Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 4 saylı Yengicə Seçki Dairəsindən olan deputatı Abbasov Əli Feyzulla oğlu barəsində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə daxil olmuş vətəndaş müraciətləri əsasında Ali Məclisin İntizam Komissiyası tərəfindən intizam icraatı başlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinin “Qanunla.az”a verilən məlumata görə, qanunvericiliyin tələblərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının hazırladığı rəy Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilib
Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən 11 dekabr 2025-ci il tarixdə Əli Abbasovun deputat mandatından məhrum edilməsi haqqında qərar qəbul olunub.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əli Abbasov rayon sakini – xadimə işləyən Simuzər Yusifovanın onun haqqında böhtan atdığını iddia edərək Şərur rayon Məhkəməsinə müraciət etmişdi. Deputat Simuzər Yusifovanın Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cəzalanmasını tələb etmişdi.
Ərizədə qeyd olunurdu ki, Simuzər Yusifova deputat Əli Abbasovun guya qızının evinə zorla daxil olması, sərxoş halda avtomobil idarə etməsi, müəllim adına layiq olmaması və əvvəlki illərdə Şərur rayonunda bir neçə ailəni dağıtması kimi əsassız ittihamlar irəli sürüb.
Simuzər Yusifovanın vəkili isə 2 saylı Vəkil Bürosunun vəkili Yusif Seyfəlovdur.
Deputatın nümayəndəsi şikayət ərizəsini düzgün hazırlamadığı üçün məhkəmə işi icraata götürməkdən imtina etmişdi.
Hazırda adı çəkilən cinayət işi Şərur rayon Məhkəməsinin hakimi İlkin Zeynalovun sədrliyi ilə davam etdirilir.
Orxan Rasifoğlu

























