Cənab Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışında dünyaya mühüm əhəmiyyətli mesajlar verildi. Bu gün Azərbaycan dünyanın qüdrətli dövlətləri sırasına daxil olmaqdadır. Hətta bir çox ölkəyə hərbi təyinatlı məhsul ixrac edirik. Ölkəmizdə pilotsuz uçuş aparatlarının istehsalına başlanılması növbəti uğurlarımızdandir. Artıq bu gün bu istiqamətdə Azərbaycanda çox böyük işlər görülür. Bu məhsullar həm xarici bazarlardan tədarük edilir, həm də ölkəmizdə də bir çox növdən ibarət pilotsuz uçuş aparatları istehsal olunur. Prosesin davam etdiriləcəyi qərara alınıb. Çünki müasir müharibələri bunsuz təsəvvür etmək mümkün deyil. Dövlətimizin başçısı AMEA-nın 80 illik yubileyindəki çıxışında da vurğuladı ki, digər sahələrdə olduğu kimi, bu istiqamətdə də, Azərbaycan elmi ictimaiyyəti üçün çox böyük fəaliyyət meydançası yaradılır. Əsası dahi şəxsiyyət, Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan AMEA-ya qayğı və alimlərimizin fəaliyyətinə dəstək siyasəti, bu gündə ölkəmizin ayrılmaz tərkib hissələrindən birinə çevrilib. Belə ki, müstəqilliyin yenicə əldə olunduğu vaxt bu mütərəqqi ocağın bağlanması nəzərdə tutulmuş, lakin Ulu öndər Heydər Əliyev bunun qarşısını qətiyyətlə almış və çıxışlarında həmişə akademiyanın mahiyyətinin vacibliyinə toxunmuş, daha sonrakı illərdə elm xadimlərinin mükafatlandırılması, yeni maddi-texniki bazanın formalaşması, akademiya ilə müasir elmin inteqrasiyalaşmasına gedən məşəqqətli yolun əsasını qoymuşdur. Məhz bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 mart 2025-ci ildə AMEA-nın 80 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam mühüm tarixi məqsəd daşıyır. Ölkə başçımız cənab İlham Əliyevin bu addımı elmimizə yeni bir nəfəs və ruh yüksəkliyi gətirdi.
Müstəqil Azərbaycan dövlətinin əldə etdiyi uğur və zəfərləri qoruyub saxlamaq üçün tariximizi bilmək, tariximizi düzgün təbliğ etmək çox vacib şərtdir. Bunun üçün orta və ali məktəblərdə tarix dərslərinin tədrisin keyfiyyəti də artırılmalı, gənc nəsildə tarimizi öyrənməyə həvəs yaradılmalıdır. Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə cənab Prezident İlham Əliyevin xüsusi həssaslıqla yanaşdığı məsələlərdən biri Azərbaycan dilinin saflığının qorunub saxlanması mövzusu oldu. Həm Ulu Öndər Heydər Əliyev, həm də cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan dilinin yad təsirlərdən qorunub saxlanılması, eləcə də inkişaf etdirilməsi üçün çox böyük işlər görülüb. Müvafiq Fərman və Sərəncamlar imzalanıb, lazımi tədbirlər həyata keçirilib. Dünyada baş verən qloballaşma fonunda bu cür addımların atılması çox təqdirəlayiq haldır. Bu gün Azərbaycan alimləri qarşısında duran əsas vəzifə müasir elmi-metodoloji yanaşmaları tətbiq etməklə, dövlətin texnoloji suverenliyinə xidmət edən innovativ layihələr həyata keçirməkdir. Dünya beyin yarışında milli elmi potensialımızın gücləndirilməsi həm intellektual inkişafın göstəricisidir, həm də strateji təhlükəsizliyimizin mühüm dayağıdır. Müasir dünya sürətlə dəyişir və şərait elmi sahəyə daha yüksək tələblər irəli sürür. Bu çağırışlar fonunda Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində vurğuladığı əsas fikirlər milli elmi inkişafın strateji istiqamətlərini müəyyənləşdirir. Bugünkü mərhələdə Azərbaycan elminin əsas hədəfi yalnız fundamental tədqiqatlarla kifayətlənmək deyil, həm də süni intellekt, biotexnologiya, enerji mühəndisliyi, nanomateriallar, kosmik araşdırmalar, kiber təhlükəsizlik, rəqəmsal iqtisadiyyat və digər yüksək texnoloji sahələrdə innovativ irəliləyişlərə imza atmaqdır.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Sevinc Gülüşova





















