image-qanunla-reklam
image-633549e371f0c633549e371f0d1664436707633549e371f08633549e371f0a

Heydər Əliyev idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi

image-lady-day-az

Heydər Əliyev idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi

Azərbaycanın Ümummilli Lideri olan Heydər Əliyevin tarixdə bir sıra yadda qalan uğur və nailiyyətləri olub. Ulu Öndərin ən böyük uğurlarından biri heç şübhəsiz ki, xalqı bəladan qurtarması, xaos, parçalanmanın qarşısını almasıdır.

Elə xalq da öz liderini sevib və tarixdə, yaddaşlarda layiqli şəkildə qoruyub saxlayıb. Tarixə qısa ekskursiya etsək, xalqla Heydər Əliyev şəxsiyyətinin vəhdətinə aid bir neçə misallar çəkmək, mühüm hadisələri xatırlatmaq olar. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü. Ölkənin o dövrkü rəhbərliyi də Dahi siyasətçini Bakıya dəvət etməyə məcbur oldu. 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidi, tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev çıxışı da elə tarixi hadisə idi. Ulu öndər demişdi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək”.

Təbii ki, bu çıxışı xatırlatmaya bilməzdik. Çünki Ulu Öndər sonrakı fəaliyyətində həqiqətən də bu çıxışında qeyd etdiyi kimi ömrünün qalan hissəsini xalqına həsr etdiyini sübut etdi.

Ümumiyyətlə, bu təqdir olunası bir haldır ki, Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı. Bir sözlə parlamentarizm ənənələri qorunub yaşadıldı.
Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi. Ulu Öndər həmçinin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə zamanın tələblərinə uyğun dəyişikliklər edildi. Təbii ki, bütün bunlar Ulu Öndərin qayıdışından sonra baş verən mühüm proseslərin bir hissəsidir.

Heydər Əliyev tarixə həm də separatçılıq cəhdlərinin və vətəndaş qarşıdurmasının qarşısını alan dahi lider kimi düşüb. Orta və yaşlı nəsil avqustun 7-də cənub bölgəsində “Talış-Muğan Respublikası”nın elan olunmasını yaxşı xatırlayır. Bununla əlaqədar Heydər Əliyev avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar, ağsaqqallarla görüşüb vəziyyəti müzakirə etdi. Avqustun 17-də isə Milli Məclis “Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında” Qərar qəbul edərək “Talış-Muğan Respublikası” avantürasına siyasi qiymət verdi. Tezliklə əhalinin istəyi ilə bu bədnam iddiaya son qoyuldu. Beləcə Azərbaycan xalqı daha bir uçurumun kənarından geri qaytarıldı.

Ulu Öndər peşəkarlıq və Vətənə sadiqlik cəhətdən xeyli seçilirdi. Cəmi 4 ay Ali Sovetin sədri vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi.

Təbii ki, ümumxalq məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev bundan sonra da Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq. Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlməsi həqiqətən də təqdir olunmalıdır.

Ulu Öndərin bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə Respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri məharətlə müəyyənləşdirməsi də heyrət doğurur. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edərək, Ulu Öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq oldu. O, qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail oldu.

Bundan başqa, Ulu Öndər demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini də nümayiş etdirib. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” – sözlərini demiş Ulu Öndər 1993-cü ildən başlayaraq bu amallar uğrunda mübariz fəaliyyətini aparıb. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsi qəbul olundu. Demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi və bazar iqtisadiyyatına keçid təmin olundu. Bütün bunlar hələ son deyil.
Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Qısa müddət ərzində müstəqil Azərbaycan Respublikasının xarici siyasətində böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren faktoruna çevrildi.

Ulu Öndər ilk gündən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlamış və mövcud istiqamətdə davamlı islahatların reallaşdırılmasını təmin etmişdir. Respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilmişdi. Ümummilli Lider hakimiyyətə gəlişinin ilk illərindən etibarən ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.

Bir sözlə, xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır. Bu gün fəxrlə deyə bilirik ki, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.

Ulu Öndər də hər zaman xalqın dəstəyinə arxalandığını aşkar deyib. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət edib. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəmədi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcək.

Qısası, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etdi. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Ulu Öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Bu gün gənclərə Heydər Əliyev haqqında danışanda dünya tarixində nadir, fenomenal liderlərdən birinin Azərbaycan tarixində göstərdiyi misilsiz xidmətlər aşılanır. Onun təkcə Ali Sovetin sədri kimi 1993-cü il 24 iyunda Prezident səlahiyyətlərinin icra etməyə başlaması ayrıca bir tarix idi!

Feyzulla Aslanov

Saatlı rayonu Məmmədabad kənd tam orta məktəbin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki