Dövlətçiliyimizin ideoloji təməli
9 noyabr – Azərbaycan dövlətinin rəmzinə hörmət və ehtiramın simvoludur. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli Bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir.
Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir. Meydanın açılışı 2010-cu ilin sentyabrın 1-də keçirilmişdir. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılmış və 2010-cu il noyabrın 9-da onun açılışı olmuşdur. Muzey fəaliyyəti dövründə Azərbaycanın Dövlət Bayrağı ilə yanaşı, ölkəmizdə müxtəlif dövrlərdə mövcud olan xanlıqların, dövlətlərin bayraqları əyani nümayiş etdirilib və gələn qonaqlara ətraflı məlumatlar verilib. Bundan başqa, muzeydə Azərbaycanın qədim və zəngin dövlətçilik tarixini əks etdirən 400 eksponat sərgilənib. Bayraq Meydanı 2024-cü ilin noyabrın 8-də yenidən açılmış və Prezident cənab İlham Əliyev Azərbaycan bayrağını qaldırmışdır. 2024-cü ilin noyabr ayından dünyanın ən böyük bayrağı bu Meydanda dalğalanır. Təmir-bərpa işlərindən sonra yeni görkəmdə və tərtibatda fəaliyyətə başlayan Dövlət Bayrağı Muzeyində 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər qalereyası” adlı ekspozisiya nümayiş olunur. Qalereyada Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağının ucaldılması və Xankəndi şəhərində Vətən müharibəsindəki Qələbənin üçüncü ildönümü ilə bağlı hərbi paradın fotoları sərgilənir. Muzey altı sərgi salonundan ibarətdir. Bundan əlavə, Dövlət Bayrağı Muzeyindəki monitorlarda ölkəmizin qədim və orta əsrlər, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki xidmətlərinə, Prezident İlham Əliyevin ordu quruculuğuna və Ali Baş Komandanlığı ilə Vətən müharibəsindəki tarixi qələbəyə həsr edilən videolar nümayiş olunur. Dövlət Bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir.
Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc






















