image-qanunla-reklam
image-img-20260131-wa0023

Gənclik yeni tariximizin formalaşmasında önəmli rol oynayır! – Elşən Əzizov

image-lady-day-az

Gənclik yeni tariximizin formalaşmasında önəmli rol oynayır!

Azərbaycanda bu gün həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri gənclər siyasətidir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və uğurla davam etdirilən bu siyasət nəticəsində bu gün Azərbaycan gəncliyi dünyanın hər yerində dövlətini uğurla təmsil edir. Heç şübhəsiz ki, cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən bu siyasət Azərbaycanda öz dövlətinə, bayrağına bağlı, eyni zamanda müasir dünyada öz sözünü deyə biləcək bir gəncliyin formalaşmasına gətirib çıxarıb. Ulu Öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətdə olduğu hər iki dövrdə gənc nəslə diqqət və qayğının göstərilməsini, gəncliyin potensialının xalqın rifahına, ümummilli mənafelərə xidmətə yönəldilməsini hər zaman dövlət siyasətinin vacib hissəsi kimi diqqət mərkəzində saxlayıb. Hələ 1970-1980-ci illərdə Ümummilli Lider Azərbaycan gənclərinin keçmiş Sovetlər birliyinin ən qabaqcıl ali təhsil müəssisələrində oxumaları üçün böyük səylər göstərirdi. Bu siyasət Ulu Öndərimizin 1993-cü ildə xalqın təkidli tələbi ilə respublikada yenidən hakimiyyətə qayıdışından sonra daha böyük uğurla davam və inkişaf etdirildi. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə keçirdiyi görüşlər, həmin gənclərə “Prezident təqaüdü”nün verilməsi barədə qəbul etdiyi qərar Ümummilli Liderimizin gənclərin təhsilinə göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir. Ümummilli Liderin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən təsis edilən Gənclər Günü həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilir. Çox yaxşı haldır ki, bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb.
Ulu öndərin gəncliyə və gənclərə etimadı artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Cənab Prezident İlham Əliyev Ümummilli liderin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Bu gün ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində Ulu Öndər Heydər Əliyev strateji kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin inamla həyata keçirdiyi dövlət siyasəti Azərbaycan gənclərinin hərtərəfli inkişafını nəzərdə tutur. Dövlət başçısının gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişmələrinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri bu siyasətin müdrik uzaqgörənliklə gələcəyə dəqiq hesablandığını sübut edir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Bu dönəm artıq gənclər siyasətinin təşkilinin yeni mərhələsidir deyə bilərik. Ölkə gənclərinin mənəvi inkişafı, vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər birliklərinin, təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan dövlət başçısının bu sahəyə böyük diqqətinin göstəricisidir. Məhz buna görə də, 2007-ci il “Gənclər ili” elan olunmuşdur.Belə bir təşəbbüsün reallaşdırılması gənclərin müxtəlif sahələrdə inkişafını sürətləndirmiş və dövlətimiz üçün gənclərin önəmi daha da artmışdır. Cənab Prezident İlham Əliyevin Təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmışdır. Fondun məqsədi bir çox sahələrdə elm, təhsil, mədəniyyət və digər sahələrdə həyata keşiriləcək layihələrin, proqramların maliyyələşdirilməsini təşkil etməkdir. Cənab Prezident gənclərin şəxsi inkişafı, karyera sahəsində irəliləməsi üçün bir sıra tədbirlər görmüşdür.
Cənab Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin təhsil sahəsində də siyasətini davam etdirərək gənclərin xarici ölkələrdə dövlət dəstəyi ilə təhsil almalarına şərait yaratmışdır. Azərbaycan Prezidentinin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” və ən son imzalanmış “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” bütün gənclərin xaricdə təhsilinə hərtərəfli imkanlar yaradıb. Məhz bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alır və bu gün də bu proqramın təmin edilməsi davam etdirilir. Dövlətin gənclərə dəstəyi təbii ki, bunlarla bitmir, bu kimi bir çox sənədlər, proqramlar imzalanmış və yüksək şəkildə tətbiq edilmişdir. Ona görədir ki, bu gün kadr siyasətində istənilən sahədə istər ölkəmizdə, istərsə də xaricdə təhsil almış gənclərə üstünlük verilməsi geniş vüsət almışdır. Gənclərin aktiv fəaliyyətini, vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif tədbir təşkil edilir, və sənədlər proqramlar imzalanır.
Artıq altıncı ildir ki, Azərbaycan qalib dövlət olaraq öz şanlı tarixinin ən şərəfli dövrünü yaşayır. Müzəffər Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşən gənclərimiz böyük birlik nümayiş etdirdilər və Vətən müdafiəsinə qalxdılar. Məhz onların vətənpərvərlik hissi, yüksək döyüş ruhu 30 ilə yaxın müddət ərzində düşmən işğalında olan torpaqlarımızı cəmi 44 günə azad etdilər və hər biri işğalçı düşmənə qarşı rəşadətlə döyüşdülər. Vətən müharibəsi göstərdi ki, onlar dövlətə sədaqət, Vətənə sevgi ruhunda tərbiyə alıblar və hər zaman müstəqilliyimizin, suverenliyimizin, dövlətçiliyimizin keşiyində ləyaqətlə dayanacaqlar. Ümidvarıq ki, yetişəcək yeni-yeni nəsillər böyük birlik və qəhrəmanlıq nümayiş etdirmiş bugünkü Azərbaycan gəncliyindən nümunə götürəcək və onların yolunu şərəflə davam etdirəcəklər. Bu Qələbədə Azərbaycan gəncliyinin rolunu yüksək dəyərləndirən və xüsusi qeyd edən cənab Prezident İlham Əliyev bununla bağlı deyib: Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşublar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.
Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycanda yüksək vətənpərvər ruhlu gəncliyin formalaşması əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Gənclər siyasəti sayəsində təmin edilir.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədri
Elşən Əzizov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki