Füzulinin coğrafiyası
Hər il 17 oktyabr Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıyır. Bu tarix uzun illər işğal altında qalmış Füzuli şəhərinin azad olunduğu gün kimi tarixə düşüb. Füzulinin azadlığı Vətən müharibəsinin ilk böyük zəfərlərindən biri olmaqla, xalqımızın birliyinin, ordumuzun gücünün və şəhidlərimizin qəhrəmanlığının simvoluna çevrilib. Bu gün həm də şəhərin dirçəlişi, yenidən qurulması və həyatın bərpası ilə əlaqədar rəmzi bir bayram kimi qeyd olunur.
Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan maili düzənlik və alçaq sahələri əhatə edir. Rayon həm dağlıq, həm də düzənlik relyef formalarını özündə birləşdirir ki, bu da onun təbiətinin zənginliyini təmin edir. Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, həmçinin Araz çayı boyunca İran İslam Respublikası ilə həmsərhəddir. Ərazidən axan Quruçay, Köndələnçay və Çərəkən çayları Araz hövzəsinə məxsusdur və rayonun su ehtiyatlarının formalaşmasında mühüm rol oynayır. Füzuli rayonunun ümumi sahəsi 1386 kvadrat kilometrdir. Bu coğrafi xüsusiyyətlər kənd təsərrüfatının, xüsusilə üzümçülük, taxılçılıq və heyvandarlığın inkişafı üçün əlverişli şərait yaradır.
Füzuli şəhəri tarixən Qarabağ bölgəsinin mühüm mədəni, iqtisadi və sosial mərkəzlərindən biri olub. 1993-cü ildə şəhər işğal altına düşmüş, yaşayış məntəqələri dağıdılmışdı. 2020-ci ilin 17 oktyabrında isə Azərbaycan Ordusu qəhrəmanlıqla Füzulini azad etdi. Bu hadisə Vətən müharibəsinin gedişində mühüm strateji dönüş nöqtəsi oldu və xalqımızın qələbə əzmini daha da gücləndirdi.
Bu gün Füzuli şəhəri tamamilə yenidən qurulur. Qısa müddət ərzində burada müasir infrastruktur yaradılıb, yeni yollar, məktəblər, sosial obyektlər və Füzuli Beynəlxalq Hava Limanı inşa olunub. Bu inkişaf şəhərin gələcəkdə bölgənin əsas iqtisadi və mədəni mərkəzlərindən birinə çevriləcəyini göstərir.
17 oktyabr təkcə Füzulinin azad olunduğu gün deyil, həm də Azərbaycan xalqının qürur, birlik və yenidən doğuluş günüdür. Bu tarix dövlətimizin gücünü, xalqımızın iradəsini və azadlıq uğrunda mübarizəmizin ədalətli nəticəsini simvolizə edir.
Gəncliyə Dəstək İctimai Birliyinin Sədri Vəfa Xəlilli