Əziz kəlbəcəcrilər Kəlbəcərə xoş gəlmisiniz !
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2025-ci ilin 21 avqust tarixində Kəlbəcər rayonuna olan səfəri sakinlər arasında böyük coşquya səbəb oldu. Otuz il düşmənin talanına məruz qalan, düşmənin yer üzündən silməyə çalışdığı Kəlbəcər şəhəri qısa zaman ərzində dünyanın ən gözəl, ən mənzərəli şəhərlərindən birinə çevrildiyi üçün sakinlər Cənab Prezidentə öz yüksək təşəkkürlərini, minnətdarlıqlarını bildirdilər. Kəlbəcərdə yüksək quruculuq, inşaat işlərinə diqqət yönəldən cənab prezident sakinlərlə görüşündə vurğuladı ki, dövlət sizin üçün bura da gözəl şərait yaradıb. Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən biridir. Bu gün o cümlədən ona görə tarixi bir gündür ki, ölkəmizin ən böyük rayonu olan Kəlbəcər və onun şəhəri artıq canlanır buraya həyat qayıdır və əminəm ki, siz burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz. Uzun illər ərzində ağır şəraitdə – çadırlarda, uyğunlaşdırılmış binalarda, uşaq bağçalarında, yataqxanalarda – müxtəlif yerlərdə yaşamısınız, həyatınız çox ağır olub. Düşmən öz dağıdıcı xisləti ilə Kəlbəcər şəhəri və onun kəndlərini talayaraq viran qoymuş, bütün tikililəri yerlə yeksan etmiş, sanki təbiətdən qisas alırmış kimi evlərlə, tikililərlə yanaşı meşələri də yandırmışdır. Bu dünyada özünü “qədim xalq” kimi tanıtmağa çalışan ermənilərin əsl xisləti, əsl üzüdür. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə digər torpaqlarımız kimi Kəlbəcər düşmən işğalından azad olunduqdan sonra otuz ilə yaxın zülmətə bürünmüş qədim yurdumuza yenidən günəş doğdu, həyat öz ilıq nəfəsi ilə yenidən Kəlbəcər dağlarını isitməyə başladı. Dünyanın gözləri önündə işğaldan azad olunmuş digər yurdlarımız kimi Kəlbəcərdə də surətli quruculuq, bərpa işləri başladıldı və çox keçmədən öz gözəlliyi, mənzərəsi, füsünkar təbiəti ilə yenidən həyat qayıtmış Kəlbəcər dünyanın ən gözəl dağlıq şəhərlərindən birinə çevrildi. Həyat verməyi, qurub-yaratmağı, yaşatmağı sevən xalqımız bu gündə dövlətimizin dəstəyi ilə Kəlbəcərdə yaradıcılıq, inşaat işlərini davam etdirirlər. Bu gün hər bir kəlbəcərli bu quruculuq işlərində yaxından iştirak edərək öz töhvələrini verməyə çalışırlar. Otuz iki ildən sonra öz doğma yurdlarına geri dönmüş Kəlbəcər sakinləri qarşısında çıxış edən Cənab Prezident İlham Əliyev – əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz! – dedi – Bu gün sizin həyatınızda tarixi bir gündür. Doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırsınız və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz – bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı.
İşğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən quruculuq işləri eyni zamanda bütün dünyaya dövlətimizin gücünü, iqtisadi inkişafını göstərir. Vətənimizin digər bölgələri kimi işğaldan azad edilmiş torpaqlarımız indi öz gözəlliyi ilə turistləri, xarici qonaqları özünə cəlb edir və bu torpaqlar əbədi olaraq öz əsl sahiblərinə – qədim Azərbaycan xalqına, güclü Azərbaycana mənsub olaraq qalacaqdır.
- Zərdabi adına Əlvənd kənd tam orta məktəbinin direktoru E. Xəlilov.