image-qanunla-reklam
image-jfxsab7eyvhbnxihucmmdvujq2zmwo1odihj0ai5_1200

 Əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir

image-lady-day-az

 

Əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir.

Cənubi Qafqaz regionu uzun illər münaqişə və qarşıdurma şəraitində yaşamışdır. Bu münaqişələr yalnız dövlətlər arasında deyil, həm də xalqlar arasında dərin izlər buraxmışdır. Buna baxmayaraq, müasir dövrdə regionda davamlı sülhün və sabitliyin təmin olunması əsas prioritet məsələlərdən birinə çevrilmişdir. Azərbaycan dövləti hər zaman regionda uzunmüddətli sülhün bərqərar olunmasının tərəfdarı olmuş və bu istiqamətdə ardıcıl addımlar atmışdır.

Cənab Prezident İlham Əliyevin çıxışlarında vurğulandığı kimi, sülhün təmin olunması yalnız diplomatik sənədlərin imzalanması ilə məhdudlaşmamalıdır. Əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığının ən mühüm göstəricisi hesab olunur. Bu baxımdan Azərbaycan sülh prosesində yalnız sözlə deyil, konkret addımlarla iştirak etdiyini nümayiş etdirir.
Son dövrlərdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Bu addımlardan biri iki ölkə arasında ticarət əlaqələrinin başlanmasıdır. Azərbaycanın Ermənistana mühüm neft məhsullarının təchizatına başlaması regionda iqtisadi əməkdaşlığın formalaşmasına töhfə verən mühüm addımlardan biridir. Bu əməkdaşlıq təkcə iqtisadi baxımdan deyil, həm də qarşılıqlı etimadın formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyır.
Bununla yanaşı, Azərbaycan digər ölkələrdən Ermənistana gedən yüklərin ölkə ərazisindən tranzitinə qoyulmuş bütün məhdudiyyətləri aradan qaldırmışdır. Bu qərar regionda iqtisadi əlaqələrin genişlənməsi və nəqliyyat əlaqələrinin bərpası üçün mühüm addım kimi qiymətləndirilir. Tranzit imkanlarının açılması yalnız Ermənistan üçün deyil, ümumilikdə region üçün yeni iqtisadi imkanlar yaradır və regional əməkdaşlığın inkişafına şərait yaradır. Azərbaycanın bu addımları onun sülhə olan səmimi münasibətini və güclü siyasi iradəsini nümayiş etdirir. Çünki bəzən beynəlxalq təcrübədə imzalanan sənədlər uzun müddət ərzində yalnız kağız üzərində qalır və real nəticələr vermir. Azərbaycan isə sülh prosesinin yalnız sənədlərlə deyil, konkret və praktiki addımlarla möhkəmləndirilməsinin tərəfdarıdır.

2023-cü ilin sentyabr ayında Ermənistanla baş vermiş son hərbi toqquşmadan sonra regionda yeni siyasi reallıq formalaşmışdır. Qısa müddət ərzində tərəflər arasında aparılan danışıqlar və dialoq nəticəsində münasibətlərin normallaşdırılması istiqamətində mühüm irəliləyiş əldə edilmişdir. 2025-ci ilin avqust ayında sülhə nail olunması bu prosesin mühüm nəticələrindən biri kimi qiymətləndirilə bilər. İki ildən az müddətdə əldə olunan bu nəticə tərəflərin sülhə doğru atdıqları addımların göstəricisidir.
Sülhün təmin olunması yalnız dövlətlərarası münasibətlərin normallaşması demək deyil. Bu, həm də xalqlar arasında etimadın və qarşılıqlı anlaşmanın bərpasına xidmət edir. Müharibə şəraitində yaşamağın çətinliklərini yaxşı bilən xalqlar sülhün dəyərini daha yaxşı anlayırlar. Müharibə dağıntı və itkilər gətirirsə, sülh inkişaf və tərəqqi üçün yeni imkanlar yaradır. Azərbaycan üçün sülh yalnız siyasi məqsəd deyil, həm də regionun gələcək inkişafı üçün vacib şərtdir. Sülhün möhkəmlənməsi Cənubi Qafqazda yeni iqtisadi layihələrin həyata keçirilməsi, nəqliyyat və logistika əlaqələrinin genişlənməsi, regional əməkdaşlığın inkişafı üçün geniş perspektivlər açır. Bu isə bütün region ölkələrinin iqtisadi və sosial inkişafına müsbət təsir göstərir.

Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, sülhdən yaxşı heç nə ola bilməz. Müharibə şəraitində yaşamağın nə demək olduğunu bilən ölkələr sülhün dəyərini daha yaxşı anlayır və onu qorumağa çalışırlar. Bu baxımdan Azərbaycan regionda sülh və sabitliyin bərqərar olunması üçün bütün səylərini davam etdirir.

Zərdab Rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki