Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün təsis edilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda başlayan milli-azadlıq mübarizəsinin ən gərgin vaxtında Heydər Əliyev dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsinin Azərbaycanın gələcəyi üçün tarixi və strateji önəm daşıdığını uzaqgörənliklə müəyyən etdi. Həmin dövrdə Heydər Əliyev tərəfindən irəli sürülmüş azərbaycançılıq ideyası Azərbaycanın dünya birliyinə inteqrasiyasının təməl sütunlarından birini təşkil etməyə başladı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il, dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” tarixi qərarı qəbul etdi. Bu qərara əsasən, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları ortaq milli dəyərlər və Vətən sevgisi ətrafında birləşdirir.Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində dünya azərbaycanlılarının təşkilatlanması, bir amal ətrafında birləşməsi və milli maraqlarımızın qorunmasının dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur.Bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.
Bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi.Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Təsadüfi deyildir ki, dünya azərbaycanlılarının həmrəyliyi tarixi Qələbəmizi daha inamlı edərək Azərbaycan həqiqətlərinin beynəlxalq arenaya çatdırılmasında xüsusi əhəmiyyət kəsb etmişdir. Xalqımızın Vətən sevgisinin, “torpaqdan pay olmaz” inancının nəticəsi olan tarixi qələbə onu müzəffər xalqa, Azərbaycanı qalib dövlətə və dünya azərbaycanlılarının qürur yerinə çevirmişdir.
Bu gün böyük qürurla demək olar ki,müdrik və uzaqgörən siyasəti, yorulmaz fəaliyyəti ilə Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesi ,onlarda Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hissləri daha da güclənməkdədir.
Nailə Əliyeva- Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
















