Hüququ pozulan ÖZƏLLƏŞDİRMƏ ÇEKİ SAHİBLƏRİ: “Bu çeklər vətəndaşın haqqıdır”
“Özəlləşmə çeklərinin yenidən tədavülə buraxılması çekləri əlində qalan vətəndaşlarımızın hüquqlarının qorunması baxımından olduqca əhəmiyyətli addım olar”
Son dövrdə özəlləşdirmə çekləri ilə bağlı problem yenidən aktuallıq qazanıb. Belə ki, əlində çekləri qalan 24 mindən çox vətəndaş və ailələr haqqlarının geri qaytarılması üçün ölkə başçısı İlham Əliyevə Açıq Məktub ünvanlayıblar. Məktubda qeyd edilib ki, bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Belə ki, özəlləşdirmə çeklərinin üzərində yazılıb: “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir”. Qeyd etmək lazımdır ki, bu çeklərin hər birinin dəyəri eynidir. Özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda infilyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.
Açıq Məktubla aşağıdakı linkdən daha ətraflı tanış ola bilərsiniz:
https://www.facebook.com/groups/668471343515846/permalink/1495607760802196/
Çekləri əlində qalan vətəndaşların ünvanladığı Açıq Məktubla tanış olan və həmin vətəndaşlara kompensasiya verilməsi ilə bağlı məsələyə toxunan politoloq Yusif Bağırzadə öz fikirlərini Kanal4.az -ın əməkdaşı ilə bölüşüb.

Politoloq qeyd edib ki, məsələnin öz həllini tapması üçün müvafiq addımların atılması vacibdir. Çünki həmin çeklər vətəndaşların haqqıdır:
“Məlum olduğu kimi, özəlləşmə çeklərinin verilməsi Ümumilli lider Heydər Əliyevin fərmanına əsasən həyata keçirilib və həmin fərmana uyğun olaraq vətəndaşlara 31,9 milyon vauçer paylanılıb. Bundan sonra çeklərin tədavül müddəti bir neçə dəfə uzadılıb. Əvvəl 2002-ci il yanvarın 1-nə, sonra 2004-cü il iyulun 1-nə, daha sonra isə 2008-ci il yanvarın 1-nə kimi çeklərdən istifadə müddəti artırılıb. 23 dekabr 2009-cu il tarixində imzalanan fərmanla isə sonuncu dəfə çeklərin tədavül müddəti artırılıb və çeklərin istifadə müddəti 2011-ci il yanvar ayının 1-də başa çatıb. Əslində özəlləşdirmə çeklərinin paylanılması və o zaman mərhum prezident Heydər Əliyevin bununla bağlı fərmanı özəlləşdirmə zamanı vətəndaşların bu prosesdə ədalətli şəkildə iştirakına yol açırdı. Bu, çox ciddi və tarixi fərman idi. Çünki Sovetlər İttifaqı dağılmışdı və liberal bazar iqtisadiyyatına keçid baş verirdi.
Lakin Azərbaycan İnvestisiya Holdinqinin yaradılması və qarşıdakı müddətdə bəzi dövlət müəssisələrinin özəlləşdirməyə çıxarılacağı ilə verilən məlumatlar onu deməyə əsas verir ki, çeklərin tədavül müddətinin yenidən artırılmasına ehtiyac var. Çünki vətəndaşımızın əlində kifayət qədər istifadə edilməmiş çeklər hələ də qalmaqdadır və onların sayı heç də az deyil. Belə ki, statistik məlumatlara görə, dövriyyəyə buraxılmış çeklərin 20 faizi hələ də əllərdədir. Bu isə o deməkdir ki, ölkə vətəndaşlarının bir qismi zamanında aparılmış özəlləşmə prosesindən faktiki olaraq kənarda qalıb. Burada təbii ki, vətəndaş məsuliyyətinin də, yetərincə maariflənmə işinin həyata keçirilməməsinin də payı var. Amma bütün bunlara baxmayaraq, bu gün yüzminlərlə vətəndaşımız hələ də bu çekləri əllərində saxlayırsa, məntiqlə məsələyə yekun vurulmalı və bununla bağlı qərar verilməlidir.
Məhz bu səbəbdən də hesab edirəm ki, sözügedən məsələyə yenidən qayıtmaq lazımdır və tədavül müddətinin yenidən artırılmasına ehtiyac var. Bu həm də vətəndaşlarımızın hüquqlarının qorunması baxımından əhəmiyyətlidir. Əgər çeklərin yenidən tədavülə buraxılması mümkünsüz olarsa, o zaman özəlləşdirmə çeklərinin qiymətləndirilməsi müqabilində vətəndaşlara kompensasiya ödənməsi də həyata keçirilə bilər. İstənilən halda vətəndaşların hüququ bərpa olunmalıdır”.



















