Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq xüsusilə enerji və nəqliyyat sahələrində həyata keçirilən strateji layihələr vasitəsilə özünü daha qabarıq şəkildə göstərir. Bu əməkdaşlıq yalnız iki ölkənin iqtisadi inkişafına deyil, həm də regionun qlobal iqtisadi sistemə inteqrasiyasına mühüm töhfə verir.
Azərbaycanın həyata keçirdiyi iri enerji layihələri – neft və qaz kəmərləri – Gürcüstan ərazisindən keçərək dünya bazarlarına çıxarılır. Bu baxımdan Gürcüstan Azərbaycanın enerji strategiyasında mühüm tranzit ölkə kimi çıxış edir. Bu əməkdaşlıq Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da əhəmiyyətli rol oynayır və alternativ enerji marşrutlarının formalaşmasına xidmət edir.
Nəqliyyat sahəsində də tərəflər arasında uğurlu əməkdaşlıq mövcuddur. Bakı–Tbilisi–Qars dəmir yolu xətti regionda iqtisadi inteqrasiyanın gücləndirilməsinə, yükdaşımaların artırılmasına və Şərq ilə Qərb arasında əlaqələrin genişlənməsinə mühüm töhfə verir. Bu layihə eyni zamanda Azərbaycan və Gürcüstanın beynəlxalq nəqliyyat-logistika şəbəkəsində strateji mövqeyini daha da möhkəmləndirir. Orta Dəhlizin inkişafı da iki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Avropa ilə Asiya arasında körpü rolunu oynayan bu layihə regionun tranzit potensialını artırmaqla yanaşı, yeni iqtisadi imkanlar yaradır. Azərbaycan və Gürcüstanın bu təşəbbüsdə fəal iştirakı onların beynəlxalq iqtisadi sistemdə mövqelərinin güclənməsinə xidmət edir.
Prezident İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri də geniş müzakirə olunmuşdur. Ticarət dövriyyəsinin artırılması, yeni investisiya layihələrinin həyata keçirilməsi və iqtisadi əlaqələrin şaxələndirilməsi əsas prioritet istiqamətlər kimi müəyyən edilmişdir. Bununla yanaşı, alternativ enerji, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlıq imkanları da diqqət mərkəzində olmuşdur.
Bu istiqamətlər gələcəkdə Azərbaycan və Gürcüstan arasında iqtisadi münasibətlərin daha da genişlənməsinə və yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaradır. Xüsusilə yaşıl enerji sahəsində əməkdaşlıq regionda dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına töhfə verə bilər. Azərbaycan–Gürcüstan əməkdaşlığı enerji və nəqliyyat layihələri vasitəsilə regionun iqtisadi inkişafına, qlobal enerji təhlükəsizliyinə və beynəlxalq nəqliyyat əlaqələrinin gücləndirilməsinə mühüm təsir göstərir. Bu tərəfdaşlıq gələcəkdə də yeni təşəbbüslərlə zənginləşərək həm ikitərəfli, həm də regional səviyyədə əhəmiyyətini qoruyub saxlayacaqdır.
Fuad Eyvazov – Zərdab rayonu, Məmmədqasımlı kənd sakini, sahibkar



















