“Heydər Əliyev Fondu yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi”.
Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və tarixi ədalətin bərpası istiqamətində həyata keçirilən ardıcıl fəaliyyət Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir. Xocalı Soyqırımı Memorialının açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məsələyə xüsusi toxunmuşdur.
Çıxışında Cənab Prezident qeyd etdi ki, “Azərbaycan xalqı üçün bu, ən böyük faciədir. Bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün, bizim haqq işimizi dünya birliyinə təqdim etmək üçün həm Azərbaycan dövləti, həm ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, demək olar ki, bir çox qurumlar fəal çalışıblar. Burada xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istərdim. Fond yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi. Bu təşəbbüsü Fondun vitse-prezidenti Leyla Əliyeva həyata keçirirdi. Son 20 il ərzində onun təşəbbüsü ilə dünyanın bir çox ölkələrində bir çox tədbirlər, təqdimatlar, simpoziumlar, konfranslar keçirilmişdir, bir çox kitablar, broşürlər, bukletlər dərc edilmişdir. Çünki Ermənistan dövləti, dünya erməniliyi və dünya erməniliyinin, Ermənistan dövlətinin arxasında duran dövlətlər bu qanlı faciəni ört-basdır etməyə çalışırdılar. Hətta erməni təbliğatçıları Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdılar. Əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bu gün bəlkə də dünyada Xocalı soyqırımı ilə bağlı həqiqətə uyğun məlumat olmayacaqdı. Məhz bizim təkidli səylərimiz nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanıyıb və bu proses davam etdirilir”.
Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir. 1992-ci ilin fevralında baş vermiş bu dəhşətli hadisə nəticəsində yüzlərlə günahsız insan, o cümlədən qadınlar, uşaqlar və qocalar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması Azərbaycanın informasiya siyasətinin mühüm istiqamətidir.
Xocalı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi həm tarixi yaddaşın qorunması, həm də gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır. Açılışı keçirilən Memorial kompleksi yalnız matəm və hüzn məkanı deyil, eyni zamanda ədalətin və tarixi həqiqətin təntənəsinin rəmzidir. Azərbaycan dövləti şəhidlərin ruhuna daim ehtiram göstərir və onların xatirəsini yaşatmaq üçün bütün zəruri addımları atır.
“Xocalıya ədalət!” hərəkatı təkcə bir kampaniya deyil, milli yaddaşın qorunmasına, tarixi ədalətin bərpasına və beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına xidmət edən qlobal təşəbbüsdür. Xocalı Soyqırımı Memorialının açılışı isə bu mübarizənin mənəvi və siyasi əhəmiyyətini bir daha təsdiqləyən mühüm hadisədir.
Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru





















