Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir
Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilmədi. Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etməklə dövlət suverenliyini bərpa etdi, çünki suverenlik hakimiyyətin ali xüsusiyyətini ifadə edir, sovetlər dövründə isə hakimiyyət ali xüsusiyyətdən məhrum idi. Suverenlik dövlətin mövcudluğunun hüquqi əsası və onun beynəlxalq hüququn subyektinə çevrilməsinin başlıca şərti kimi çıxış edir. Başqa cür desək, dövləti təşkil edən ərazi, əhali və siyasi hakimiyyət kimi obyektiv amillər hüquqi müstəvidə nəzərə alınır. Lakin bu atributları özündə ehtiva edən hər-hansı siyasi varlığın dövlət qurması üçün mütləq şəkildə suverenlik xüsusiyyətinə malik olması qaçılmaz şərtdir. Suverenlik dövlətin mövcudluğunun və institusional davamlılığının əsas şərti kimi çıxış edir.
Suveren dövlət beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, özünün daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlətdir. Həmçinin suveren dövlət müasir dövlət anlamına gəlir. Əgər bu gün kimsə “müasir dövlət” terminini işlədirsə bu, siyasi müstəvidə suveren dövləti ifadə edir. Çünki bəşəriyyətin hazırkı yaşam tərzi məhz suveren dövlətin meydana çıxmasından sonraya təsadüf edir və onun mahiyyətindən qaynaqlanır. Suveren dövlətin meydana çıxması ilə suveren dövlətlər sistemi yaranıb və müasir beynəlxalq münasibətlər təşəkkül tapıb. Bu münasibətlər suveren dövlətlər arasında yeni normaların və davranış standartlarının yaranması ilə müşayiət edilib. Lakin suverenliyin paradoksal xüsusiyyəti onların tətbiqində meydana çıxan ikili standartlarda özünü büruzə verir. Məsələn, insanlara, xalqlara, dövlətlərə, dinlərə, irqlərə və digər insan toplumlarına eyni gözlə baxmamaq, onları fərqli qiymətləndirmək, tərəfkeşlik tutmaq, haqqı, ədaləti birinin xeyrinə, digərinin ziyanına şərh etmək və ya pozmaq. Böyük dövlətlərin kiçik dövlətlərə qarşı və ümumiyyətlə, bir dövlətin digər iki dövlətə qarşı fərqli, qərəzli yanaşması ikili standartların ən çox müzakirə edilən və ən ağrılı tərəfidir. ABŞ-ın, Fransanın və digər dövlətlərin Ermənistana və Azərbaycana yönəlik siyasəti ikili standartlara misal göstərilə bilər. Bu halda ikiüzlü siyasət ifadəsi də işlənilir. ABŞ Konqresinin Azərbaycan dövlətinə yardımı qadağan edən 907-ci düzəliş də ikili standarta bariz nümunə sayılır.
Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc