2020-ci ildə tarixi Zəfərimiz, bundan beş il sonra ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ölkəmizin həyatında yeni dövrün başlanğıcı oldu. Yeni dövr yeni hədəfləri ilə xarakterizə olunur. Hər bir sahə kimi, mətbuat da bu yeniliklərdən, təkmilləşmədən kənarda qalmır. Cəmiyyətin güzgüsü missiyasını şərəflə yerinə yetirən mətbuat hər dövrün reallıqlarının cəmiyyətə dolğun şəkildə çatdırılmasında əhəmiyyətli rol oynayır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.
1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə yazıldı. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Azərbaycan mətbuatı 150 yaşını qeyd edir. Bu rəqəm özündə mətbuat tariximizin ayrı-ayrı mərhələlərinin reallıqlarını əks etdirir. 150 ilin işığında qarşıdakı dövrün hədəflərini müəyyənləşdirmək qürurvericidir. Bu günlərimdə “Əkinçi” qəzetinin ənənələrini rayonumuzun əsas mətbuat orqanı olan eyni adlı qəzetin nəşr olunması ilə yaşadırıq və ildə 800 nüxsə olmaqla hər ay şap olunur. Həsən bəy Zərdabi yurdunun övladları olaraq “Əkinçi” qəzetinin nəşrində Zərdab Rayon İcra Hakimiyyətinin maddi və mənəvi dəstəyinə görə minnətdarlığımızı bildiririk.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri