image-qanunla-reklam
image-for_the_liberation_of_fuzuli_medal

“Füzulinin azad olunmasına görə” təsis olunmuş medal

image-lady-day-az

“Füzulinin azad olunmasına görə” təsis olunmuş medal.

 Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun missiyası işğalda olan hər bir qarış torpağımızı düşmən tapdağından azad etmək idi. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. 17 oktyabr 2020 ci il tarixdə Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri ilə bərabər Füzuli şəhəri şanlı Ordumuz tərəfindən işğaldan azad edilmişdir. Vətən müharibəsi günlərində isə ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmiş, döyüşlər zamanı Füzuli rayonundan 80 nəfərədək sakin şəhid olmuş, 300 nəfərədək sakin yaralanmışdır.

Füzulinin azad edilməsi hərbçilərimizin böyük peşəkarlığı, məharəti və fədakarlığı sayəsində mümkün oldu. 30 il ərzində düşmənin təmas xəttində möhkəm istehkamlar qurmasına və hətta ən tanınmış hərbi mütəxəssislərin belə, Füzulini işğaldan azad etmək üçün aylarla vaxt lazım olacağı barədə proqnozlarına baxmayaraq, qəhrəman Azərbaycan Ordusu mümkünsüzü mümkünə çevirdi.

Vətən müharibəsindən sonra Prezident cənab İlham Əliyev tərəfindən “Füzulinin azad olunmasına görə” medalı təsis edilib. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25.325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur

Ermənistanın hər iki müharibədə törətdiyi hərbi cinayətlərin, vəhşiliklərin Beynəlxalq ictimaiyyət dəfələrlə şahidi olub. Bu gün Füzuli rayonu azad olmuş rayonlar arasında ən çox minalarla çirklənmiş ərazidir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində azad olunmuş torpaqlara Böyük Qayıdış başlamışdır. Artıq azad olunmuş rayonlarda bir çox yaşayış məntəqələrinin təməlqoyma mərasimi olmuşdur. Müxtəlif infrastruktur layihələr, tikinti işləri aparılır, Füzuli rayonunun baş planının təsdiqlənməsi, Ağdam-Füzuli avtomobil yolunun tikintisi, rayonda çoxmənzilli yaşayış məhəlləsinin təməlinin qoyulması, cəmi 8 ay ərzində Füzuli Beynəlxalq hava limanının tikilib istifadəyə verilməsi bunun bariz nümunəsidir.

Bu gün Qarabağda aparılan quruculuq işləri ölkənin həyatına çoxsaylı yeniliklər gətirəcək, Böyük qayıdış keyfiyyətcə yeni bir həyata qayıdış olacaq, məcburi köçkünlər layiqli həyat şəraiti ilə təmin olunacaqlar.

 

Zərdab Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki