Fransada, Azərbaycanın şəhərlərinin biri ilə qardaşlaşmış Evian şəhərində vandalizm aktı baş verdi.
Bir müddət əvvəl Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın Fransada ucaldılmış abidəsinə qarşı təhqiramiz hərəkətlər törədildi. Erməni fitvası ilə heykəlinə qarşı “müharibə” elan edilmiş şairə və rəssam Natəvan öz zəmanəsinin görkəmli şəxsiyyətlərindən olub, təkcə Azərbaycanda deyil, bütün Qafqazda mesenatlığı ilə tanınıb. Buna baxmayaraq bəlkə də dünyada Xurşidbanu Natəvan kimi 2-ci başqa bir görkəmli şəxsiyyət yoxdur ki, abidələrinə qarşı bu dərəcədə vandallıq aktları törədilsin. Əvvəlcə ötən əsrin sonunda işğal olunmuş Şuşada Xan qızının heykəlini erməni təcavüzkarlar güllələmişdilər. Vətən müharibəsində tarixi Qələbəmizdən sonra həmin heykəl bərpa olunmuş şəkildə özünün əzəli yerinə qaytarıldı. Ağdamda Natəvanın dağıdılmış qəbirüstü abidəsi bərpa ediləndən çox keçməmiş isə özünü dünyanın mədəniyyət mərkəzi sayan Fransada da onun abidəsi təcavüzə məruz qaldı. Xatırladaq ki, indiyədək Azərbaycanın və Fransanın bir çox şəhərləri arasında dostluq, mədəni və digər istiqamətlərdə əməkdaşlıq üzrə müvafiq sənədlər imzalanıb. 2015-ci ildə isə Fransanın Evian-le-Bən şəhəri ilə Azərbaycanın İsmayıllı şəhəri arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Həmin müqavilə çərçivəsində 2017-ci ildə Evian-le-Bən şəhərində Leman gölü sahilində “Azərbaycan parkı”nın rəsmi açılış mərasimi baş tutub. Bununla yanaşı, parkda “Dostluq” bulağı yaradılıb və Xurşidbanu Natəvanın heykəli ucaldılıb. Zamanında Fransanın Evian-le Bən şəhərində “Azərbaycan parkı”nın salınması və burada Natəvanın heykəlinin ucaldılması hər iki tərəfdən ifadə olunan xoş niyyətin ifadəsi idi. Evian-le Bənin ovaxtkı meri Mark Fransina Azərbaycanın görkəmli qadın şairinin heykəlinin açılışından şərəf duyduqlarını vurğulayaraq demişdi ki, bu, iki şəhər arasında mədəni əlaqələrin, qarşılıqlı dostluğun möhkəmlənməsinə xidmət edəcək, şəhər meriyası ikitərəfli dostluğun rəmzi olan bu parkın həmişə belə gözəl olmasını daim diqqətdə saxlayacaq. Şəhər merinin mədəniyyət işləri üzrə sabiq müavini Alən Giro isə xalqlararası münasibətlərdə mədəni mübadilənin böyük rolu olduğunu bildirmişdi: “Bunun sayəsində insanlar bir-birini yaxşı tanıyır. Bu da onlara tarixlərini də yaxşı tanımağa imkan yaradır. Dostluq da insanlar arasında mübadilədir. Hazırkı mürəkkəb dünyada bizi dostluq xilas edəcək”.
Ötən ilin sonunda Evian-le Bən şəhərinin meriyası mədəniyyətə düşmən münasibətli belə bir qərar qəbul etmişdi ki, oradakı “Azərbaycan parkı”nın qeyd olunduğu bütün yazılar yığışdırılacaq. Guya dekabrın 18-də müxalifət nümayəndələri bələdiyyə şurasından şəhərdəki bu parkın adı çəkilən bütün lövhələrinin rəsmən götürülməsini tələb ediblər və bundan sonra parkla bağlı bütün istinadlar silindirilib.Bu ilin yanvar ayında Fransanın Paris şəhərində fəaliyyət göstərən “Azərbaycan evi” ölkənin Evian-le Bən şəhər bələdiyyə şurasının “Azərbaycan parkı” ilə əlaqədar qərarı və Azərbaycan şairəsi Xurşidbanu Natəvanın parkda yerləşən abidəsi ətrafında yaranmış təhlükə səbəbindən müraciətlə çıxış etmişdi, parkın və heykəlin mövcud durumundan dərin narahatlıq keçirdiyini bildirmiş və bunun mədəni müxtəlifliyə hörmət prinsipləri ilə tamamilə ziddiyyət təşkil etdiyini diqqətə çatdırmışdı. Fransadakı səfirliyimiz isə məktubla müraciət etdiyi bu ölkə hakimiyyətinin müvafiq qurumlarını qarşılıqlı anlaşmaya töhfə verən mədəni rəmzlərin qorunmasının vacibliyini dərk edərək, lazımınca dəyərləndirməyə çağırmışdı. Həm də abidənin Azərbaycan səfirliyinin Parisdəki Mədəniyyət Mərkəzinin ərazisinə köçürülməsinin istənildiyi qeyd olunmuşdu.
Sevil Məmmədzadə-Zərdab Gənclər evinin dərnək rəhbəri
1990-cı illərin əvvəlindən Azərbaycan və Fransa arasında münasibətlər müsbət istiqamətdə inkişaf edib.
Prezident cənab İlham Əliyev martın 14-də “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı söyləyib ki, bir neçə ay sərf etməli olduq ki, həmin abidəni (Natəvanın vandalizm aktına məruz qalmış heykəli – red.) Eviandan götürüb Azərbaycanın Mədəniyyət Mərkəzinin həyətinə gətirib orada yerləşdirək. Hazırda Natəvanın abidəsi oradadır. Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Bu, əslində, onu göstərir ki, biz suverenliyimizi bərpa etdikdən sonra nə ilə üzləşmişik. Bu, əslində, ikili standartların nümayişidir”.Onu da deyək ki, Fransada yürüdülən mədəni şovinizm, ksenofobiya, qərəz və digər mədəniyyətlərə qarşı dözümsüzlük siyasəti bəzi fransızlar tərəfindən də pislənib. Onlar ədəbiyyatın və incəsənətin çirkin siyasi oyunbazlığa alət edilməsini kəskin şəkildə pisləyiblər. Məsələn, Evian-le Bən şəhər merinin müavini Jan-Pyer Amadio Xurşidbanu Natəvana ehtiramını bildirərək abidənin müdafiəsinə qalxaraq deyib: “O, azad qadın kimi tanınır və Eviandakı abidədə örtüksüz təsvir edilib. Əlbəttə, biz erməni xalqını dəstəkləyirik, lakin mədəniyyət və incəsənət xalqları və ölkələri birləşdirən ən etibarlı körpüdür. Hər şeyi aradan qaldırıb bu körpüləri dağıtmalıyıq?”. Fransanın “La Gazette du Caucase” onlayn qəzetinin baş redaktoru, məşhur jurnalist Jan-Mişel Brun özünün “X” sosial şəbəkəsində Azərbaycanın məşhur şairəsi Xurşidbanu Natəvanın heykəlinin aşağılanması xəbərinə münasibət bildirərkən vurğulayıb: “Aleksandr Dümanın heyran olduğu Natəvanın abidəsinin sökülməsi biabırçılıqdır”. Xatırladaq ki, 165 il əvvəl Aleksandr Düma Qafqaza səfəri zamanı müəyyən müddət Azərbaycanda qalıb və bir sıra əraziləri gəzib. 1859-cu ilin aprel ayında isə Dümanın 3 cilddən ibarət Qafqaz səyahətinin təəssüratları (fransızça: İmpression de Voyage Le Caucase) Parisdə çap olunub. Əsərdə yazıçının Azərbaycan şairəsi ilə tanışlığı da təsvir olunub. Bakı məhəllələrinin birinin polismeysteri Piquliyevskinin evində qonaq olan Aleksandr Düma orada Xurşidbanu Natəvan və onun həyat yoldaşı knyaz Xasay Usmiyevlə tanış olur, onlar arasında səmimi dostluq münasibətləri yaranır. Fransız yazıçısı Düma Natəvanla şahmat oynayır. Oyunun nəticəsi isə çox yaddaqalan olur. Belə ki, Natəvan Dümanı mat edir. Bu zaman Natəvan Dümadan yaşca xeyli kiçik idi. Onun cəmi 26, Dümanın isə 56 yaşı var idi. Sonradan Natəvanla Dümanın bu tarixi görüşü bir sıra bədii əsərlərin mövzusuna çevrilib. Xurşidbanu Natəvanın heykəlinə qarşı vandallığın ardınca Fransada daha bir vəhşilik baş verib. La Roş-syur-Yon şəhərində yəhudi-fransız əsilli siyasətçi və yazıçı Simon Veylin abidəsi təhqir edilib. Vandallar abidənin yanına qırmızı boya tökərək, gəlinciklər atıblar. Simon Veyl eyni zamanda, Fransanın keçmiş həmrəylik və səhiyyə naziri olub. Dünya mədəniyyətinin “beşiyi” sayılan Fransada baş verənlər mədəniyyətdən və əxlaqdan tamamilə kənar hərəkətlərdir. Sanki Fransa dövləti bütün problem və çətinlikləri unudub, ölkədə olan heykəl və abidələrə qarşı “səlib yürüşünə” çıxıb.
Cəvahir Murtuzayeva – Zərdab Gənclər evinin psixoloqu