“Əkinçi” qəzeti.
Görkəmli ziyalı, maarifçi və publisist, böyük mütəfəkkir alim Həsən Bəy Zərdabinin təşəbbüsü, fədakar əməyi və bilavasitə rəhbərliyi ilə ilk azərbaycan dilli nəşrin – “Əkinçi” qəzetinin işıq üzü görməsi çox əlamətdar bir hadisə idi. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. “Əkinçi” Azərbaycan dilində milli demokratik və xalq mətbuatının ilki oldu. Cəmi 56 nömrəsi çap edilən qəzet bir millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi. Qəzetdə dövrünün bir çox ziyalı və maarifpərvərinin – Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin, Heydərinin, Məhəmmədtağı Əlizadə Şirvaninin, Mirzə Fətəli Axundovun məqalələri, Seyid Əzim Şirvaninin şeirləri və s. dərc olunub. Dövrünün görkəmli maarifçiləri olan bu şəxsiyyətlər “Əkinçi” qəzetində maarifçi və demokratik ideyaların təbliğinə, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişdilər.
İki ilə yaxın fəaliyyət göstərən “Əkinçi”nin naşiri açıq fikirli, saf əqidəli milli ziyalıları öz ətrafında birləşdirərək elm, maarif, mədəniyyət, ədəbiyyat, incəsənət, təbiət elmlərinin inkişafı ilə bağlı materiallar dərc edirdi, xalqın mədəni tərəqqisinə çalışaraq dini mövhumata, xurafata və cəhalətə qarşı mübarizə aparırdı. Həsən bəy Zərdabi özünün milli maarifçilik ideyası və xüsusiyyətləri ilə seçilən bu qəzeti milli mətbuatın müasirləşmə, məfkurə saflığı, ədəbi dilin formalaşması, obyektiv xəbərçilik və digər bu kimi yaradıcılıq prinsiplərini müəyyənləşdirməklə, onları milli jurnalistika məktəbi səviyyəsinə yüksəltmək istəyirdi. 1877-ci ilin sentyabrın 29-a qədər “Əkinçi” ayda iki dəfə 300-400 tirajla dərc edildi. Çar Rusiyası qəzetin insanların maariflənməsindəki, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və qəzetin nəşrini dayandırdı. “Əkinçi” qəzeti bağlandıqdan sonra müxtəlif səylər göstərilməsinə baxmayaraq, bir müddət azərbaycan dilində mətbu orqan çıxmadı.
Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri