II Qarabağ müharibəsində əldə olunmuş Zəfər
2018-ci ildə dəyişən Ermənistan hökuməti münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində addım atmadı, Azərbaycanın və vasitəçilərin bütün sülh təkliflərini rədd etdi, həll yoluna sıfırdan başlayacağını bildirdi. Yeni hakimiyyət özündən əvvəlki hakimiyyətlər kimi müzakirələri uzatmaq taktikasına üstünlük verdi. Təbii ki, Azərbaycan buna laqeyd qala bilməzdi.
2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.
Müzəffər Azərbaycan Ordusu çıxdığı bu şərəfli yolda 44 günlük Zəfər yürüşü ilə doğma Qarabağımızın düşmən tapdağından azad edilməsi uğrunda rəşadətlə mübarizə apardı, bu müqəddəs savaşda böyük zəfərlə Azərbaycan xalqını sevindirdi. Bu şanlı Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi, qüdrətli Ordumuzun qəhrəmanlığı və əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı. 44 günlük Vətən Müharibəsi Azərbaycanın müstəqillik tarixinə qızıl həflərlə yazıldı.
Döyüş meydanında ağır məğlubiyyətlərlə üzləşən Ermənistan ordumuzun hər yeni uğuruna yalnız bir o qədər aciz, azğın və namərd şəkildə reaksiya verirdi. Ermənistan ordusu dəfələrlə döyüş meydanından uzaq olan, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların məskunlaşdığı Azərbaycan torpaqlarını hədəf alaraq raket və mərmilər vasitəsilə kütləvi itkilərə səbəb olan terror aktları törətdi.
Yaşanan dəhşətli hadisələr bütün dünyanı sarsıtsa da, xalqımız döyüş ruhunu, birliyini və iradəsini itirməyərək daha da əzmlə və mərdcəsinə Ali Baş Komandanı və ordumuzu dəstəkləməyə davam etdi. Həyatını itirmiş mülki həmvətənlərimizin qisasını isə rəşadətli ordumuz döyüş meydanında müvəffəqiyyətlə aldı. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və Böyük Zəfərimizi xalqımızın tarixinə həkk etdi. Bu əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Bununla da torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi.
Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri