image-qanunla-reklam
image-c65fe68e4d01a1b

Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır

image-lady-day-az

Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır

Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri də qonşu ölkələrlə münasibətləri yüksək səviyyədə qurmaqdır. Qonşu dövlətlərdən biri kimi Gürcüstanla dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər möhkəm zəmin üzərində qurulmuşdur. Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də yaradılıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Bundan başqa, 2010-cu ildə Gürcüstanın Batumi şəhərində Azərbaycanın, 2013-cü ildə isə Azərbaycanın Gəncə şəhərində Gürcüstanın baş konsulluqları açılıb.

Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin yaranmasına gətirib çıxardıb. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. İkitərəfli münasibətlər Ulu öndər Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” və “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq” haqda qarşılıqlı bəyannamələr imzalayıblar. Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasətdə əsas amillərdən biri də qonşu ölkələrlə münsibətləri daha da inkişaf etdirməkdir. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri zamanı dövlətimizin başçısı ilə keçirdiyi görüş, onun və Prezident cənab İlham Əliyevin mətbuata verdikləri bəyanatlarda səsləndirdikləri fikirlərdə də şahidi olduq. Dövlətimizin başçısı qeyd etdi ki, bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri – nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Cənab Prezident nəqliyyat sahəsində də yaradılan və yaradılacaq yeni infrastrukturlardan söhbət açdı və dedi ki, bu, bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması böyük nailiyyətlərdən biridir və bu yolun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq. Eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq. Diqqətə çatdırıldı ki, Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi xüsusi rola malikdirlər. Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir. Məlum olduğu kimi, Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb və bu, son deyil. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq və Azərbaycanın enerji resurslarına olan tələbatı ildən-ilə artır və artacaq.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru

 

 

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcəkdir

Gürcüstan ölkəmizin  müstəqilliyini ilk tanıyan dövələtlərdən biridir. Amma o illərdə iki ölkə arasındakı əlaqələr möhkəm deyildi. Azərbaycanda Ulu öndər Heydər Əliyevin, Gürcüstanda isə Eduard Şevardnadzenin hakimiyyətə gəlmələrindən sonra bu əlaqələr yeni bir mərhələyə qədəm qoyub. Gürcüstan ölkəmizdə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən neft strategiyasına da biganə qalmayıb. Yəni, 1994-cü il sentyabrın 20-də imzalanan Əsrin müqaviləsinə öz töhfəsini verib. Bu mənada ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələri olan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edib. Bakı–Tbilisi –Ceyhan əsas ixrac neft kəmərinin Gürcüstandan keçməsini istəməyən qüvvələr də olub. Amma iki dövlətin dostluğu bu kimi maneələri dəf etməyi bacarıb. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi, Şevardnadzenin qətiyyəti, cəsarəti sayəsində bu layihə uğurla reallaşıb. Azərbaycanla Gürcüstan arasında bu siyasət sonrakı dövrlərdə də uğurla həyata keçirilib.

Bu gün Gürcüstanla Azərbaycanı Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir və ildən-ilə bu əməkdaşlıq genişlənməkdədir. Bu mənada demək olar ki, Gürcüstan və Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir. Hazırda bu iki ölkə əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir. Prezident cənab İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə mətbuata verdiyi bəyanatı da bunun bir daha təsdiq edir. Belə ki, “Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır, bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır” deyən dövlətimizin başçısı bildirib ki, birgə həyata keçirdiyimiz infrastruktur layihələri – nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq: “Xüsusilə nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması hesab edirəm ki, böyük nailiyyətlərdən biridir. Dediyim kimi, bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq”. Cənab Prezident bildirib ki, iki ölkə yeni layihələr üzərində də işləyir.  Onlardan biri yaşıl enerji layihəsidir: “Burada da Gürcüstan və Azərbaycan digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başlamışdır. Hesab edirəm ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcəkdir. Buna da böyük tələbat var. Həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var və biz hazırda texniki-iqtisadi əsaslandırma üzərində çalışırıq. Hesab edirəm ki, ilin sonuna qədər bu iş başa çatacaq və ondan sonra praktiki addımlar atılacaqdır”.
Şübhəsiz, dünyada çox strateji rola malik olan regionumuzun daha da inkişaf edə bilməsi üçün bir çox regional, o cümlədən, Şərqlə Qərbi bir-biri ilə təbii və effektiv şəkildə əlaqələndirmək üçün belə birgə layihələr həyata keçirmək vacib əhəmiyyət daşıyır. Bütün bunlar isə o deməkdir ki, bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki