image-qanunla-reklam
image-01_baku

Ermənilər “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər

image-lady-day-az

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər.

Etnik təmizləmələr-bir etnik qrupa məxsus olan insanların məcburi surətdə müəyyən ərazidən köçürülməsi siyasəti. Bir sıra hallarda “etnik təmizləmələr” əhalinin kütləvi köçürülməsi ilə yanaşı, məcburi emiqrasiya, deportasiya və genosid forması ala bilər. Etnik təmizləmələr dini və milli mənsubluqdan irəli gələrək siyasi, strateji və ideoloji səbəblərdən ola bilər. 1988-1994-cü illər Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində bir milyondan artıq Azərbaycanlı (qaçqınlar və məcburi köçkünlər, soyqırıma məruz qalanlar) etnik təmizləməyə məruz qalmışdır. Bu, Azərbaycanın ümumi əhali sayına nisbətdə dünya üzrə rekord göstəricidir.

1905-1906-cı illərdə Rusiyada baş verən iğtişaşlardan fürsət kimi istifadə edən ermənilər, Bakı, İrəvan, Yelizavetpol (Gəncə) və Tiflis quberniyalarında dinc azərbaycanlılara qarşı kütləvi qırğın­lar törətmişlər. Erməni silahlı dəstələri İrəvan-Naxçıvan-Zəngəzur-Qarabağ və Qazax-Gəncə istiqamətlərində yerləşən azərbaycanlı yaşayış məskənlərinin əhalisini qırmaqla, qov­maqla və həmin ərazilərdə erməniləri məskunlaşdırmaqla gələcəkdə qurmaq istədikləri “Böyük Ermənistan” dövlətinin əsasını qoymaq istəyirdilər. Araşdırmaların nəticəsi göstərir ki, 1905-1906-cı illərdə sayları on min silahlıdan artıq olan erməni birləşmələri Bakıda, İrəvan şəhərində və onun ətraf kəndlərində, Eçmiədzin (Üçkilsə), Şərur-Dərələyəz və Naxçıvan qəzalarında, Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının Gorus, Qapan ( Qafan) və Qarakilsə (Sisyan) nahiyələrində, Şuşa, Cavanşir, Cəbrayıl, Qazax qəzalarında, Tiflis şəhərində və Borçalıda kütləvi qırğınlar törətmiş, 200-dən artıq yaşayış məntəqəsini viran qoymuşlar.

Birinci Dünya müharibəsi illərində Şərqi Anadolunu ələ keçirmək üçün hücuma keçən Rusiya ordusunun tərkibində hərbi xidmət keçən 150 min erməni əsgəri var idi. Üstəlik, tərkibində təqribən 10 min könüllünü birləşdirən 4 erməni drujinası da Eçmiədzin kilsəsinin xeyir-duası ilə Cənubi Azərbaycan ərazisindən (Xoy, Urmiya, Səlmas əyalətləri üzərindən) və Qars vilayəti üzərindən hərəkət edərək rus qoşunlarına qoşulmuşdu. Fürsətdən istifadə edən erməni silahlıları keçdikləri yolların üzərindəki azərbaycanlı və türk kəndlərini darmadağın edir, əhalisini ucdantutma məhv edirdilər.

Milli Şuranın iyunun 13-də keçirilən iclasında ermənilərin müsəlmanlara qarşı törətdikləri qırğınlar barədə İrəvandan gələn xəbərlər müzakirə edilir. İrəvan quberniyası ərazisində ev-eşiyindən didərgin salınan və ac-yalavac dolanan qaçqınların sayının 150 min nəfərə çatdığı, ermənilərin 206 kəndi dağıtdığı bildirilir. Azərbaycan Parlamenti 17 iyul 1919-cu il tarixli iclasında Zəngəzur qəzasından və İrəvan quber­niyasından olan qaçqınların vəziyyəti ilə bağlı məsələ müzakirə etmişdir. Bağır bəy Rizayev bir il əvvəl İrəvanda 22 min müsəlman yaşadığını və onların çoxunun şəhəri tərk etdiklərini, son vaxtlar isə tək-tək qayıdanların evlərini və əşyalarını dağıdılmış gördüklərini söyləyir. O, erməni hökumətinin müsəlman qaçqınlarına kömək etmədiyini bildirir.

Himayəçilik Nazirliyinin Ermənistandakı müvəkkili Teymur xan Makinskinin 11 noyabr 1919-cu ildə Himayəçilik Nazirliyinə göndərdiyi məruzəsində Ermənistan hökumətinin əsl siması açılırdı: “1918-ci ilin fevralından davam edən qırğınlar nəticəsində 0,5 milyon əhali dilənçi vəziyyətinə düşüb. (Naxçıvan qəzasından, Şərur məntəqəsindən, Sürməli məntəqəsinin 2-3-cü polis sahələrindən və Zəngibasar rayonundan başqa). Həmin ərazilərdə müsəlman əhali hər şeyini itirib. Dağıntıya məruz qoyulan rayonlarda əhali 200 min nəfərdən artıqdır. Onlar xəstəlikdən və aclıqdan məhv olurlar, dəfələrlə talanlara və qırğınlara məruz qalıblar. Bu kateqoriyaya İrəvan şəhərinin müsəlmanları, Zəngibasarın Göykümbət, Arbat, Ağcaqışlaq və Çarbax kəndləri aiddir. Qəti demək olar ki, ölənlərin sayı 100-120 min nəfərdir. 50 min nəfər Azərbaycana qaçqın kimi gəlib. Təqribən bir o qədər İrəvanda, Zəngibasar rayonunda, Sürməli qəzasının 2 məntəqəsində və Eçmiədzində yaşayırlar. Qalan qaçqınlar Naxçıvan qəzasına, Şərur məntəqəsinə, Sürməli qəzasının 3-cü sahəsinə və Qars vilayətinin Qağızman dairəsinə sığınıblar. Bəziləri Maku xanlığına və Türkiyə ərazisinə köçüblər. İndiki məqamda 50 min nəfərə ərzaq yardımı (un, taxıl və çörək şəklində) göstərilməlidir. İrəvan şəhərində aclıq keçirən əhalinin sayı 8 min nəfərdir. ”

Ümumiyyətlə, 1918-1920-ci illərdə erməni silahlı dəstələri tərəfindən Şamaxı qəzasında 58, Quba qəzasında 112, Gəncə quberniyasında 323 (o cümlədən, Zəngəzurda 166, Qarabağda 157), İrəvan quberniyasında 300, Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, bir milyona yaxın əhali öz tarixi-etnik torpaqlarından didərgin salınmışdır. Ümumiyyətlə, 1905-1920-ci illərdə təkcə indiki Ermənistan ərazisində 500-dən artıq azərbaycanlı kəndləri dağıdılmış, onların böyük əksəriyyəti erməni yaşayış məntəqəsinə çevrilmişdi. 1916-cı ildə İrəvan quberniyasında 373582 nəfər azərbaycanlının yaşadığı təsbit edildiyi halda, 1920-ci ilin noyabrında Ermənistan SSR-də cəmisi 12 min nəfər azərbaycanlı qeydə alınmışdı.

Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlıların az bir qismi öz evlərinə qayıda bilmişdi. 1922-ci ildə İrəvanda cəmisi 5124 azərbaycanlı yaşadığı halda, ermənilərin sayı 40396 nəfərə çatmışdı. Başqa sözlə, 1918-1920-ci illərdə Azərbaycanlılar 2,5 dəfə azalmış, ermənilərin sayı isə təqribən 4 dəfə artmışdı. 1918-1920-ci illərdə Ermənistanda azərbaycanlılara qarşı sözün həqiqi mənasında soyqırım törə­dil­diyi qənaətinə gəlmək üçün arxivlərdə və həmin dövrün mətbuatında kifayət qədər faktlar mövcuddur. Ermənilərin XIX-XX əsrlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırım və deportasiya aksiyalarına hüquqi-siyasi qiymət vermək məqsədiliə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalamış və bütün soyqırım faciələrini yad etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırım günü elan edilmişdir.

 

Hüseyn Eynullayev

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki