İlham Əliyev torpaqlarımıza göz dikən düşmən qüvvələrə səslənərək bir daha bu sözlərlə mesaj verdi: “Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır”.

Zərdab rayon Gənclər və İdman Sektorunun əməkdaşı- Əvəz Soltanov

 

 

Şuşa əməliyyatı 44 günlük Vətən müharibəsi dövründə xüsusi yerə malikdir.

Vətən müharibəsinin gedişində unikal əməliyyatlardan biri — Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq. Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Onu almağın iki variantı vardı. Birinci halda, şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Komandanlıq buna getmədi. Çünki şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi. Azərbaycan ordusunun bölmələri oktyabrın ortalarında uğurlu əməliyyat nəticəsində Hadrut qəsəbəsi və ətraf kəndləri işğalçılardan azad etmişdilər. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil olmuşdur. Həm ərazi, həm də seçilən marşrut nəqliyyat vasitələri üçün uyğun olmadığından Azərbaycan qüvvələri beş gün Şuşa istiqamətində piyada davam etməli idi. Azərbaycan Prezidenti İlham Əliyev daha sonra bunu təkrar vurğulayaraq Azərbaycan əsgərlərinin Şuşa şəhərinə çatmaq üçün yarğanları, meşələri və dağları keçdiklərini qeyd etmişdir. Erməni komandanlığı Azərbaycan qoşunlarına Qırmızı Bazar ətrafında müqavimət göstərməyi hesablamışdı, oradan Şuşakəndə yol gedir, sonra isə həmin yol Şuşaya qalxır. Ermənistan ordusunun Azərbaycan qoşunlarının Şuşaya həmləsini gözlədiyi ikinci istiqamət isə Laçın istiqaməti idi. Lakin Azərbaycan ordusunun komandanlığı öz miqyasına, planına və ardıcıllığına görə misli görülməmiş qərar verir. Şuşaya sıx Qarabağ meşələrindən istiqamət götürülür. Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etmiş, ardından da noyabrın 4-də strateji Şuşa-Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçirmişdir. Noyabrın 6-da yüngül  silah-sursat ilə təchiz edilmiş, hərəsi 100 nəfərdən ibarət olan dörd qrupa bölünmüş 400 nəfərlik Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Şuşanın sıldırımlarına iplərlə dırmaşaraq səhər saatlarında şəhərə dörd tərəfdən daxil olmuş və şəhərdə dərhal döyüşlər başlamışdır. Yüzlərlə itki verən erməni silahlıları  günortadan sonra şəhərdən tam çıxarılmışdır. Şəhərə nəzarəti yenidən bərpa etmək məqsədi ilə ermənilərin Şuşaya hücum cəhdləri boşa çıxmış, Azərbaycan ordusunun ciddi müqaviməti nəticəsində erməni silahlıları geri oturdulmuşdu. Noyabrın 7-də Şuşaya Ermənistan tərəfindən qadağan olunmuş  İsgəndər-M ballistik raketləri atılsa da, bu döyüşün taleyini dəyişə bilməmişdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi. Ertəsi gün daha 70-dən çox kəndin azad olunması xəbəri gəldi və bundan bir gün sonra Ermənistanın Baş naziri Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək kapitulyasiya aktını imzalamağa məcbur oldu. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən, noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan azad edildi.

Veteran müəllim, rayon ağsaqqalı – Vəfadar Niftəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki