image-qanunla-reklam
image-media-media-aujbikezegy4qnzxomqpbmvljty67jqzm1se8483-qir38ws4engajx2t501p-41cfyp90nsx53tzi8ba6

Dövlətçiliyimizin ideoloji təməli

image-lady-day-az

Dövlətçiliyimizin ideoloji təməli

Üçrəngli bayrağımız milli dəyərlərimizi daşımaqla yanaşı, istiqlal mübarizəmizin şanlı nişanəsidir. O həm də Şərqdə qurulan demokratik cümhuriyyətin – Azərbaycan Respublikasının dövlət rəmzidir.

Xatırladaq ki, görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Müvəqqəti Hökumətinin 1918-ci il 24 iyun tarixli qərarı ilə üzərində ağ aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağı kimi qəbul olunmuşdu.

1918-ci il noyabrın 9-da isə Nazirlər Kabinetinin Bakıda keçirilən iclasında Fətəli xan Xoyski milli bayraq haqqında məruzə ilə çıxış etmiş, müzakirələrdən sonra yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq Dövlət bayrağı kimi qəbul edilmişdi. Qeyd etmək yerinə düşər ki, bayrağımızın üçrəngli olması ideyasının müəllifi görkəmli Azərbaycan ziyalısı, türk dünyasının böyük şəxsiyyətlərindən olan Əli bəy Hüseynzadədir. Ay-ulduzlu və üçrəngli bayraq onun düşüncələrini əks etdirirdi. Mavi rəng türklüyü, qırmızı rəng müasirliyi, yaşıl rəng isə dinimizə bağlılığın nişanəsi idi. Türk milli şüurunun təkamülü və onun orta əsrlərin ümmət fəlsəfəsindən milliyyət müstəvisinə çevrilməsi də Əli bəy Hüseynzadənin həmin üç düsturu ilə bağlıdır. O düstur bu gün milli ideologiyamızın əsas prinsipləri kimi bayrağımızın rəngində də əksini tapır.

Bayrağımız həm də Vətənimizin keçmişini, bu gününü və gələcəyini özündə tərənnüm edən müstəqilliyimizin simvoludur. Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın bayrağı sadəcə bayraq deyil, o bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun” kəlamı bayrağımıza verilən yüksək qiyməti göstərir, müasir dövlət qurucumuzun vacib dövlət atributuna olan ehtiramını bir daha göz önünə gətirir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdu. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdi. Qeyd etmək lazımdır ki, Ulu Öndərin 1998-ci il martın 13-də “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” sərəncamı mühüm əhəmiyyət daşımışdır.

Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşmələrinin başlıca amillərindən biridir. Xüsusi qeyd edilməlidir ki, dövlət başçısının 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla Azərbaycanda Dövlət Bayrağı Günü təsis edilmişdir və hər il bu günün təntənəli şəkildə qeyd olunması keçmişimizə, milli dəyərlərimizə yüksək ehtiramın təzahürüdür. Ölkə vətəndaşlarının həmrəyliyini, vahid azərbaycançılıq məfkurəsi ətrafında sıx birliyini təmin edən Bayraq Gününün qeyd olunması, həmçinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi prosesinə də güclü təsir göstərir.

 

Zərdab Rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki