Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq sayılacaq, inzibati həbs və cərimə tətbiq olunacaq.
Bu, Milli Məclisin dünən keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, belə xırda xuliqanlıq əlli manatdan yüz manatadək məbləğdə cərimə ediləcək, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.
“Qanunla.az” xəbər verir ki, Mətbuat Şurasının üzvü Hacıbəy Heydərli bildirib ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən bu dəyişiklik cəmiyyətdə uzun müddətdir müşahidə olunan davranış boşluğunun hüquqi çərçivəyə salınması baxımından mühüm addımdır.
Onun fikrincə, son illər ictimai yerlərdə açıq hörmətsizlik nümayiş etdirən, lakin fiziki zorakılığa və ya əmlaka zərər vurmağa keçməyən hərəkətlər faktiki olaraq cəzasız qalırdı və bu da cəmiyyətə yanlış mesaj verirdi: “Sözügedən qanun layihəsi cəmiyyətin uzun müddətdir formalaşan gözləntilərinə tam cavab verir. Son illər xüsusilə sosial şəbəkələrdə milli-mənəvi dəyərlərə zidd, açıq-aşkar cəmiyyətə hörmətsizlik ifadə edən paylaşımların sayı nəzərəçarpacaq dərəcədə artıb. Təəssüf doğuran məqam ondan ibarətdir ki, bəzi hallarda bu cür qeyri-etik və əxlaqsız məzmunlar geniş auditoriya qazanaraq adi hal kimi təqdim olunur.
İndiyədək hüquq-mühafizə orqanları, xüsusilə Daxili İşlər Nazirliyi bu halların qarşısını almaq məqsədilə “TikTok” sosial şəbəkəsində mütəmadi tədbirlər həyata keçirib. Əxlaqi dəyərlərə zidd paylaşımlar edən tiktokerlər saxlanılıb, onlarla maarifləndirici söhbətlər aparılıb və sonradan sərbəst buraxılıblar. Lakin bu yanaşma problemin köklü həlli üçün yetərli olmayıb. Yeni qanun layihəsinin qəbulundan sonra Azərbaycanda sosial şəbəkə mühiti keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq. Maarifləndirici tədbirlər gözlənilən effekti vermədiyi üçün artıq daha təsirli hüquqi mexanizmlərin tətbiqi qaçılmaz idi. Dəyişikliklər hüquq-mühafizə orqanlarına daha çevik reaksiya imkanı yaradacaq, eyni zamanda cəza mexanizminin mövcudluğu əxlaqa zidd və qeyri-etik paylaşımlar edən şəxslər üçün ciddi çəkindirici faktor olacaq və bu tip blogerlərin sayı tədricən azalacaq.”
H.Heydərli xüsusilə vurğulayıb ki, qanun layihəsində hər hansı qeyri-müəyyənlik mövcud deyil: “Sənəddə açıq şəkildə göstərilir ki, hansı hərəkət və paylaşımlar cəmiyyətə açıqca hörmətsizlik kimi qiymətləndirilir. Bu isə həm hüquq-mühafizə orqanları, həm də sosial şəbəkə istifadəçiləri üçün aydın və şəffaf hüquqi çərçivə yaradır. Bu dəyişikliklər söz azadlığının məhdudlaşdırılması deyil, əksinə, sosial mediada məsuliyyətli davranışın formalaşdırılmasına xidmət edir və sağlam ictimai mühitin qorunması baxımından vacib addımdır. Yəni bu yanaşma cəza sərtləşdirməsindən daha çox, ictimai məsuliyyət anlayışının gücləndirilməsi kimi dəyərləndirilməlidir”.
Orxan Rasifoğlu
















