Gənc nəsil tarixi həqiqətləri bilməlidir
Əgər biz son 200 ilə qədər olan, yəni son iki əsr və bir qədər əvvələ nəzər salsaq böyük Azərbaycanın həqiqi sərhədlərini görmüş olarıq. Azərbaycanın şimal sərhədləri istiqamətində ərazilərimizə nəzər salsaq bu ərazilər Dəmir qapı Dərbəndə qədər uzanaraq geniş bir ərazini əhatə edir. Bu ərazilər Nikolay hakimiyyətinin xain siyasəti nəticəsində işğal edilmişdir. Hal-hazırda şimal istiqamətində sərhəd qonşularımızı xarici dövlət sansaq da, bu dövlətin ərazilərinin bir hissəsi Azərbaycanın tarixi, dədə-baba torpağıdır. Azərbaycanın Cənub hissəsinə nəzər salsaq Şimal istiqamətində gördüyümüz tkilərin, yəni bizə qarşı işğalçılıq siyasətinin eynisini görərik. Cənubda isə sərhədlərimiz Təbriz şəhərinə qədər uzanır, bu isə real Azərbaycan ərazilərindən böyükdür. Azərbarcanda sovetlər hakimiyyətinin qurulduğu bir vaxtda və bundan bir qədər əvvəl İran və Rusiya arasında Azərbaycan bölünərək iki hissəyə ayrıldı və Azərbaycanın Şimal hissəsi Rusiya ərazisi, Cənub hissəsi isə İran ərazisi kimi tanıdıldı. İki böyük dövlət arasındakı sərhəd Araz cayı oldu. Məhz bu səbəbdən Araz cayı Azərbaycan xalqının dilində “ayrılıq”, “həsrət” cayı kimi də səslənir. Bu ayrılığa sənət adamları, ziyalılar, rəssamlarımız, şairlərimiz də susmamışlar. Belə həsrət və intizardan yaranan şeirlər, bayatılar hələ də xalqımızın dillər əzbəri olmuşdur. Belə bayatılardan 44 günlük şanlı qələbəmiz münasibəti ilə Bakıda keçirilən hərbi paradda çıxış üçün söz verilən Qardaş Türk dövlətinin prezidenti cənab Rəcəb Təyyub Ərdoğanın səsləndirdiyi bayatıdır.
Arazı ayırdılar,
Su ilə doyurdular,
Mən səndən ayrılmazdım,
Zülm ilə ayırdılar.
Bütün bu hadisələr xalqımıza “Gülüstan sülh müqaviləsi”, “Türkməncay sülh müqaviləsi” kimi tanıtdırılmışdır.
Azərbaycanın qərb istiqamətində əvvəlki sərhədlərini nəzərdən keçirsək bu zaman burada Erevan dövləti yox, Azərbaycanın qədim İrəvan xanlıqlarını və onların ərazilərini, mədəniyyət abidələrini, qalalarını asanlıqla görmək olar. Zaman-zaman xain, türkçılıyə qarşı etnik təmizləmə işlərini qarşılarına məqsəd qoymuş məkirli ermənilər və onların havadarları Azərbaycan ərazilərini bu dəfə də rus hakimiyyətinin əli ilə Azərbaycandan qopararaq Ermənistana verməklə Azərbaycan torpaqları hesabına böyük Ermənistan qurmaq xülyasına düşmüşlər. Onlar bu məkirli siyasətlərini həyata keçirmək üçün Zəngəzurda, Qarabağda, Şamaxıda, Qubada, Gəncədə, Bakıda və s. soyqırım keçirərək və bu işğalçıların qatil rəhbərlərini Azərbaycan xalqının dırnaqarası qəhrəmanları, xilaskarları kimi tanıtdırmağa çalışmışlar. Azərbaycan tarixini silmək istəyənlər belə öyrədidilər ki, guya Azərbaycanlıları qətlə yetirən, soyqırım törədən Şaumyan və digərləri qəhrəmandırlar, əslində isə qatil, cinayətkardırlar.
Biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsinlər. Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. XX əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayyətdir. Orada Sevan yoxdur, orada Göyçə gölü var. Hesab edirəm ki, əvvəlki xəritələr çoxlu sayda çap edilməli, ictimaiyyətə çatdırılmalı və bundan da gənc nəsil tarixi həqiqətləri bilməlidir.
Hesab edirəm qədim Azərbaycan ərazilərini təmsil edən xəritə hər bir yerdə, idarə, müəssisə, məktəblərdə və s. lərdə divar lövhəsi olaraq bir guşə təşkil etməlidir. Bununla da biz bütün ictimaiyyətin və xüsusən gənc nəslin tarixi həqiqətləri bilməsi üçün müəyyən işlər görmüş olarıq.
Nazim Fərəcov,
Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı



















