image-qanunla-reklam
image-12-2023-1024x585

Heydər Əliyev və Azərbaycan gəncliyi

image-lady-day-az

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətlərini dəqiq müəyyənləşdirmişdir. Bu məqsədlə gənc kadrların hazırlanması və təşkilatlanması üçün Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyətini nəzərə alaraq istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsini, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda dövlət quruculuğunun bütün sahələrində olduğu kimi gənclər siyasətində də əsaslı və köklü dəyişikliklər yaşandı. Azərbaycan Gəncləri Günü, Azərbaycanda gənc istedadlara dövlət qayğısı, Dövlət gənclər siyasəti sahəsində çoxsaylı fərman və qanunlar verilməklə gənclərin dövlət idarəetməsində iştirakı təmin edildi, həm də gənclərə dövlətin diqqətini hiss etdirdi. Məhz Ümummilli Liderin fəaliyyəti nəticəsində Azərbaycan gəncliyi öz layiq olduğu mərtəbəyə yüksələ bilmişdir.

2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanun milli dövlətimizin və unudulmaz prezidentimiz Heydər Əliyevin gənclərə verdiyi yüksək dəyəri əks etdirməkdədir. Ümummilli Liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratdı və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirdi. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirdi.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür,həm də sabahıdır, ümididir” – Ulu Öndər Heydər Əliyev

Ümummilli Liderin Azərbaycan gəncliyinə ən böyük töhfələrindən biri milli gəncliyimizə rəhbərlik edə biləcək, gənc və təcrübəli bir kadr İlham Əliyev cənablarını yetişdirməsi oldu. Yeni minillikdə gənc liderlə inamla və ilhamla addımlayan Azərbaycan gəncliyi elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, siyasət. ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi nailiyyətlər əldə etmişdir. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişaf edən Azərbaycan gənci müzəffəz Ali Baş komandanın rəhbərliyi 44 günlük “Vətən müharibəsi”ndə ilə qəhrəmanlıq dastanı yazdı. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.” Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.

Ümummilli Lider Heydər Əliyev və onun davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin gənclər siyasətinin əsas prinsiplərindən biri millətinə və dövlətinə sadiq bir gənc nəsil yetişdirmək idi ki, “Vətən Müharibəsi” bu məqsədin hasil olduğunu göstərdi.

Müzəffər ölkənin qalib gəncləri kimi indi daha inamlı və daha həvəslə dövlətimizin inkişafı və bayrağımızın ucalması üçün yorulmadan çalışmalıyıq. Yaşasın Azərbaycan! Var olsun Azərbaycanın gələcəyi olan gəncliyimiz!

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Bugünkü gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır

Azərbaycan az-az ölkələrdəndir ki, təqvimdə gənclərlə bağlı xüsusi gün var və həmin gün ölkədə xüsusi qeyd edilir. Həm bu, həm də hayata keçirilən işlər ölkəmizdə gənclərə xüsusi diqqət və qayğı ilə yanaşıldığını ortaya qoyur.

Heç şübhəsiz ki, burada da əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasəti əsas rol oynayıb. 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə 2 fevralın Gənclər günü elan edilməsi, gənclərə dövlətin diqqət və qayğısını əks etdirən çox saylı dövlət proqramlarının həyata keçirilməsi, Gənclər Fondunun yaradılması, o cümlədən dövlətin müxtəlif qurumlarında gənclərə rəhbər kimi yüksək etimad göstərilməsi də bu siyasətin nəticəsidir.

1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

Heydər Əliyev siyasi kursunu layiqli şəkildə davam etdirən cənab Prezident İlham Əliyev də gənclər siyasətinə eyni diqqətlə yanaşıb. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərə xitabən  demişdir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.

Məhz bu səbəbdən dövlətimizin başçısı tərəfindən gənclərin rifahına xidmət edən 2005-2009-cu illər ərzində “Azərbaycan gəncliyi Dövlət Proqramı”, 2006-2010-cu illər ərzində “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı kimi mühüm proqramları təsdiq edilib və icrası uğurla həyata keçirilmişdir.

Prezident İlham Əliyevin gənclər siyasəti onların milli inkişafa fəal cəlb edilməsinin vacibliyini bəyan etmək, inkişaf üçün ümumi məqsədləri olan çərçivənin təmin edilməsi ilə yanaşı, dövlət və gənclər arasında koordinasiya ruhunun təşviq edilməsindən ibarətdir.

Prezident İlham Əliyevin gənclər siyasəti sahəsinə göstərdiyi diqqət və qayğı dövlət başçımızın gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür.  Xüsusilə dövlətimizin başçısının 2007-ci ilin “Gənclər İli” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da artmasına səbəb olub.

Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan gəncləri dövlət quruculuğu, daha demokratik, məhsuldar və ədalətli cəmiyyət uğrunda əməli işlərə imza atırlar. Azərbaycan gəncləri təkcə dövlət dəstəyini alaraq öz inkişafının qəhrəmanları olmaqla kifayətlənmirlər, bugünkü gənclik özünün sosial-iqtisadi inkişafda iştirakının əsasını və mexanizmini təmin edərək cəmiyyətə faydalı olurlar. Dövlətin gənclər siyasəti və gənclərin fəaliyyəti elə bir qarşılıqlı asılılıq prinsipi üzərində müəyyənləşdirilib ki, bu da gənclərin inkişafına üstünlük verməyə və müvafiq siyasət həyata keçirmə mexanizmlərinin yaradılması və kifayət qədər resursların ayrılması vasitəsilə gənclərin inkişafına öz öhdəliyini nümayiş etdirməyə imkan verir.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

 

Azərbaycan gənclərinin 44 günlük Vətən Müharibəsində  göstərdikləri qəhrəmanlıqlar tarixin qızıl səhifəsinə yazıldı

Müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil edir. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir.

Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır.

Azərbaycan gənclərinin 44 günlük Vətən Müharibəsində  göstərdikləri qəhrəmanlıqlar tarixin qızıl səhifəsinə yazıldı. Ali Baş Komandanın rəhbərliyi və Azərbaycanın gənc əsgərlərinin şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olundu.

Ümummilli liderimiz Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin gənclər siyasətinin mərkəzində bir əsas xətt dayanır ki, bu da Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsidir. Çünki tarix boyu üzləşdiyimiz reallıqlar və Vətən müharibəsindən sonra Azərbaycanın diktə etdiyi reallıq bir daha göstərdi ki, gənc Azərbaycan oğullarının Şuşa qayalarında, bütün Qarabağ torpağında yazdıqları qəhrəmanlıq salnaməsinin kökündə məhz azərbaycançılıq ideologiyası, Vətənə, yurda sədaqət, torpağa bağlılıq amilləri dayanır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər”.

Bu gün bütün Azərbaycan gənclərlə fəxr edir. Çünki bugünkü gənclər həyatın bütün sahələrində fərqlənir, azərbaycançılıq ideyası uğrunda mübarizə aparır, gələcək nəsillər üçün örnək olan hadisələrə imza atırlar. Ən başlıcası isə onlara inanan, etimad göstərən və  arxalanan Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin inam və etibarını doğruldurlar.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişaf edir

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.

“Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilməyə başladı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur. Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Keçirilən Forumlarda mütəmadi olaraq çıxış edən Ulu Öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər isə respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. O cümlədən 1996-cı il 22 iyun tarixində Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmanla istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsini, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi. Həmçinin 1999-cu il iyulun 29-da imzalanmış “Dövlət gənclər siyasəti haqqında” Fərmanla müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi üçün siyasi, sosial-iqtisadi və hüquqi baza yaradılmışdır. Məhz bu Fərman gənclərin dövlət quruculuğu işinə geniş cəlb olunmasına və ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. Həmin Fərmanla, o cümlədən Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmiş, Gənclər və İdman Nazirliyinin nəzdində gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradılmışdır. Nəhayət 2002-ci il 9 aprel tarixində Ulu Öndərin təşəbbüsü ilə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Ümummilli Liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratdı və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirdi. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirdi.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki