image-qanunla-reklam
image-1683700076309737470_1200x630

Gənc nəsil milli-mənəvi dəyərlərə bağlı olmalıdır

image-lady-day-az

Gənc nəsil milli-mənəvi dəyərlərə bağlı olmalıdır

Hər bir ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, onun müstəqil dövlət kimi möhkəmlənməsində düşünülmüş gənclər siyasəti olduqca mühüm əhəmiyyət kəsb edir. Gənclik Vətənin müdafiəsi, ölkənin inkişafı deməkdir. Bu baxımdan intellektual potensiala malik gənclərin yetişdirilməsi böyük önəm daşıyır. Gənclərin fiziki baxımdan sağlam, mənəviyyatca təmiz, milli vətənpərvərlik ruhunda tərbiyəsi, onların dövlətçilik məfkurəsi ətrafında sıx birləşməsi kimi vacib və aktual vəzifələr bu gün dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir. Son illər Azərbaycanda gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər ölkə gəncliyinin inkişafında mühüm rol oynayıb. Milli-mənəvi dəyərlər, əlbəttə, çox geniş məfhumdur. Lakin burada birinci növbədə torpaq, dil, ocaq, əcdad, övlad və qadınla bağlı şərəf, ləyaqət və namus ənənələrini nəzərdə tutmaq lazımdır. Müasir Avropada və Amerikada bir sıra xalqların milli faciə, qlobal fəlakət kimi yaşadığı müasir əxlaqi demoqrafik bəlalara qarşı ən yaxşı sipər milli-mənəvi dəyərlərimizdir. Müstəqil Azərbaycan dövlətinin mədəniyyət siyasətinin həyata kecirilməsində əsas çətinliklərdən biri də qloballaşmadır. Qloballaşma beynəlxalq aləmdə labüd olan bir proses kimi həyatımızdan yan kecə bilməz. Bir şərtlə ki, bu prosesdən ümumi inkişafımız üçün səmərəli istifadə edə bilək. Azərbaycan dünyada multikulturalizm dəyərlərinin nümunəsi kimi, etnik, dini, sosial mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər, həmrəy və qarşılıqlı dostluq şəraitində yaşadığı unikal ölkələrdəndir. Bu bəşəri dəyər olmamışdan əvvəl bizim milli dəyərimiz olub lap qədimdən bu ənənə yaşadılıb bu günlərə kimi davam etdirilir. Hazırda isə bu, həm dövlət siyasəti, həm də ictimai münasibətlər sistemi kimi inkişaf etdirilir. Ölkəmizin gələcəyi gənclərdən asılıdır. Milli-mənəvi dəyərlərimizi də, gələcək elmi-texniki, sosial-iqtisadi inkişafımızı da gəncləri qoruyacaq, təmin edəcək, yaşadacaq.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

 

İkinci Qarabağ müharibəsindəki Qələbə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir

Bu Zəfər Azərbaycan durduqca qalacaq, bizim qəlbimizdə, yaddaşımızda, kitablarda, əsərlərdə. Bu, qəhrəmanlıq dastanıdır. Bu, misli görünməmiş qəhrəmanlıqdır. İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi; İkinci Qarabağ müharibəsindəki Qələbə  bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Bu Zəfər Azərbaycan durduqca, bizim qəlbimizdə, yaddaşımızda, kitablarda, əsərlərdə qalacaq. Dövlətimizin başçısı deyib ki, bu, qəhrəmanlıq dastanıdır, bu, misli görünməmiş qəhrəmanlıqdır.  İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi.  Vətəndaşların, xüsusi ilə də gənclərin uğurlu gələcəyini təmin etmək üçün müstəqil dövlətimiz tarixi, mədəni, irsi, etnik köklərə söykənir, onların milli mənlik şüurunun və vətənpərlik hisslərinin tərbiyəsi istiqamətində məqsədyönlü siyasət aparır. Bu gün milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz yüksək səviyyədə qorunur, tariximiz dərindən öyrənilir. Ölkədə daxili və xarici siyasət xalqımızın tarixi və mədəni ənənələrinə, dilimizə, dinimizə, milli-mənəvi dəyərlərimizə istinad edərək həyata kecirilir. Son 20 il ərzində Ulu Öndərin yolu ilə gedərək sosial sahədə böyük irəliləyiş olub, maaşlar, pensiyalar müntəzəm olaraq qaldırılır, keçmiş məcburi köçkünlər üçün şəhərciklər salınıb, 300 mindən çox keçmiş məcburi köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu məsələlərində biz dayanmadıq, əksinə, irəliyə getməıiyik. Bu ilin dövlət büdcəsinə əlavələr ediləcək, o əlavələrin böyük bir hissəsi yenə də hərbi məqsədlər üçün nəzərdə tutulur. Çünki biz daim hazır olmalıyıq. Təhdidlər artır, təhlükələr artır və biz hər bir təhlükəni dəf etməyə qadir olmalıyıq. 30 il ərzində Ermənistan öz himayədarlarının dəstəyi ilə Qarabağı verməmək üçün gecə-gündüz əlləşirdi. Coğrafi relyefə də arxalanırdı. 5, 6, bəzən 7 xətt müdafiə istehkam qurğuları da onlara kömək etmədi.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova

 

 Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xidmətləri vardır

Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə Ümumilli Lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşşəbbüsü irəli sürülmüşdir. Ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin I Forum – 2 fevral 1996-cı ildə ilk forumu keçirilmişdir. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak etmişdir.1997-ci il fevralın 1-də forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul etmişdir. Müstəqil Azərbaycanın gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmin illər sosial-iqtisadi çağırışlar, müharibə şəraiti, müxtəlif istiqamətlərdən daxil olan ideoloji dəyərlərin gəncləri təsir altına salma cəhdləri ilə müşayiət olunurdu. Ümummilli Lider aydın strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı. 2003-cü ildən sonrakı dövrdə isə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Gülüstan sarayında təşkil olunan Gənclər Forumunda gənc sahibkarlar, dövlət proqramlarının iştirakçıları, keçmiş məcburi köçkün, şəhid ailələrinin gənc üzvləri, Vətən müharibəsi iştirakçıları, təhsildə və sosial inklüziv fəaliyyətdə fərqlənənlər iştirak ediblər. Ulu Öndər həmişə olduğu kimi, uzaqgörənlik göstərərək məhz gənclərə üz tutdu, onları dəvət etdi, onlara öz tövsiyələrini verdi və gəncləri gələcək inkişaf üçün təşkilatlandırmaq və hazırlamaq üçün əməli-praktik addımlar atıldı. Əgər biz bu kiçik bir tarixi ekskursa nəzər salsaq görərik ki, Heydər Əliyev nə qədər haqlı idi. Çünki bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir və əlbəttə ki, yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi Heydər Əliyevin xidmətləri arasında önəmli yer tutur.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Bahar Qurbanova

 

 

 Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir

Tarix boyu müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü təhdid altında olan Azərbaycan dövlətinin sistemli iqtisadi inkişaf strategiyası olmadığına görə ölkə iqtisadiyyatı dəfələrlə böhranlarla üzləşmiş, Azərbaycan xalqı layiq olduğu həyat səviyyəsinə nail ola bilməmişdir. Zəngin təbii resurslara malik olmasına baxmayaraq, güclü siyasi liderin olmaması səbəbindən ölkədə iqtisadi münasibətlər düzgün tənzimlənməmiş, mövcud potensialdan səmərəli şəkildə istifadə edilməmiş, nəticədə Azərbaycan xalqı zaman-zaman böhran və fəlakətlərlə üzləşmişdir. XX əsrin 60-cı illərində Azərbaycanın yenidən dərin iqtisadi böhran mərhələsinə qədəm qoyduğu bir tarixi şəraitdə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev ölkədə nəinki yeni dövlətçilik ənənələrinin, həmçinin zamanında uğurla icra edilən və gələcək nəsillərə ötürülən sosial-iqtisadi inkişaf strategiyasının əsasını qoymuşdur. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövrünün – 1969-1982-ci və 1993-2003-cü illərin sosial-iqtisadi vəziyyətinin statistik təhlili bir daha göstərir ki, O, ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün qətiyyətli addımlar atmış, uzaqgörənliklə, əsaslandırılmış şəkildə hazırlanan, respublikanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramlarının müəllifi olmaqla onların icrasına tam nail olmuşdur. Ulu Öndər Heydər Əliyev 1969-cu ildə ölkə rəhbəri seçilən vaxt Azərbaycan iqtisadiyyatı keçmiş İttifaq ölkələri ilə müqayisədə çox zəif inkişaf etməklə milli gəlirinin artım sürətinə və adambaşına düşən milli gəlirə görə SSRİ-nin orta göstəricisindən geri qalırdı. Həmin illərdə əsaslı infrastruktur islahatları həyata keçirilməmiş, kadr siyasəti düzgün formalaşdırılmamış, sosial sahələrin inkişafı üçün zəruri addımlar atılmamışdır. Belə bir çətin dövrdə Azərbaycana rəhbərliyə başlayan Ulu Öndər Heydər Əliyev qısa müddətdə ölkə iqtisadiyyatının dərindən və kompleks təhlilinə, geriliyin əsas səbəblərini aşkara çıxarmağa nail olmuşdur. İqtisadiyyatın hərtərəfli inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün yeni inkişaf strategiyaları, proqramlar hazırlanmış və mərhələli şəkildə onların icrasına başlanılmışdır. Hər bir məsələyə xüsusi həssaslıqla yanaşan Ümummilli lider strateji xətti və prioriteti yüksək peşəkarlıqla müəyyənləşdirməklə ölkənin sosial-iqtisadi inkişaf modelini yaratmağa müvəffəq olmuşdur. Təəssüflə qeyd etmək lazımdır ki, 1987-ci ildə Ulu Öndər Heydər Əliyev SSRİ rəhbərliyindən istefa verdikdən sonra, eləcə də bazar münasibətlərinə keçid zamanı plan iqtisadiyyatı üçün nəzərdə tutulmuş idarəetmə və iqtisadi mexanizmlərin və əlaqələrin pozulması, iqtisadi və siyasi qeyri-sabitlik ölkə iqtisadiyyatının bir çox sahəsini iflic vəziyyətinə saldı. İqtisadiyyatda artıq 1989-cu ildən başlamış geriləmə prosesi müstəqilliyin ilk üç ilində daha da dərinləşdi. Belə bir dövrdə geriləmə prosesinin qarşısının alınması, iqtisadi-siyasi sabitliyin bərpa edilməsi və yeni iqtisadi dirçəlişin təməlinin qoyulması tələb olunurdu. İqtisadiyyatda islahatların aparılması, qanunvericiliyin, vergi və bank sistemlərinin iqtisadi şəraitə uyğunlaşdırılması, beynəlxalq münasibətlər fonunda yeni iqtisadi siyasətin həyata keçirilməsi zərurəti yaransa da, ölkə rəhbərliyinin səriştəsizliyi, idarəetmə orqanlarının fəaliyyətsizliyi, strateji planların olmaması səbəbindən böhran getdikcə dərinləşməyə başlamışdır. Qeyd olunanlarla yanaşı, Azərbaycanın xarici təzyiqlər və daxili çəkişmələr nəticəsində 1993-cü ilin iyununda vətəndaş qarşıdurması, dağılmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda xalqımız yenidən öz taleyini məhz Ulu Öndər Heydər Əliyevə etibar etməklə müdrik qərar qəbul etdi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan dünya şöhrətli dövlət xadimi Ümummilli lider Heydər Əliyev siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində nəinki ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtardı, eyni zamanda, sosial-iqtisadi islahatlara start verməklə bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsinin əsasını qoydu. Bazar iqtisadiyyatı prinsiplərinin, sahibkarlıq sinfinin formalaşdırılması məqsədilə dövlət tərəfindən zəruri addımlar atıldı. Sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafı və bu sahədə mövcud problemlərin aradan qaldırılması üçün ardıcıl Dövlət proqramları qəbul edildi, qanunvericilik bazası yaradıldı. İqtisadi sferada dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi məqsədilə ciddi tədbirlər görülməklə bu sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldıldı. Bir sözlə, Ulu Öndər Azərbaycanın sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə yeni inkişaf strategiyasının təməlini qoydu. Ümummilli liderin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrində aparılan düzgün və səmərəli siyasətin sayəsində sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı və ticarətdə əldə edilmiş yüksək nailiyyətlərin nəticəsində Azərbaycanın bugünkü uğurları müasir Azərbaycan dövlətinin banisi, Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilərək həyata keçirilmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən keyfiyyətcə yeni müstəviyə keçirilmiş islahatlarla bağlıdır. Məhz bu islahatlar hesabına Azərbaycanda bazar münasibətlərinə söykənən sosialyönümlü iqtisadiyyatın inkişafına nail olunmuş, ölkə əhalisinin həyat səviyyəsi yüksəldilmişdir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş və uğurla həyata keçirilmiş Dövlət proqramlarında, habelə digər tədbirləri əhatə edən Fərman və sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası, qanunvericilik bazasının təkmilləşdirilməsi ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Məleykə Hümbətova

 

 “Heydər Əliyev İli”

Prezident cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi vətəndaşlar, ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilib. Bu il görüləcək işlər, layihələr ictimaiyyət tərəfindən maraqla gözlənilir.  Ölkə Prezidentinin 28 noyabr 2022-ci il tarixli Sərəncamı ilə 18 müddəadan ibarət «Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər planı təsdiqlənib. Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.  Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının ürəyində, Azərbaycan dövlətçiliyində xüsusi iz buraxan şəxsiyyətdir. O, Azərbaycanı ən qabaqcıl ölkələrdən birinə çevirib. Prezident cənab İlham Əliyev bu gün Heydər Əliyevin siyasətini davam etdirir. Xüsusilə, Qarabağ və Şuşa ilə əlaqədar Ulu Öndərin vəsiyyətini, arzusunu məhz Prezident cənab İlham Əliyev həyata keçirdi. Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayır, dövlətinə, xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin əyani təcəssümüdür.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova 

 

Azərbaycanda bütün azadlıqlar təmin edilir

Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artır. Ölkəmiz bütün dünyada demokratik, hüquqi və dünyəvi dövlət, eyni zamanda bir çox millətlərin və konfessiyaların dinc, yanaşı yaşamasının unikal nümunəsi kimi tanınır. Dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəsi ilə beynəlxalq aləmdə yüksək qiymətləndirilən Azərbaycan, həm də çox qısa müddət ərzində etibarlı tərəfdaş, regional inkişafa, təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən ölkə olduğunu təsdiqləyə bilib. Bu gün Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan Azərbaycan tolerant, mehriban birgəyaşama mədəniyyəti baxımından artıq dünya üçün bir örnəkdir. Tarixən müxtəlif xalqların və dinlər arasında qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin ölkəmizdə mövcudluğu yüksək tolerantlıq ənənələrinin formalaşdığı dünyəvi, çoxmillətli və çoxkonfessiyalı dövlət kimi təqdim edir. Ölkəmiz çox qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olmuşdur. Çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün bu ideologiyanı tarixi reallığımızın özü irəli sürmüşdür. Həqiqətən, ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı Azərbaycan coğrafi, geosiyasi və mədəni məkandır. Azərbaycan xalqı öz təbiətindən gələn dərin insanpərvərlik və xoşməramlılıq duyğusu ilə uzun əsrlərdən bəri bütün digər xalqların dini-mənəvi dəyərlərinə daim ehtiramla yanaşmışdır. Ölkədə müxtəlif mədəniyyətlərə və dini cərəyanlara məxsus insanların heç bir maneəyə rast gəlmədən qarşılıqlı anlaşma şəraitində azad yaşamaları üçün geniş imkanlar yaradılmışdır. Eləcə də azsaylı xalqların öz mədəni dəyərlərini qorumaları və cəmiyyət həyatının istənilən sahəsində fəal iştirak etmələri üçün həmişə şərait yaradılmışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Müasir dövrdə Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti dövlətin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

 İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu məsələlərində biz dayanmadıq, əksinə, irəliyə gedirik

Müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biri sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğudur. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açmışdır.Ümummilli lider Heydər Əliyevin təhlükəsizlik siyasəti və strategiyası, ordu quruculuğu ilə bağlı başladığı işlər Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan modernləşmə islahatları və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri dövlət başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Prezident cənab İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Dövlət başçısı təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən orqan və qurumlar içərisində, ilk növbədə, ölkəmizin hərbi təhlükəsizliyinin qarantı olan ordu quruculuğu və Silahlı Qüvvələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi istiqamətində çox gərgin, səmərəli və məqsədyönlü iş aparmaqdadır. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi Azərbaycan tarixinə bizim şanlı zəfərimiz kimi yazılmışdır. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Silahlı Qüvvələrimizin müəllifi olduğu bu zəfərin qazanılmasında xüsusi rolu olan xalq-ordu birliyi daha bir imtahandan uğurla çıxdı. İllərdən bəri göstərilən siyasi qətiyyətin, möhkəm iradənin məntiqi nəticəsi olan bu zəfər yolunda atılan addımlar bəhrəsini verdi. Prezident cənab  İlham Əliyevin müdafiə qüdrətimizin möhkəmlənməsi istiqamətində davam etdirdiyi siyasət özünü doğrultdu. Xalqla ordunun birliyi qələbə əzmini artırdı, ordunu daha güclü etdi. Danışıqlar yolu ilə əldə olunmayan nəticə hərbçilərimizin peşəkarlığı, rəşadəti, şəhidlərimizin canı-qanı bahasına, dövlətimizin siyasəti hesabına qazanıldı. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masasında qarşıya qoyulan məqsədinə nail oldu. ​Bu gün hər bir Azərbaycan vətəndaşı böyük Zəfəri bizə yaşadan qalib ordumuzla fəxr edir. Çünki bu müzəffər ordu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amildir.

Zərdab rayon Gənclər və İdman İdarəsinin əməkdaşı-Məleykə Hümbətova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki