Dövlət başçısı İlham Əliyev gənclərin böyük potensiala malik olduğunu önə çəkərək bildirir ki, müasirləşmə dövlət siyasətinin düzgün qurulmasından, eyni zamanda gənclərin fəaliyyətindən asılıdır
Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkə gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Azərbaycan gənclər ölkəsidir. Gənclərə diqqət və qayğı ulu öndər Heydər Əliyevin Azərbaycana hakimiyyətinin hər iki dövründə həyata keçirilən siyasətin önündə dayanıb. Dahi şəxsiyyət bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməli, lazımi fəaliyyət göstərib, öz xalqına, dövlətinə xidmət etməlidir. Əgər ümummilli lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə çalışırdısa, müstəqil Azərbaycana rəhbərliyi dövründə artıq onları dövlətin idarə edilməsində aparıcı qüvvə kimi görürdü. Onu da xüsusi vurğulayırdı ki, Azərbaycan gəncləri sağlam düşüncəli, vətənpərvər gənclərdir. Gənclərə göstərilən bu etimad, diqqət və qayğı onların daha səylə çalışmalarına, müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyi naminə sıx birləşməyə stimul verirdi. Bu fakt da inkaredilməzdir ki, Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında ulu öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumunun xüsusi rol oldu. 1996-cı il fevralın 2-də keçirilən bu forum ulu öndər Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirildi. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı əsasında I Forumun keçirildiyi tarix-yəni 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi. Bu addım bir daha təsdiqlədi ki, gənclər siyasəti dövlətin siyasətində əsas yer tutur.
Xidmət Orucov. Milli Məclisin Deputatı Fəzail Ağamalının köməkçisi.
Kanal4.az
Emin Xuduyev.



















