image-qanunla-reklam
image-s4368h807fd8ffd6a8fa5e1cbaeb9cac5f28d4ceb83b61_

Dünya şöhrətli  Dostoyevski öz atasının qatilidirsə?

image-lady-day-az

Dünya şöhrətli  Dostoyevski öz atasının qatilidirsə?

Freudun ədəbiyyata və sənətə həsr etdiyi əsərlər içində “Dostoyevski və ata qatilliyi” xüsusi yer tutur. 1926-cı ildə nəşriyyatlardan biri Dostoyevskinin “Karamazov qardaşları” əsərinə ön söz yazmaq üçün Ziqmund Freuda müraciət etmişdi. Həcmi bir çap vərəqi olan bu əsəri Freud iki ilə yazdı.

Dostoyevski yaradıcılığı və şəxsiyyəti psixoanaliz baxımından təhlil olunmuş bu əsərdə Freud, Dostoyevskini yaradıcılıq istedadına görə Şekspirlə bir səviyyədə tutur, “Karamazov qardaşları” romanındakı “Böyük inkvizitor əfsanəsi”ni isə dünya ədəbiyyatının ən yüksək nailiyyəti hesab edir. Bununla belə, Dostoyevskinin yaradıcılığında və tərcümeyi-halında rast gəlinən bir sıra motivlərin psixoanalitik təhlili yazıçının şəxsiyyətinin görünməyən tərəflərini qabardır, onun özünə də gizli olan iç dünyasını işıq üzünə çıxarır. Müəllif Dostoyevskinin mürəkkəb şəxsiyyətindən üç faktoru: “emosional həyatının qeyri-adi gərginliyi, anadangəlmə cinsi pozğunluğa instinktiv meyli və təhlilə gəlməyən yaradıcılıq istedadını” bir arada götürür.

Sigmund Freud Dostoyevskini cinayətkarlar cərgəsinə qoyur və onu da belə izah edir: Bu onun süjet seçimindən irəli gəlir, onun qəhrəmanları, əsasən, zorakı, qatil, eqosentrik xarakterlərdir ki, bu da Dostoyevskinin daxili aləmində bu cür meyillərin olduğunu göstərir. Bu həm də qumar oyunlarına qarşı ehtiraslı marağı, azyaşlı bir  qız uşağını pozması  kimi onun öz həyatına aid bəzi faktlardan qaynaqlanır. Bu ziddiyyət belə həll olunur: Dostoyekskini cinayətkara çevirə biləcək destruktivliyə güclü meyilliliyi həyatında əsas etibarilə onun özünə yönəldilib (yəni xaricə deyil, daxilə yönəldilib), odur ki, özünü mazoxizmdə və günah hissində göstərir. Hər halda, onun xarakterində hər şeyə cırnamağında, əzab verməyində, hətta ən sevdiyi adamlara belə dözümsüzlük göstərməsində, eləcə də oxucuya müraciət manerasında təzahür edən sadizm əlamətləri az deyil. Demək, xırda şeylərdə o, kənara, mühüm məsələlərdə isə özünə qarşı sadistdir, yəni əslində mazoxistdən başqa bir şey deyil. O, mazoxist, üzüyola, xeyirxah və həmişə kömək əli uzatmağa hazır olan bir insandır.

Dostoyevskinin mürəkkəb şəxsiyyətindən üç faktoru seçmişik – onlardan biri kəmiyyət, digər ikisi isə keyfiyyət faktorlarıdır. Onun emosional həyatının qeyri-adi gərginliyi, anadangəlmə cinsi pozğunluğa instinktiv meyli (bu onun sadomazoxist və cinayətkar bir insan olduğunu qaçılmaz şəkildə ortaya qoyur) və təhlilə gəlməyən yaradıcılıq istedadı.

Bəs Dostoyevskinin nevrozu özünü nədə göstərir? Dostoyevski özünü epileptik adlandırırdı və başqaları da şüurunu itirməsi, qıcolma və kəskin ruh düşkünlüyü ilə müşayiət olunan ağır tutmalarını əsas gətirərək onun epilepsiya xəstəsi olduğuna inanırdılar. Əslində isə epilepsiya adlandırdıqları Dostoyevskinin keçirdiyi nevrozun bir simptomu idi ki, bu halda həmin xəstəliyi isteroepilepsiya, başqa sözlə, ağır epilepsiya kimi müəyyənləşdirmək olar. İki səbəbə görə bunu tam əminliklə təsdiqləyə bilmirik: birincisi, ona görə ki, epilepsiya adlandırılan anamnez tutmalar haqqında məlumatlar yetərincə və etibarlı deyil, ikincisi də xəstəlik hallarına aid epletoid tutmalarla bağlı anlayış hələ aydın deyil. “Karamazov qardaşları”ndakı atanın öldürülməsi ilə Dostoyevskinin atasının öldürülməsi arasındakı dəqiq oxşarlıq bu böyük yazıçının həyatını yazanlardan çoxunun nəzərindən yayınmamış və onları “məlum çağdaş psixoloji istiqamət” barədə danışmağa vadar etmişdir. Həqiqətən də psixoanaliz baxımından (onların bəhs etdikləri müasir psixoloji məktəb psixoanalizdir) Dostoyevskinin atasının öldürülməsinin şiddətli bir travma olduğunu və yazıçının bu hadisəyə göstərdiyi reaksiyanın isə nevrozun bir dayaq nöqtəsi  kimi qəbul edilə biləcəyini demişdik. Əgər bu baxışı psixoanaliz mövqeyindən əsaslandırmağa başlasam, qorxuram ki, psixoanalizin dilinə və nəzəriyyələrinə nabələd olan oxucuların başa düşməmək təhlükəsi yaransın. O Dostoyevski ilə bağlı vəziyyəti belə şərh edir: o, güclü və anadangəlmə ikicinsliliyə meyilli və sərt atasına qarşı özünü var gücü ilə müdafiə edə bilən bir şəxsdir. Bəhs etdiyimiz ikicinsliliyin özünəməxsusluğu psixoloji səciyyə ilə bağlıdır və bundan əvvəl gördüyümüz amillərə əlavə olunur. Beləliklə, uşaqlıq illərində baş verən ölüməbənzər tutmalar – eqonun gerçəkləşdirdiyi ata ilə eyniləşmə və super eqonun yol açdığı cəzalandırmalar kimi qəbul edilə bilər. “Atanın yerinə keçmək üçün onu öldürmək istədin, budur, indi sən özün atasan, amma ölü ata”. Bu isterik əlamətlərin hər zaman rast gəlinən mexanizmidir. Bundan başqa, “budur, indi atan səni öldürür” formasında da əmələ gələ bilir. “Karamazov qardaşları”nda  bu romanda  cinayət başqası tərəfindən işlənilmişdir. Amma həmin başqasının öldürülən şəxsə bağlılığı da romanın qəhrəmanı olan Dmitrininki kimi ata-oğul bağlılığıdır. Bu, başqasının vəziyyətində seksual rəqabətin gizli səbəbi açıq şəkildə qəbul edilmişdir. Digər yandan, qəhrəmanın qardaşı olan cinayətkara Dostoyevskinin öz xəstəliyini, yəni epilepsiya olduğu irəli sürülən xəstəliyinin yükləməsi və beləliklə də onun nevrozlu və epilepsiyalı tərəfinin ata qatili xüsusiyyəti daşıdığını açıqlamaq istəyirmiş kimi davranması maraq doğurur.

Beləliklə, məhkəmənin gedişi zamanı müdafiəçinin psixologiyaya qarşı ironiya etdiyi aşkara çıxır: “Psixologiya dalı-qabağı kəsən bıçaq kimidir”. Bu, gerçəyin gizlədilməsindən başqa bir şey deyildir. Çünki Dostoyevskinin vəziyyəti necə gördüyünü yaxşı başa düşmək istəyiriksə, deyilənlərin tərsini düşünməyimiz yetər. Əslində, istehza olunması lazım gələn şey psixologiya deyil, məhkəmə istintaqının aparılma tərzidir. Psixologiya üçün cinayətin həqiqətən kimin işləmiş olduğu mühüm deyildir. Psixologiyanın məqsədi bu cinayətin törədilməsini kimin öz ürəyindən keçirmiş və istəmiş olduğunu, cinayətin törədilməsindən kimin sevinc duyduğunu araşdırıb tapmaqdır. Bu baxımdan, digərlərinə heç oxşamayan Alyoşa bir yana, Karamazov qardaşlarının hamısı, yəni daxili təhriklərə qapılan zövq düşkünü, şəkkak mütəfəkkir və epilepsiyalı cinayətkar günahkardır. “Karamazov qardaşları”nın bir səhnəsi xüsusilə aydınlaşdırıcı məna daşımaqdadır. Dimitri ilə danışdığı zaman Zossima onun atanı qətl etməyə hazırlaşdığını başa düşərək ayaqlarına döşənir. Bunu bir heyranlıq duyğusunun ifadəsi kimi izah etmək mümkün deyildir. Bu davranışın əsl xristian olan Zossimanın qatildən çəkinmək və onu kiçik görmək meylinə qapılmasının qarşısını almaq istəyini ifadə etdiyini və bu səbəbdən də qatilin qarşısında özünü kiçiltdiyini söyləyə bilərik.

 

Nərmin Babəkqızı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki