image-qanunla-reklam
image-fuzuli_ve_ceb1503433941-600x375

Füzuli rayonunun işğalı

image-lady-day-az

Füzuli rayonunun işğalı

Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğalçı Ermənistan  silahlı qüvvələri ilə döyüşdə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuş, 181 nəfər əsir və itkin düşmüşdür. Füzulidə 1994-cü ilin yanvarında həyata keçirilən uğurlu Horadiz əməliyyatı zamanı 22 yaşayış məntəqəsi azad olundu. Horadiz əməliyyatı zamanı düşmənin çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi, onlarla döyüş texnikası, xeyli sayda silah-sursat qənimət kimi ələ keçirildi, ağır itkilər verən düşmən atəşkəs müqaviləsini imzalamağa məcbur oldu.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz qəsəbəsi başda olmaqla, işğaldan azad olunmuş digər yaşayış məntəqələrində infrastrukturun bərpasına başlanıldı. Prezident cənab İlham Əliyevin Sərəncamları ilə isə rayon ərazisində məcburi köçkünlər üçün                         17 qəsəbə salındı, Horadiz qəsəbəsinə isə şəhər statusu verildi. Bundan 26 il sonra – 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən                  17 oktyabr tarixində işğaldan azad edildi. Vətən müharibəsi zamanı ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi.

Dövlətimizin başçısı cənab İlham Əliyevin tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə  işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edildi. Bu  bayram günlərini qeyd edərkən  şəhidlərimizin xatirəsinə  dərin ehtiramımızı ifadə edirik. Bu günə görə  onlara borcluyuq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin çıxışlarında daim vurğuladığı kimi, dövlətin nə qədər gücü,  silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir. O sinəsini qabağa verir, ölümə gedir və Bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı yaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək.

Bu gün şəhidlərimizin ruhu şaddır. Canları, qanları ilə tarix yazan şəhidlərimizin hər birinin həyat yolu bir dastana çevrilib. Onların qəhrəmanlığı, şücaəti unudulmazdır.

Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən oldu.  Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər verdi.  Ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idilər ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur..

Bu gün Füzuli  rayonu yenidən qurulur və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il martın 18-də “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. Dövlət başçısı cənab İlham Əliyevin  xüsusi diqqəti nəticəsində rayonda “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, həmçinin Köndələnçay su anbarları kompleksi istifadəyə verilib. Füzulidə nəqliyyat infrastrukturunun yaradılması istiqamətində mühüm  layihələr icra edilib.  Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istifadəyə verilib. Qarabağda və Şərqi Zəngəzurda nəzərdə tutulan üç hava limanından biri məhz bu rayonun ərazisindədir. İlk istifadəyə verilən  də Füzuli Beynəlxalq Hava Limanıdır. Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən bu hava limanının 2021-ci ildə  Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı oldu. Cəmi 8 ay ərzində inşa edilən Füzuli Beynəlxalq Hava Limanı Azərbaycanın iqtisadi imkanları ilə yanaşı, bu ərazinin strateji əhəmiyyətini də  təsdiqlədi.

 

Zərdab Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki