Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1974-cü ildə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulmuşdur
Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər gəldikdən sonra respublikanın sosial-iqtisadi həyatının əsas sahələrindən olan elektrik enerjisi sisteminin sürətli inkişafını təmin etmək məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirmiş, bir çox irimiqyaslı layihələr reallaşdırmışdır. Ulu öndərin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə keçən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq respublikanın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə başlanmışdır. Həmin dövrdə yeni elektrik stansiyalarının, yarımstansiyaların və yüksək gərginlikli elektrik verilişi xətlərinin inşa edilib istifadəyə verilməsi respublikanın sənaye potensialının artırılmasında mühüm addım oldu. Ümummilli liderimizin Azərbaycana rəhbərliyi dövründə – 1971-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində Araz çayı üzərində gücü 22 MVt olan “Araz” Su Elektrik Stansiyası inşa edilmiş, 1972-ci ildə 2 saylı Sumqayıt İstilik Elektrik Mərkəzinin gücü 220 MVt-a çatdırılmış, 1976-1977-ci illərdə Sərsəng su anbarı və gücü 50 MVt olan eyni adlı su elektrik stansiyası istifadəyə verilmiş, 1982-ci ildə isə gücü 380 MVt olan Şəmkir Su Elektrik Stansiyası istismara buraxılmışdır. Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının – “Azərbaycan İES”-in təməli qoyulmuşdur. Ulu öndər Heydər Əliyevin səyi nəticəsində bu stansiyanın inşası prosesinin ümumittifaq səviyyəsində aparılması, tikinti prosesinə ən peşəkar mütəxəssislərin cəlb olunmasına, müasir texniki vasitələrdən istifadəyə şərait yaratmışdır. Stansiyanın birinci enerji bloku Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə istifadəyə verilmiş və bu möhtəşəm hadisə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. Ölkə elektrik enerjisi sisteminin sütununu təşkil edən bu stansiya indi də müstəqil dövlətimizin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rola malikdir. Bu stansiyanın istismara verilməsi ilə elektrik enerjisi sistemində başlanan inkişaf və tərəqqi prosesi nəticəsində respublikamız özünün müstəqil, dayanıqlı enerji sistemini formalaşdıra bilmişdir. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizin elektrik enerjisi ilə təminatı problemi öz həllini tapmışdır. Azərbaycan 1969-cu ildə elektrik enerjisi idxal edirdisə, 1982-ci ildə həm də elektrik enerjisi ixrac edən respublikaya çevrilmişdir.
1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdan Ulu Öndər milli iqtisadiyyatın bütün sahələrinə, o cümlədən, elektrik enerjisi sisteminə də xüsusi diqqət göstərdi. Milli iqtisadiyyatın bütün sahələrində olduğu kimi, energetika sistemində də böhran vəziyyəti yaranmış, sistemin ahəngdar işi isə pozulmuşdur. Ümummilli liderimiz enerji sisteminin böhrandan çıxarılması, onun maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi üçün məqsədyönlü, geniş miqyaslı tədbirlər həyata keçirməyə başladı. Dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı və faydalı əlaqələr qurulması xarici sərmayələrin cəlb olunması enerji sisteminin mövcud potensialının səmərəliliyinin artırılması, elektroenergetika təsərrüfatının yenidən qurulması hazırda da məqsədyönlü şəkildə istifadə olunur. Artıq ölkəmizlə Avropa arasında “yaşıl enerji” istiqamətində də tərəfdaşlığın təməlləri qoyulub. Göründüyü kimi, Azərbaycanın bərpaolunan enerji potensialı olduqca yüksəkdir. Bu potensialdan irəli gələrək hazırda ölkəmizdə “yaşıl enerji”yə keçid də sürətlidir. Bütün bunlar onu deməyə əsas verir ki, tezliklə Azərbaycan bərpaolunan enerji sahəsində də aparıcı dövlətlərdən biri olacaq.
Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri