İKİ ÖLKƏ ARASINDA SƏMİMİ ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ MÖVCUDDUR!
Bu günlərdə ölkəmizdə önəmli hadisələrdən biri də Vyetnam Sosialist Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri oldu. Artıq yarım əsrdən çox müddət ərzində davam edən dostluq münasibətləri hazırda yeni inkişaf mərhələsindədir. İki ölkə arasında olan əlaqələrin inkişafında Ulu Öndər Heydər Əliyev və Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin müstəsna xidmətləri olub. Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib. Həmin dövrdə regionda gedən geosiyasi proseslər səbəbindən ciddi təhdidlə üzləşən ölkəyə Ulu Öndərin səfəri Vyetnam xalqı və hökuməti üçün böyük dəstək ifadə edirdi. Qarşılıqlı əlaqələrin nəticəsi olaraq hələ Sovet dövründə 5 min vyetnamlı gənc ölkəmizdə ali təhsil alıb. Onlar Vyetnamın hərtərəfli inkişafına böyük töhfələr verərək bu gün də vətənlərində yüksək vəzifələrdə çalışırlar. 2014-cü ildə Prezident İlham Əliyev Hanoyda ölkəmizin ali təhsil müəssisələrinin vyetnamlı məzunları ilə görüşündə qeyd etmişdir ki, Azərbaycan-Vyetnam əlaqələrinin təməlini Azərbaycanda təhsil alan, bizim ölkədə yaşayan, xoşbəxt gənclik çağlarını yaddaşında saxlayan insanlar qoyub. 2015-ci ildə isə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilib. Ümumiyyətlə, ikitərəfli əməkdaşlıq iqtisadiyyat və enerji ilə yanaşı, humanitar və mədəni sahədə də inkişaf edib. Vyetnam və Azərbaycanı siyasi-iqtisadi əlaqələrlə yanaşı, oxşar milli ənənələr də birləşdirir. Qədim tarixə malik Vyetnam olduqca zəngin və unikal mədəniyyətə sahibdir. Vyetnamlılar da azərbaycanlılar kimi sülhsevər, milli adət-ənənələrinə sadiq xalqdır. Ölkə əhalisinin əksəriyyətini vyetnamlılar təşkil etsə də, burada 50-dən çox azsaylı millət yaşayır. Hər iki ölkəni ailə dəyərlərinə, milli adət-ənənələrə hörmət, onları qoruyub saxlamaq missiyası yaxınlaşdırır. Azərbaycanda olduğu kimi, Vyetnamda da milli azlıqların və etnik qrupların sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və anlaşma şəraitində yaşaması dövlətin əsas prinsiplərindən biridir. Bəzi mədəniyyət işçiləri və mütəxəssislər isə hesab edirlər ki, Azərbaycan və Vyetnam musiqisi arasında oxşarlıqlar çoxdur. Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan yalnız regionda deyil, dünyada da tanınmaqdadır. Xüsusən, regionda və bir sıra dünya dövlətləri ilə qurulan siyasi, iqtisadi, hərbi və mədəni əlaqələr, imzalanan anlaşma memorandumları bunu deməyə əsas verir. Son bir neçə gündə Çin, İran kimi dövlətlərin ardından indi də Vyetnamla bir çox sahədə qurulan əlaqələr, anlaşma memorandumları və enerji sahəsində qarşılıqlı investisiya yatırımı istəkləri bunu deməyə əsas verir. Vyetnam həm də siyasi sferada Azərbaycanı dəsdəkləməsi ilə gündəmə gəlmişdi. Azərbaycanla Vyetnam qlobal siyasi sferada da birgə hərəkət edir və bir-birini qarşılıqlı olaraq dəsdəkləyirlər. Həmçinin Vyetnam Azərbaycanla Qoşulmama Hərəkatı çərçivəsində də birgə fəaliyyət göstərir. Vyetnamın Azərbaycanla bir çox sahədə əhəmiyyətli sənədlər imzalaması ondan xəbər verir ki, iki dövlət arasında gələcəkdə daha geniş ticarət dövriyyəsindən və siyasi dəsdəkdən danışa bilərik. İstər Şimal-Cənub, istərsə də Şərq-Qərb dəhlizləri vasitəsi ilə ticarət əlaqələri gücləndirilə bilər. Bu isə iki dövlət arasında uzaq məsafənin əngəl olmayacağını, bir çox sahələrdə əlaqələrin daha da genişlənəcəyini göstərir.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Sevinc Gülüşova