image-qanunla-reklam
image-643473285_1469818707831236_7783841415892363311_n

İki il bundan əvvəl Xocalı Soyqırımı Memorial Kompleksinin təməli mənim iştirakımla qoyulmuşdur

image-lady-day-az

İki il bundan əvvəl Xocalı Soyqırımı Memorial Kompleksinin təməli mənim iştirakımla qoyulmuşdur. Bu gün isə bu Memorial Kompleksin açılışına toplaşmışıq.

İki il bundan əvvəl Xocalı Soyqırımı Memorial Kompleksinin təməli Cənab Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Bu gün isə həmin Memorial Kompleksin açılışı xalqımızın tarixində mühüm və qürurverici hadisə kimi yadda qalır. Bu abidə təkcə bir memarlıq nümunəsi deyil, həm də xalqımızın ağrılı tarixinin, eyni zamanda milli iradəsinin və ədalətə inamının rəmzidir.

Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində azərbaycanlılara qarşı törədilən kütləvi qətliam bəşəriyyətə qarşı cinayət kimi tarixə düşmüşdür. Bir gecə ərzində 613-dən çox günahsız mülki şəxs amansızlıqla qətlə yetirilmişdir. Onlardan 106-sı qadın, 63-ü uşaq idi. 150 nəfər isə itkin düşmüşdür və aydın məsələdir ki, onların da taleyi həmin qanlı hadisələrin qurbanı olmuşdur. İşğaldan sonra bəzi itkinlərin qalıqlarının aşkar edilərək torpağa tapşırılması bu faciənin miqyasını və dəhşətini bir daha təsdiq etmişdir.
Cənab Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən, erməni faşistləri tərəfindən azərbaycanlılara, insanlığa və bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətdir. Bu cinayətin məsuliyyəti Ermənistan dövlətinin üzərinə düşür. Dinc əhaliyə qarşı törədilən vəhşiliklər, qadın və uşaqların amansızcasına qətlə yetirilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi.

Xocalı faciəsi yalnız Azərbaycan xalqına qarşı deyil, ümumilikdə insanlığa qarşı törədilmiş cinayətdir. Bu hadisə beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı kimi tanınmalı və hüquqi-siyasi qiymətini almalıdır. Azərbaycan dövləti uzun illər ərzində bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyət göstərmiş, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün sistemli iş aparmışdır. “Xocalıya ədalət!” çağırışı beynəlxalq miqyasda geniş dəstək qazanmış və bir sıra ölkələr, parlamentlər bu faciəni soyqırımı kimi tanımışdır.

Memorial Kompleksin inşası tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu abidə Xocalı şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi ilə yanaşı, gələcək nəsillərə həqiqətlərin çatdırılması missiyasını daşıyır. Hər bir ziyarətçi burada xalqımızın yaşadığı ağrını, eyni zamanda onun sınmaz iradəsini və ədalətə inamını hiss edəcəkdir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti yalnız ərazi bütövlüyünü bərpa etməklə kifayətlənməmiş, eyni zamanda işğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlamışdır. Xocalıda Memorial Kompleksin yaradılması bu siyasətin mühüm tərkib hissəsidir. Bu, həm də tarixi ədalətin bərpasının simvoludur. Çünki illər boyu işğal altında qalmış torpaqlarda indi Azərbaycan bayrağı dalğalanır və şəhidlərimizin xatirəsi dövlət səviyyəsində uca tutulur.
Xocalı soyqırımı qurbanlarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayır. Onların əziz xatirəsi qarşısında baş əyərək bir daha bəyan edirik ki, bu cinayət heç vaxt unudulmayacaq. Tarixi həqiqətlər nə qədər zaman keçsə də, öz aktuallığını saxlayacaq və dünya ictimaiyyətinə çatdırılacaqdır. Memorial Kompleks həm də birlik və həmrəylik rəmzidir. Bu gün Azərbaycan xalqı güclü, qalib və müstəqil dövlətdə yaşayır. Xocalı şəhidlərinin qanı yerdə qalmadı. Dövlətimizin qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olundu və tarixi ədalət bərpa edildi. Bu isə şəhidlərimizin ruhuna ən böyük təsəllidir.

Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı təkcə anım mərasimi deyil, həm də milli yaddaşın təntənəsidir. Bu abidə gələcək nəsillərə bir mesajdır: tariximizi unutmayaq, həqiqətləri qoruyaq və dövlətimizin müstəqilliyini daim uca tutaq. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da Xocalı həqiqətlərinin beynəlxalq aləmdə tanınması və ədalətin tam bərqərar olması istiqamətində ardıcıl fəaliyyətini davam etdirəcəkdir.

 

Zərdab rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki