Füzulinin coğrafiyası.
Azərbaycan tarixində bəzi günlər var ki, milli yaddaşımızda əbədi olaraq qürur və sevinc simvoluna çevrilir. 17 oktyabr – Füzuli şəhəri günü də məhz belə tarixi günlərdəndir. Bu tarix, həm də Azərbaycan xalqının əyilməz iradəsinin, qəhrəman Ordumuzun şücaətinin və dövlətimizin qətiyyətinin bariz nümunəsidir. Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan düzənlik və alçaq sahələri əhatə edir. Onun ərazisindən axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinə qovuşur. 1386 km²-lik rayon Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları ilə habelə Araz çayı boyunca İranla həmsərhəddir. Coğrafi mövqeyinə görə Füzuli tarixən Qarabağa giriş qapısı hesab olunub. 1827-ci ildə əsası qoyulan Qarabulaq yaşayış məskəni əsasında 1930-cu ildə Qaryagin rayonu təşkil edilmiş, 1959-cu ildə isə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illiyi münasibətilə rayona Füzuli adı verilmişdir. Bu ad təkcə bir coğrafiyanın deyil, həm də poeziyanın, ədəbiyyatın, mənəviyyatın adı kimi tarixə yazılmışdır. Rayon türbələri, qəbir daşları, məscidləri ilə zəngin idi. Babı kəndindəki Şeyx Babi Yaqub türbəsi (XIII əsr), Aşağı Veysəllidəki Mirəli türbəsi (XIV əsr), Əhmədalılar kəndindəki sənduqəli qəbirdaşları, XIX əsr Cəlil türbəsi və digər abidələr Füzulinin qədim mədəniyyət mərkəzi olduğunu göstərirdi.
23 avqust 1993-cü ildə erməni silahlı qüvvələri Füzuli şəhərini və rayonun böyük hissəsini işğal etdi. Bu işğal nəticəsində 663 şəhid, 181 əsir və itkin, yüzlərlə müharibə əlili verdik. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin qətiyyətli əmri ilə keçirilən əməliyyatlar nəticəsində 22 yaşayış məntəqəsi azad edildi. Lakin Füzuli şəhərinin özü yalnız 2020-ci ilin 17 oktyabrında azad olundu. Füzuli uğrunda gedən döyüşlər Vətən müharibəsinin ən ağır, lakin ən şərəfli səhifələrindən biri oldu. 30 il ərzində düşmənin qurduğu istehkamlar Ordumuzun iradəsi qarşısında məhv edildi. Hərbi mütəxəssislərin aylarla çəkəcəyini düşündüyü əməliyyat, Azərbaycan əsgərinin qəhrəmanlığı ilə qısa müddətdə uğurla başa çatdı. Düşmən ordusu sonda silahını ataraq qaçdı. Bu qələbə ilə Füzuli azad edildi, Şuşaya yol açıldı və Qarabağın hərbi-siyasi taleyi birdəfəlik dəyişdi. 2020-ci il noyabrın 26-da təsis edilmiş “Füzulinin azad olunmasına görə” medalı ilə 25 mindən çox hərbi qulluqçumuz təltif olundu. Bu medal əsgərimizin igidliyinin, millətimizin qürurunun rəmzidir. İşğaldan sonra Füzuli rayonunun yenidən qurulması dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə 17 oktyabr “Füzuli şəhəri günü” elan edildi. Ən ağır mina ilə çirklənmiş bölgələrdən olan Füzulidə bərpa işləri geniş vüsət alıb. “Böyük Qayıdış” proqramına əsasən, 2026-cı ilin sonuna qədər 22 min insan Füzuliyə qayıdacaq. Özbəkistan Prezidentinin təşəbbüsü ilə məktəb, Qazaxıstan Prezidentinin təşəbbüsü ilə Uşaq Yaradıcılıq Mərkəzinin inşası isə dostluğun və həmrəyliyin bariz nümunəsidir.
Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini