image-qanunla-reklam
image-1651905703_ff9999

Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur

image-lady-day-az

Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur.

“9 mayda faşizm üzərində Qələbənin 76-cı ildönümü qeyd olunur. Azərbaycan XX əsrin ən dəhşətli faciəsi olan ikinci dünya müharibəsində faşizm üzərində Qələbənin əldə olunmasına mühüm töhfələr verib. 600.000 nəfərdən çox oğul və qızımız orduya yola salınıb, 300 mindən artıq soydaşımız döyüşlərdə həlak olub. Müharibə illərində 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan hərbi birləşmələr keçmiş SSRİ-nin yüzlərlə yaşayış məntəqəsi uğrunda qəhrəmancasına döyüşüblər, bir çox ölkənin azad olunmasında yaxından iştirak ediblər. Əsgər və zabitlərimizin igidliyi, şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir”. “Müharibə illərində Azərbaycan xalqı arxa cəbhədə də əzmkarlıq nümayiş etdirib. Bakı nefti qələbənin qazanılmasında əvəzsiz rol oynayıb. Azərbaycan xalqı ordunun ərzaq, geyim, hərbi ləvazimat, sursat və digər zəruri məhsullarla təchizatında xüsusi fəallıq nümayiş etdirib. Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dönəmlərində müharibə veteranlarına xüsusi diqqət və qayğı ilə yanaşıb. Məhz ulu öndərin qərarı ilə müharibə iştirakçılarının mənəvi haqları özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 May – Qələbə günü qeyd olunur. Ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin müharibə veteranlarını və onları qayğılandıran məsələləri şəxsi nəzarətində saxlayır və bu qəbildən olan şəxslərin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı ardıcıl tədbirlər görür. Təəssüf ki, müasir dünyamızda hələ də faşizmin qəhrəmanlaşdırılması, bu ideologiyaya xidmət etmiş şəxslərə abidələr ucaldılması kimi mənfi tendensiyalar müşahidə olunur. Faşizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir və insanlıq üçün utancdır. 30 il ərzində Ermənistanın işğalçılıq və soyqırımı siyasətinin acı nəticələrini yaşamış Azərbaycan xalqı 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına və növbəti hərbi təcavüzünə cavab olaraq Vətən müharibəsinə qalxdı. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etdi və tarixi Qələbə qazandı. Azərbaycan xalqı daha bir qəhrəmanlıq salnaməsi yazaraq qalib xalq olduğunu bütün dünyaya sübut etdi, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixi, ata və babalarımızın igidlik, mərdlik, şücaət ənənələri daha da zənginləşdirildi.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov

 

 

1941-ci ildə Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi.

1941-1945-ci illər Böyük Vətən müharibəsi başlayanda Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi.Statistik rəqəmlər sübut edir ki, minlərlə oğlan və qız hərbi komissarlıqlara ərizə ilə müraciət edərək cəbhəyə getdilər. Müharibənin başlanğıcında təqribən 40 min adam könüllü surətdə əsgər köynəyi geyindi, təqribən 200 min adam xalq qoşununa yazıldı. Müharibənin birinci ilində Azərbaycan Kommunist Partiyası 40 min kommunisti cəbhəyə göndərdi. Ümumiyyətlə, müharibə illərində 11 mindən artıq qadın səfərbərliyə alındı, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəldi. Hərbi hissələr üçün 15 min tibb işçisi və sanitar drujinaçısı, 750 rabitəçi, 3 min sürücü hazırlandı. Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, həmçinin 77-ci, 223-cü, 227-ci, 242-ci, 271-ci,392-ci, 394-cü,396-cı, 402-ci, 414-cü və 416-cı milli diviziyalar formalaşdırıldı. 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Müharibə illərində göstərdikləri igidliyə görə 42 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına,30 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. 77-ci,223-cü, 271-ci,396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər.
Böyük Vətən müharibəsində adlarını tarixə yazmış azərbaycanlılar haqqında hər birimiz məlumatlıyıq.Bir daha xatırlatmaq yerinə düşər ki, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, həmçinin İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, Leninqradın müdafiəsi zamanı 17 ölümcül yara almasına rəğmən təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları tarixə düşmüşdür. Qafqazın müdafiəsi uğrunda döyüşlərdə Ziya Bünyadovun bölməsi düşmənin xeyli canlı qüvvə və texnikasını məhv etmişdi. 1945-ci ilin yanvarında isə sovet ordusu Polşada döyüşdüyü zaman Ziya Bünyadovun başçılıq etdiyi bölüyün bütün döyüşçüləri Plitsa çayı üstündəki körpü uğrunda qeyri-bərabər döyüşdə göstərdikləri igidliyə görə təltif edildilər. Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Rəşid Məcidov Brandenburq darvazası üzərində Sovet bayrağını dalğalandırmışdır. Faşizmə qarşı mübarizədə 121 nəfər Azərbaycan SSR vətəndaşı (onlardan 43 nəfəri azərbaycanlıdır) Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər (onlardan 15 nəfəri azərbaycanlıdır) “Şöhrət” ordeninin tam üç dərəcəsinin kavaleri oldu. Azərbaycanlılar Fransa, İtaliya və digər dövlətlərin orden və medallarını almışlar.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov

 

 

Bütün çətinliklərə rəğmən, neftçilərimiz 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi dövründə fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər.

XX əsrdə Azərbaycan xalqı öz tarixində bir neçə dəfə faşizmlə mübarizədə iştirak edib, iki dəfə faşizmə qarşı müharibələrdə qalib gəlib. Belə ki, Azərbaycan xalqı 1941-1945-ci illərdə İkinci Dünya Müharibəsində Sovetlər Birliyinin 15 respublikasından biri olaraq alman faşizminə qarşı müharibə edən ittifaq millətləri ilə birlikdə müharibədə iştirak edərək faşizm üzərində qələbənin əsas lokomotivlərindən birinə çevrilməyə nail olub.Qəhrəman xalqımızın ümumilikdə 600 mindən çox oğul və qızı 1941-1945-cı illərdə İkinci Dünya müharibəsində iştirak edib. Müharibə illərində göstərdikləri igidliyə görə 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 271-ci, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçiblər. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Həmin müharibədə qələbənin digər bir vacib amili də Abşeron yarımadasından çıxarılan Azərbaycan nefti idi. Bütün çətinliklərə rəğmən, neftçilərimiz 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi dövründə fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər. İkinci Dünya müharibəsi dövründə Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması amili də xalqımızın Qələbəyə verdiyi əvəzsiz töhfələrindən biridir. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini almaq üçün yeni texnologiya yaradılıb. Sovet aviasiyası məhz bu yanacağın hazırlanmasından sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq oldu”.Həmin illərdə 100 növ kimya məhsulları, o cümlədən 36 növ yağ, 26 növ yandırıcı və partlayıcı vasitə, 9 adda aviasiya benzini, 8 adda dizel yanacağının kütləvi istehsalına başlandı. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Ulu öndər Heydər Əliyev 1941-1945-ci illər müharibəsi haqqında deyirdi: “Bu qələbədə Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur”.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov

 

Qəhrəman Azərbaycan övladları.

Mayın 9-da İkinci Dünya Müharibəsinin başa çatmasından 78 il ötür. Bu müharibə dünya tarixinin gedişatını və milyonlarla insanın taleyini dəyişdi. Müharibə illəri Sovet İttifaqı tarixində ən çətin və eyni zamanda qəhrəmanlıq dövrü idi. Azərbaycan xalqı da bütün xalqlarla bir sırada qələbəyə doğru bütün sınaqlardan keçdi. Azərbaycanın mərd övladları öz qəhrəmanlıqları ilə adlarını tarixə əbədi yazdırdılar. İsrafil Məmmədov Azərbaycandan olan ilk Sovet İttifaqı Qəhrəmanı oldu. 3 dekabr 1941-ci ildə Novqoroda gedən yolda İlmen gölü yaxınlığında Məmmədovun başçılıq etdiyi iyirmi nəfərlik dəstə qeyri-bərabər döyüş aparırdı. Əsgərlər 10 saat ərzində faşistlərin bütöv bir batalyonunun hücumlarını dəf etdilər və əlavə qüvvələr gələnə qədər tutduqları mövqeləri saxladılar. Bu döyüşdə 300-ə yaxın nasist məhv edildi. Şəxsən baş serjant Məmmədov düşmənin 70 əsgərini və 3 zabitini məhv edib. Göstərdiyi şücaət və qəhrəmanlığa görə İsrafil Məmmədov 11 dekabr 1941-ci il tarixli fərmanla Lenin ordeni və Qızıl Ulduz medalı ilə təltiflə yanaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanda general-mayor Həzi Aslanovu tanımayan və fəxr etməyən adam yoxdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Azərbaycanın əsl Milli Qəhrəmanına çevrildi. 1942-ci ilin dekabrında Aslanovun 55-ci tank alayı F.Paulüsun 6-cı ordusunun mühasirəsini yarıb keçməyə çalışan feldmarşal Manşteynin ordusunun aparıcı bölmələrinə qarşı çıxdı. Ən çətin və ən təhlükəli yerlərdə Aslanovun komandir tankı peyda olurdu. Stalinqrad döyüşlərinə görə Həzi Aslanov ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 1943-cü ilin yanvarında Həzi Aslanova polkovnik rütbəsi verilir və 35-ci qvardiya tank briqadasının komandiri təyin edilir. Aslanovun tankçıları Belqorod, Sumı, Axtırka, Poltava, Lebedin, Mirqorod şəhərlərinin azad edilməsində iştirak ediblər. Həzi Aslanovun tankçılarının Kiyevin cənubunda düşmənin arxa xəttində apardığı yürüş əfsanəyə çevrilib. Kursk döyüşlərdə isə onlar hərbi şöhrətlərini daha da artırdılar. 1944-cü ilin martında Həzi Aslanova tank qoşunlarının general-mayoru rütbəsi verilir. Qırmızı Ordunun yay hücum əməliyyatlarında Aslanovun tank briqadası yenidən özünü sönməz şöhrətə bürüdü. Aslanovun Belarusda döyüşdüyü bir ay ərzində onun briqadası 40-dan çox tankı, 200-ə yaxın texnikasını, onlarla təyyarəni məhv edib. Almanlar 2,5 mindən çox əsgər və zabi itirdilər. Həzi və onun tankçıları düşməni Borisov, Minsk, Vilnüs və digər şəhərlərdən qovdular. Aslanovun şücaəti 3-cü Belorusiya Cəbhəsinin komandiri Çernyaxovskini heyran etdi. Və o, Sovet İttifaqı Qəhrəmanı adının yenidən generala verilməsi üçün bütün lazımi sənədləri hazırladı. Lakin bu təqdimata yalnız 21 iyun 1991-ci ildə baxıldı və tank qoşunlarının general-mayoru Həzi Aslanov ölümündən sonra ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Təəssüf ki, Həzi Aslanov Böyük Qələbəni görmədi və 1945-ci ilin yanvarında Latviyanın Priekule şəhəri yaxınlığında vəfat etdi. Onun son sözləri belə oldu: “Mənim mübarizəm bitdi…Tanklar isə irəli getməlidirlər… və yalnız irəli – tam qələbəyə qədər!” Azərbaycan oğulları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak etmişdilər. Yuqoslaviyada alman işğalçılarına qarşı cəsarətli təxribatları ilə şöhrət qazanmış “Mixaylo” ləqəbli əfsanəvi partizan və kəşfiyyatçı Mehdi Hüseynzadə haqqında eşitməyən az adam tapır. Ağır yaradan sonra əsirliyə düşən və oradan qaçaraq Fransa müqavimətinə qoşulan, orada Armad Mişel adı ilə daha çox tanınan Azərbaycanın Şəki şəhərindən olan sadə oğlan – Əhmədiyyə Cəbrayılovun həyatı da şücaətlərlə dolu idi.  Göstərdiyi şücaətlərə görə Azərbaycan gənci Şarl de Qollun əlindən aldığı Fransanın ən yüksək mükafatlarına layiq görülüb. Hərbi xidmətlərinə görə Əhmədiyyə Cəbrayılov Fransanın Milli Qəhrəmanı adına layiq görülüb. Fəxri Legionun Ali Ordeni ona Fransada keçirilən bütün hərbi paradlarda generalların qabağında getmək hüququ verdi. Azərbaycan cəbhəçiləri İkinci Dünya Müharibəsi salnaməsinə qəhrəmanlıq səhifələri yazdılar. Onların göstərdiyi qəhrəmanlıq indi bütün Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycan faşizm üzərində Böyük Qələbəyə verdiyi töhfə ilə haqlı olaraq fəxr edir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov

 

 

Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında iştirak etmişdilər.

Ötən əsrin ən böyük müharibəsi sayılan II Dünya Müharibəsi bütün xalqların, ölkələrin tarixində və yaddaşında silinməz izlər qoyub. Mayın 9-da faşizm üzərində qələbənin 78-ci ildönümüdür. II Dünya Müharibəsi Azərbaycanın sərhədlərindən uzaqda getsə də, xalqımız bütün gücü və resursu ilə bu döyüşlərin iştirakçısına çevrilib. Həmin dövrdə faşizmə qarşı mübarizədə həm yeraltı və yerüstü sərvətləri, həm də canlı qüvvəsi ilə düşmənə qarşı səfərbər olan Azərbaycan xalqı göstərdiyi rəşadət və cəsarətlə adını tarixə qızıl hərflərlə yazdı. Azərbaycanın igid oğulları cəbhədə düşmənə qarşı layiqli mübarizə aparıb. Xalqımızın nümayəndələri istər açıq döyüş meydanında, istərsə də, partizan və müqavimət hərəkatında igidlik nümayiş etdirib, fəal iştirak ediblər. Azərbaycanlılar Krımda, Ukraynada, Belarusda, Şimali Qafqazda, Baltikyanı ölkələrdə, Polşada, Çexiyada, Macarıstanda, Yuqoslaviyada və İtaliyada partizan dəstələri sıralarında, Fransada antifaşist müqavimət hərəkatında igidliklə vuruşublar. İsmayıl Əliyev Smolensk vilayətində fəaliyyət göstərən partizan briqadasının qərargah rəisi, Məmməd Əliyev Krımda partizan dəstəsinin başçısı, Ələkbər Əliyev Belarusda “Dyadya Kolya” partizan birləşməsinin qərargah rəisi olmuşdu. Ukraynada 400 azərbaycanlı partizan dəstəsi təşkil etmişdilər. 1942-ci ildə Polşada faşist hərbi əsir düşərgəsində Hadi Qiyasbəyovun və Mirzəxan Məmmədovun başçılığı ilə gizli təşkilat yaranmışdı. Azərbpaycanlılar partiyazan və müqavimət hərəkatı çərçivəsində Qərbi Avropada da böyük şöhrət qazanıblar. Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında iştirak etmişdilər. Onlardan Fransa müqavimət hərəkatında vuruşan Əhmədiyyə Cəbrayılovun adı yaddaşlarda daha çox qalmışdır. O, “Armed Mişel” adı ilə müqavimət hərəkatında fəal iştirakına görə Fransanın 5 ordeni və yüksək fəxri adı — “Fransanın Milli Qəhrəmanı”, şəxsi igidliyinə görə paradda əsgərə generaldan qabaqda getmək hüququ verən hərbi medalı ilə də təltif olunmuşdu. Azərbaycanın igid oğlu Mehdi Hüseynzadə Yuqoslaviyada faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmişdi. O, Yuqoslaviya Xalq Azadlıq Ordusunun kəşfiyyat təxribatçı qrupuna rəhbərlik edərək 1000 nəfərdən çox faşist zabitini məhv etmiş, 700 nəfər hərbi əsiri azad etmişdi. Həmçinin Ukrayna, Polşa və İtaliyada hərbi əsir düşərgələrində olan sovet əsirlərinin qaçmasına köməklik etmişdir. 1944-cü ildə faşistlərlə qeyri-bərabər döyüşdə həlak olmuşdu. 1957-ci ildə ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov

 

 

Azərbaycan xalqının ümumilikdə 600 mindən çox oğul və qızı 1941-1945-cı illərdə İkinci Dünya müharibəsində iştirak edib.

İkinci Dünya müharibəsində faşizm üzərində tarixi Qələbənin bu il 78-ci ili tamam oldu. Böyük qanlar və itkilər hesabına qazanılan bu qələbə təbii ki, adi qələbə deyildi. Bu, dünyanın yüzlərlə xalqının, Yer kürəsinin milyonlarla insanının eyni arzularını və məqsədini birləşdirib onu bəşəri həmrəyliyə çevirən bir amal idi. Bu qələbə irqindən, dinindən, rəngindən, asılı olmayaraq neçə-neçə millət övladının babalarının bugünkü nəvələrə, gələcək nəsillərə yadigar qoyduğu əsl səadət qələbəsi idi.Bu böyük Qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük töhfəsi və rolu var. Çünki xalqımız faşizm üzərində Qələbənin əldə olunması üçün özünün 600 mindən çox oğul və qızını cəbhəyə yola salmışdı. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, xalqımızın əsl qəhrəmanlıq nümunələrini dünyaya nümayiş etdiriblər. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 123 nəfərin Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfərin isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülməsi bunun sübutudur. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında, Berlin uğrunda döyüşlərdə yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki