image-qanunla-reklam
image-1683663163-1672657439_heyderaliyev4

“Heydər Əliyev İli”

image-lady-day-az

“Heydər Əliyev İli”

Bütün dövrlərdə hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Ulu öndərimiz Heydər Əliyevdir. Hazırda Azərbaycan Respublikasının vətəndaşları, bütün dünya azərbaycanlıları və türk dilli xalqlar müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan görkəmli siyasi və dövlət xadimi ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ilini böyük həyəcan və sevinclə qeyd olunur. Ümummilli lider Heydər Əliyevin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi daim diqqət mərkəzində olacaqdır. Çünki Ulu öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna qoymaq olmuşdur. Məhz ulu öndər  Heydər Əliyevin həyat və yaradıcılıq yoluna nəzər saldıqda Ulu öndərin fəaliyyətinin  ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şahidi oluruq. Ona görə də ulu öndər  Heydər Əliyev irsini daim  öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını heç vaxt  itirməyən qlobal məsələdir. Ulu öndər  Heydər Əliyevi fərqləndirən başlıca xüsusiyyətlər işlədiyi vəzifənin kiçikliyi və ya böyüklüyündən asılı olmayaraq yüksək əzmkarlığı hesabına məşğul olduğu problemi dərindən mənimsəməsi, özünə və ətrafındakılara qarşı tələbkarlığı, reallığı əks etdirən prinsipial mövqe tutması, üzərinə düşən vəzifəni maksimum səviyyədə uğurlu nəticə ilə yerinə yetirməsi olmuşdur. Bax, bu xüsusiyyətinə görə Ulu öndər həmişə vəzifə pillələrində yüksəlmiş, dövlət təhlükəsizliyi xidmətinin leytenantı rütbəsindən general mayoru rütbəsinə və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik  Komitəsinin sədri vəzifəsinə yüksəlmişdir. Ulu öndər  Heydər Əliyev 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi kimi Azərbaycan Respublikasına rəhbərliyə başlamışdır. O, fəaliyyətə başladığı ilk gündən xalqına bağlı olduğunu, respublikanın və onun bölgələrinin sosial-iqtisadi inkişafına nail olmaq üçün böyük həvəs və inadkarlıqla çalışdığını və əhalinin  rifahının yaxşılaşmasına xüsusi önəm verməsini əyani surətdə göstərdi. Bunun nəticəsində Azərbaycan Respublikası SSRİ məkanında geridə qalmış kənd təsərrüfatı  diyarından inkişaf etmiş qüdrətli sənaye və aqrar potensiala malik bir respublikaya çevrildi. Məhz ulu öndər  Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə əldə etdiyi yüksək nailiyyətlər onun SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən  biri kimi fəaliyyət göstərməsinə  zəmin yaratdı.

Sərəncamda da qeyd edildiyi kimi, ötən əsrin 90-cı illərinin əvvəlində  müstəqilliyini bərpa edən Azərbaycanın ərazisinin bir hissəsinin Ermənistanın  təcavüzünə məruz qaldığı, xarici təzyiqlərin və daxili çəkişmələrin tüğyan etdiyi bir dövrdə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər  Heydər Əliyev  ölkəmizi dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsindən xilas edərək dövlətin dayanıqlı siyasi və iqtisadi inkişaf yolunu müəyyən etmişdir. Türkiyə ilə Azərbaycan “bir millət iki dövlətdir” deməklə dahi siyasətçi ulu öndər  Heydər Əliyev türkdilli dövlətlərin hazırkı sıx birliyinin təməlini qoymuşdur.  Məhz dövlət və xalq qarşısındakı bu əzəmətli və əhatəli xidmətlərinə görə ulu öndər  Heydər Əliyev irsini daim  öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək, bugünkü və gələcək nəsillərə çatdırmaq   dövlətimiz və xalqımızın qarşısında duran ən vacib və aktuallığını heç vaxt itirməyən qlobal məsələdir. Bu mənada Prezident cənab İlham Əliyevin  2023-cü ilin “Heydər Əliyev ili” elan etməsi barədə imzaladığı Sərəncam Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları və türkdilli xalqlar tərəfindən böyük rəğbət və ruh yüksəkliyi ilə qarşılandı.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru

 

Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır

30 il erməni işğalı altında qalan Qarabağımız qırx dörd günlük Vətən müharibəsi nəticəsində azad olundu. Düşmən üzərində tarixi Zəfər qazandıq. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi zamanı 300-dən çox yaşayış məntəqəsini, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini və çoxsaylı strateji yüksəklikləri işğaldan azad etdi. Şuşanın işğaldan azad olunması müharibədə həlledici rol oynadı və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə bəyanata görə isə Kəlbəcər, Ağdam və Laçın rayonları qan tökülmədən azad edildi.

Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamış Şuşanın azad olunduğu gün cənab Prezidentimiz tərəfindən tariximizə Zəfər Günü kimi təsbit edildi.  Şuşanın işğaldan azad edilməsi ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu. Vətən müharibəsində əldə edilən Zəfər nəticəsində Şuşada həyat yenidən dirçəlməyə başladı. Bu gün azad Şuşa dirçəlir, sürətlə bərpa olunur. Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir, bütün zəruri addımlar atılır. Qalib, məğrur xalqımız bu azadlığın, bu təntənənin sevincini yaşayır. Şuşanın rəmzinə çevrilən Vaqif Poeziya Günləri və “Xarıbülbül” festivalı da Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə bərpa olundu, bayram bayrama qovuşdu. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qarabağın tacı olan Şuşa iyirmi doqquz ildən sonra yenidən “Xarıbülbül” musiqi festivalına evsahibliyi etdi. Prezident cənab İlham Əliyev bu günü ölkəmizin tarixində əlamətdar gün kimi dəyərləndirdi. Ölkəmizin başçısı uzun illərdən sonra Cıdır düzündə “Xarıbülbül” festivalının keçirilməsi münasibətilə xalqımızı təbrik edərək bildirdi ki, biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. Ölkəmizin başçısı çıxışında qeyd etdi ki, bundan sonra biz Şuşada əbədi yaşayacağıq, Şuşanın bərpa edilməsinə artıq başlanılıb: “Xarıbülbül” festivalı bu qədim diyarımızda hər il keçiriləcək: “Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı. İndi siz – burada olan vətəndaşlar, dostlar gəzəcəksiniz, görəcəksiniz ki, Şuşa hansı dağıntılara məruz qalıb. Amma yenə də deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə – hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik”.

Şəhla Eminova – Zərdab şəhər sakini, əməkdar müəllim

 

Müstəqilliyə gedən yol məhz Naxçıvandan başlamışdır

Ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvan Ali Məclisinin sədri kimi göstərdiyi fəaliyyətin böyük əhəmiyyəti olmuşdur. Ulu öndər Heydər Əliyev SSRİ rəhbərliyindən imtina etdikdən sonra  Moskvada yaşadığı müddətdə bütün qadağalara baxmayaraq SSRİ-də və Azərbaycanda gedən prosesləri diqqətlə izləməkdə davam edir, öz xalqı ilə birgə nəfəs alırdı. Ulu öndər gücü də məhz bunda idi. 1990-cı il yanvarın 20-də Sovet qoşunları Bakıda qırğın törədəndən sonra buna ən sərt şəkildə etiraz edən də məhz Ümummilli lider idi. Həmin vaxt ulu öndər Heydər Əliyev böyük cəsarət nümayiş etdirərək Azərbaycanın Moskvadakı nümayəndəliyinin binasında təşkil edilən mətbuat konfransında SSRİ-nin rəhbərliyini açıq formada kəskin tənqid edib xalqı ilə birlikdə olduğunu bəyan etmiş və 1990-cı il iyulun 22-də Naxçıvana gəlmişdir.

Həmin vaxtlar blokada şəraitində olan Naxçıvan həm ermənilərlə müharibə edir, həm də yaranmış iqtisadi çətinlikləri aradan qaldırmağa çalışırdı. Belə bir vəziyyətdə tanınmış siyasi xadim, həmişə vətəni və xalqı üçün həvəslə çalışmış ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi fəaliyyət göstərməsi naminə əsl mücadiləyə qalxdı. Bu məqsədlə də Naxçıvan əhalisi onu Naxçıvan Muxtar Respublikasının və Azərbaycan SSR-nin Ali Sovetinə deputat seçdi. Ulu öndər Heydər Əliyev sessiyalarda Dağlıq Qarabağ problemi ilə əlaqədar Bakı rəsmilərinin yeritdiyi siyasəti və Moskvanın mövqeyini kəskin tənqid edir, SSRİ-nin tezliklə dağılacağını bəyan edirdi. Lakin savatsız və sərişdəsiz iqtidar bu fikirlərə məhəl qoymur, Kremlə sədaqət nümayiş etdirirdi. Buna baxmayaraq ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının yaradılması üçün mübarizəsini davam etdirirdi. 1990-cı ilin noyabr ayının 17-də Muxtar Respublikanın Ali Sovetinin birinci sessiyasında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə doğma Azərbaycanımızın üçrəngli bayrağı qaldırıldı və bununla da həmin vaxtdan müstəqilliyimizin ikinci dəfə əsası qoyuldu. Bundan başqa onun təklifi ilə Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri çıxarıldı və Naxçıvan MR Ali Soveti Ali Məclis adlandırıldı. Habelə, dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik günü elan edildi. Naxçıvan əhalisi ulu öndər Heydər Əliyevə böyük inam və ümid bəsləyərək Ulu öndəri Muxtar Respublikaya rəhbərlik etməsini arzu edirdi. Xalqın bu istəyi  1991-ci il sentyabrın 3-də reallaşdı və ulu öndər Heydər Əliyev Muxtar Respublikanın Ali Məclisinə sədr seçildi. Bununla da nəinki Naxçıvanın Muxtar Respublika kimi, həm də Azərbaycanın müstəqil dövlət kimi məhv olmaqdan qurtulmasına gedən yol  həmin  gündən başladı.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab rayon Ağsaqqalar Şurasının sədri

 

 

Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir.

Bu il 100 illiyini qeyd edəcəyimiz Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə ölkəmizin müstəqilliyinin bazasını yaratdı. Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1969-1982-ci illər ərzində ulu öndər Heydər Əliyevin apardığı hərtərəfli və əhatəli işlər, yüksək işgüzarlığı sayəsində Azərbaycanın iqtisadiyyatı möhkəmləndi, neft-maşınqayırma və  kimya sənayesi, üzüm istehsalı və bir sıra digər  sahələrdə İttifaqda öncül sıraya çıxdı, istehsal etdiyi rəqabət qabiliyyətli məhsulları 65 xarici ölkəyə ixrac edərək beynəlxalq aləmdə tanınmağa başladı. Məhz həmin illərdə Azərbaycan Respublikasının gələcəkdə müstəqil bir ölkə kimi fəaliyyət göstərməsi üçün möhkəm  təməl yaradıldı. Ulu öndərimiz Azərbaycana birinci rəhbərliyi dövründə ölkəmizin müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün müxtəlif istiqamətlər üzrə mütəxəssis hazırlığına da xüsusi diqqət vermişdir. Müstəqil ölkənin milli təhlükəsizliyinin təmin edilməsində ordu quruculuğunun önəmini nəzərə alaraq ixtisaslı hərbiçilər yetişdirmək üçün Bakıda C.Naxçıvanski adına hərbi məktəb açılmış, respublikamızın ali və orta ixtisas məktəblərində müasir tələblərə uyğun  mütəxəssis hazırlamaq üçün müvafiq fakültələr və şöbələr  yaradıldı, yeni ali məktəblər açıldı. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanlı gənclərin respublikamızın gələcək inkişafını təmin edəcək ixtisaslar üzrə təhsil almalarını təmin etmək üçün hər il minlərlə  orta məktəb məzunu İttifaqın qabaqcıl ali məktəblərinə göndərilirdi. Məhz həmin orta ixtisas və ali məktəbləri bitirən kadrlar Ermənistan-Azərbaycan münaqişəsinin həllində və müstəqil Azərbaycanın müasir  inkişafında müstəsna rol oynadılar və bu gün də bu şərəfli missiyanı böyük uğurla yerinə yetirirlər.

Ümummilli lider Heydər Əliyev 1969-1982-ci illərdə SSRİ tərkibində olan Azərbaycana rəhbərlik etdiyi dövrdə İttifaq miqyasında əsasən geridə qalmış, sənaye potensialı zəif, kənd təsərrüfatı primitiv xarakterizə olunan respublikanı  İttifaqın qabaqcıl, güclü sənaye və aqrarsənaye kompleksinə malik bir diyarına çevirdi.  Həmin dövrdə xalqımız həmişə Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşmasına, Azərbaycan cəmiyyətinin və dövlətinin nüfuzunun daim yüksəlməsinə yönəlmiş ardıcıl, əhatəli və köklü dəyişiklərin şahidi olmuşdur.  Ulu öndər Heydər Əliyevin gərgin əməyi, uzaqgörənliklə həyata keçirdiyi iqtisadi siyasət, göstərdiyi əzmkarlıq, tələbkarlıq və yüksək idarəetmə qabiliyyəti nəticəsində aqrar-sənaye kompleksi üçün lazım olan digər maddi-texniki vasitələrin istehsalı da təşəkkül tapdı.

Cəfərov Səməd – Zərdab rayon Otmanoba kənd sakini, Zərdab rayon Yaşıllaşdırma İdarəsinin rəisi

 

 

1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin kontraktı” ölkəmizin inkişafında növbəti bir dönüş nöqtəsi idi

1991-ci ildə Müstəqillik qazandıqdan sonra Azərbaycan xalqı ziddiyyətli dövr yaşamış, çətinliklə qazanılmış müstəqilliyin müdafiəsində mərdliklə dayanmışdır. O zaman hakimiyyətdə olan səriştəsiz, bacarıqsız qüvvələr ölkəni uçuruma doğru sürükləmişdirlər. Belə bir vəziyyətdə dövlətçiliyinin itirilməsi təhlükəsi qarşısında qalmış Azərbaycan xalqı dövlət rəhbərliyi təcrübəsinə və siyasi nüfuza malik olan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını təkidlə tələb etdi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə yaranmış son dərəcə gərgin vəziyyət qısa bir zaman məsafəsində normallaşdırıldı, sağlam qüvvələrin köməyi ilə qardaş qırğınının, Azərbaycan dövlətinin parçalanmasının qarşısını aldı. Cəmiyyət həyatının bütün sahələrində yeni münasibətlərə yol açmaq, islahatların əsaslarını yaratmaq üçün tədbirlər həyata keçirilməyə başlanıldı.

1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandıqdan sonra ölkəmizin dünya miqyasındakı nüfuzu daha da artdı. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunmasında, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. Ulu Öndər Heydər Əliyev dünyanın bir çox aparıcı dövlətlərinin rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatlar və işgüzar dairələrlə yüksək səviyyəli rəsmi görüşlər keçirərək, Azərbaycan həqiqətlərini, dövlətin mövqeyini dünyaya çatdırdı, bununla da, ölkəmizə diqqət və maraq gücləndi. Azərbaycanın siyasi-iqtisadi əlaqələri genişləndi, mühüm müqavilə və sazişlər imzalandı. Qısa bir zamanda, Ulu Öndərin müdrik siyasəti nəticəsində, ölkədə ictimai-siyasi sabitlik yaradıldı, qanunçuluğun bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

1995-ci ilin mart ayında dövlət çevrilişinə ikinci cəhd baş verdi.

1995-ci il mart ayında müstəqilliyimizə qəsd etmək istəyənlərin məkrli niyyətləri bu gün də insanların yaddaşından silinməyib. Bir qrup xəyanətkar insan ətrafına topladığı qeyri-qanuni silahlı birləşmələr vasitəsilə müstəqilliyimizə qəsd etməyə cəhd göstərmişdi. Ölkədə yaradılmış ciddi nizam-intizama tabe olmaq istəməyən dağıdıcı qüvvələr Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzundan təşvişə düşərək, xarici himayədarlarının təhriki ilə dövlət çevrilişinə cəhd etmişdilər. Azərbaycanda dövlət çevrilişinə cəhd mart hadisələri 1995-ci ilin mart ayının 12-dən 13-nə keçən gecə ölkənin ən ucqar nöqtəsində – Qazaxda və Ağstafada başladı. Həmin gün “OMON”-un Ağstafa və Qazax rayonunda yerləşən bölməsi tərəfindən dövlət idarələrinə silahlı hücum təşkil edildi. Hər iki rayonda dövlət əleyhinə faktiki qiyam baş verdi. Lakin mart ayının 15-də Azərbaycan Ordusunun bölmələri tərəfindən qiyam yatırıldı. 16-17 mart tarixində isə Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri polkovnik Rövşən Cavadovun rəhbərliyi ilə Bakıda çevrilişə cəhd göstərmək istəyirlər. Hələ martın 14-də daxili işlər naziri “OMON”-un buraxılması və onun üzvlərinin 3 gün ərzində silahı təhvil verməsi barədə əmr imzalamışdı. Əmrə görə, silahı könüllü təhvil verənlər törətdikləri əməllərə görə cəzalandırılmayacaq və DİN sistemində müvafiq işlə təmin ediləcəkdilər. Bundan 2 gün sonra, yəni silahlı qarşıdurma ərəfəsində Ulu Öndər Heydər Əliyev “OMON”-çuları bağışlanmaq imkanı yaradan xüsusi Fərman imzalayır. Lakin XTPD-nin başçısı Rövşən Cavadov Xətai rayonunun o vaxtkı prokuroru, qardaşı Mahir Cavadovla birlikdə qeyri-qanuni əməlləridən əlşəkmədilər.

Ümummilli Liderimiz Heydər Əliyev 1995-ci il martın 15-də televiziya və radio ilə xalqa müraciətində Surət Hüseynovun, Rövşən və Mahir Cavadov qardaşlarının, onlarla həmrəy olan radikal müxalifət nümayəndələrinin dövlət çevrilişi cəhdini pisləyərək, qeyri-qanuni silahlı qruplaşmalara qanunsuz əməllərindən əl çəkmələri barədə dəfələrlə xəbərdarlıq etmişdi, onları əfv edəcəyini bildirmişdi. Hətta Cavadov qardaşlarının atası Bəxtiyar Cavadovla da söhbət aparmış, ona oğlanlarını vətəndaş müharibəsi və silahlı qarşıdurma yaratmaqdan çəkindirməyi tövsiyə etmişdi. Dövlət çevrilişinə cəhd edən qeyri-qanuni silahlı birləşmələrin rəhbəri Rövşən Cavadov və onun ətrafı hakimiyyəti silah gücünə, qeyri-konstitusion yolla ələ keçirməkdə tam israrlı idi. Onlar ağsaqqalları, ziyalıları, hətta yaşlı atalarını da dinləmədilər. 1995-ci il martın 16-dan 17-nə keçən gecə isə paytaxtın 8-ci kilometr qəsəbəsindəki “OMON”-çuların qərargahı yaxınlığında başlanan atışmada cəbhə bölgəsində, erməni təcavüzkarları ilə savaşda səngər yoldaşı olmuş döyüşçülər üz-üzə dayandılar. Ermənistan silahlı qüvvələri torpaqlarımızı işğal etdiyi bir vaxtda, Azərbaycanın paytaxtında bir qrup vəzifə hərisi hakimiyyəti ələ keçürmək üçün dövlətçiliyimizə qəsd edirdi. Onların hakimiyyət hərisliyi nəticəsində, qardaş qanı töküldü. Belə ağır zamanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı və ölkədə davam edən hakimiyyət böhranına, anarxiya və özbaşınalığa son qoydu. Bütün bunlar xalqın müdrikliyinin, milli həmrəyliyinin, inamının, dövlətçiliyə hörmət və ehtiramının güclü olduğunu, Azərbaycan Respublikasının demokratik əsaslarının möhkəmliyini, konstitusiya və qanunlardan kənar fəaliyyətin yolverilməzliyini nümayiş etdirdi. Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi, xalqına, Vətəninə, millətinə olan sonsuz məhəbbəti, qətiyyəti və uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitlik qorunub-saxlanıldı. Bu gün ölkəmiz Cənubi Qafqaz regionun lider dövlətinə və güc mərkəzinə çevrilib. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır, dövlətimiz durmadan yüksəlir, inkişaf edir və yeni uğurlar qazanır. Cənab Prezidentimizin həyata keçirdiyi güclü ordu strategiyasının məntiqi nəticəsi olaraq, Azərbaycan Ordusu hərb tarixində yeni səhifə olan 44 günlük Vətən müharibəsində Azərbaycanın gücünü dünyaya göstərdi bildi.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki