image-qanunla-reklam
image-fuzuli_city_160823

Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur

image-lady-day-az

Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur

1993-cü il avqustun 23-də Ermənistan tərəfindən Füzuli rayonu işğal olundu. İşğal nəticəsində rayonun 51 kəndi, Füzuli şəhəri və bir çox qəsəbələri tamamilə viran edildi. Minlərlə dinc sakin doğma yurdlarından didərgin salındı, tarixi abidələr, məscidlər, qəbiristanlıqlar və mədəniyyət ocaqları məhv edildi. Azərbaycanın qədim diyarlarından biri olan Füzuli rayonu zəngin tarixi, mədəni və dini irsi ilə seçilir. Qarabağ bölgəsinin mühüm hissəsini təşkil edən bu ərazi əsrlər boyu Azərbaycanın ictimai-siyasi, iqtisadi və mənəvi həyatında əhəmiyyətli rol oynamışdır. Füzuli torpağında qədim yaşayış məskənləri, memarlıq abidələri, türbələr, məscidlər və karvansaralar mövcuddur.

Ermənistanın hərbi təcavüzü nəticəsində Füzuli şəhəri illərlə “xarabalığa çevrilmiş şəhər” kimi qaldı. İşğal dövründə rayonun ərazisi minalarla və partlamamış sursatlarla çirkləndirildi. Füzuli həm də ən çox minalanmış ərazilərimizdən biridir.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək iradəsini nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq göstərərək işğal altındakı torpaqları azad etdi.

Füzuli uğrunda döyüşlər müharibənin ən mühüm və çətin mərhələlərindən biri idi. Azərbaycan Ordusu 2020-ci il 17 oktyabr tarixində Füzuli şəhərini işğaldan azad etdi. Bu tarixi qələbə həm strateji, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyırdı. Füzulinin azad edilməsi Zəngilan, Qubadlı və Şuşa istiqamətində növbəti əməliyyatların uğurla aparılmasına şərait yaratdı.

Füzuli əməliyyatı zamanı Azərbaycan əsgəri minalanmış və təbii baryerlərlə dolu əraziləri yararaq irəlilədi. Hər bir addımda qəhrəmanlıq, sədaqət və vətənpərvərlik nümayiş etdirildi. Müzəffər Ordumuzun igidləri canları bahasına bu şəhəri azad etməklə xalqımıza qürur və başucalığı bəxş etdilər.

Azadlıqdan sonra aparılan təmizləmə əməliyyatları göstərdi ki, Füzuli azad olunmuş rayonlar arasında minaların sayına görə ən çox çirklənmiş ərazidir. Bu fakt işğalın miqyasını və erməni vandalizminin dərəcəsini bir daha nümayiş etdirir.

Prezident cənab İlham Əliyevin tapşırığı ilə ərazidə minatəmizləmə işləri geniş şəkildə aparılır, insanların təhlükəsiz qayıdışı üçün zəruri şərait yaradılır.

Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, müharibədən dərhal sonra bütün azad olunmuş ərazilərimiz kimi, Füzuli də yenidən qurulur və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir. Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı hazırlanıb. Burada nəqliyyat infrastrukturunun yaradılması istiqamətində nəhəng layihələr reallaşdırılıb. Təsadüfi deyil ki, Qarabağın hava qapısı da Füzulidə inşa olundu. Söhbət Füzuli Beynəlxalq Hava Limanından gedir. Cəmi 8 aya inşa olunan bu strateji hava limanının açılışında Prezident cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdi. Füzuli Hava Limanı dünyada ən qısa müddətdə inşa edilən beynəlxalq hava limanlarından biri kimi tarixə düşdü.

Nəticə etibarı ilə bu gün Füzuli şəhəri dağıntılardan doğan həyatın, yenidən qurulan torpağın və xalqın sarsılmaz iradəsinin simvoludur. Füzuli şəhəri günü təkcə bir rayonun azadlığını deyil, Azərbaycanın ərazi bütövlüyünün, ədalətin və milli birliyin təntənəsini ifadə edir.

 

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki