image-qanunla-reklam
image-media-1632737255_0aq-2-3nihs4ektpx120lzom9g

Füzuli rayonun işğaldan azad olunması

image-lady-day-az

Füzuli rayonun işğaldan azad olunması.

Vətən müharibəsinin 21-ci günü – 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli şəhəri günü kimi qeyd olunur.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Bu əlamətdar günün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün – oktyabrın 17-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 4 il ötür. Döyüşlər başlayandan oktyabrın 17-dək Füzuli rayonunun bir neçə kəndi uğurlu əməliyyatlarla işğaldan azad olunmuşdu. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçıb. Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb. Füzuli şəhərinin azad olunmasının əməliyyat planı özünəməxsusluğu ilə diqqət çəkir. Belə ki, Ordumuz düşmənin gözləmədiyi yerdən, tam fərqli istiqamətdən şəhərə daxil oldu. Bu qarşısıalınmaz hücum nəticəsində düşmənin yalnız bir yolu qalırdı – qaçmaq. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Vətən müharibəsinin gedişində füzulilərin yurd həsrətinin bitdiyi xəbərini Ali Baş Komandan İlham Əliyev özünün Tvitter səhifəsindən və televiziya müraciətindən Azərbaycan xalqına böyük sevinclə elan etdi. Füzulinin düşməndən təmizlənməsi, Milli Ordunun şəhərə nəzarəti ələ alması xəbəri sözlə ifadə olunması mümkünsüz bir coşğu yaratdı. Ordumuz təmas xətti ilə bağlı erməni mifini dağıtmış, keçilməz deyilən istehkamları yara bilmiş, Füzuli əməliyyatını müvəffəqiyyətlə bitirərək, doğma yurdu düşmənin  pəncəsindən çəkib çıxarmağı bacarmışdı. Füzuli minaların sayına görə ən çox çirkləndirilmiş rayondur – burada  yüz mindən çox mina basdırılıb. Bu fakt da bizi kədərləndirir, çünki Füzuli ilə bağlı iqtisadi inkişaf proqramının sürətini əngəlləyir. Füzuli şəhəri və rayonun bütün yaşayış məntəqələri işğaldan azad olunarkən qarşılaşdığımız tablo son dərəcə acı idi. Məcburi köçkünlərin qoyub getdiyi Füzulidən əsər-əlamət qalmamışdı.  Bütün tarixi-dini abidələrin izi silinmiş, rayon tamamilə viran qalmışdı. Prezident İlham Əliyev qələbə günü “bayraq sancmağa heç bir yer tapmadıq”- deyərkən, Füzulinin acı mənzərəsini insanların təsəvvüründə aydın canlandıra bilmişdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu. Füzuli əməliyyatı nəinki Azərbaycanın, həm də dünyanın hərb tarixində əlamətdar bir yenilikdir ki, bu gün də bir çox ölkənin hərbi məktəblərində maraqla öyrənilir.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin Elmi işçisi –Alagöz Namazova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki