“Dövlət Suverenliyi Günü”nün təsis edilməsi
Suverenlik dövlətin əsas atributu hesab edilir. Beynəlxalq hüquq normalarına görə, suveren dövlət – ərazisi müəyyən olunmuş, daimi əhalisi olan, ali hakimiyyətə malik və digər dövlətlərlə bərabərhüquqlu münasibətlər qura bilən müstəqil siyasi qurum deməkdir. Azərbaycanın suveren dövlət kimi mövcudluğu yalnız beynəlxalq hüquqi sənədlərlə deyil, həm də xalqımızın qəhrəmanlıq mübarizəsi ilə təmin edilmişdir.
Xüsusən də, 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı, bir milyondan artıq soydaşımızın məcburi köçkünə çevrilməsi, şəhər və kəndlərimizin dağıdılması, Xocalı soyqırımı kimi insanlığa qarşı cinayətlər Azərbaycan xalqının iradəsini sınağa çəkdi. Lakin bütün bu faciələrə baxmayaraq, Azərbaycan suveren dövlət olaraq mövcudluğunu qorudu və ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsini davam etdirdi.
2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə misilsiz qəhrəmanlıq göstərərək düşməni darmadağın etdi. Müharibə nəticəsində Azərbaycanın tarixi torpaqlarını işğaldan azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonları isə diplomatik-siyasi vasitələrlə, bir güllə atılmadan geri qaytarıldı. Bu qələbə Azərbaycan xalqının illərlə gözlədiyi ədalətin bərpası, həm də beynəlxalq hüququn real həyatda təmin olunması idi.
Azərbaycan Ordusu 2023-cü ilin 19 sentyabrında separatçıların təxribatlarına cavab olaraq lokal antiterror əməliyyatı keçirdi. Cəmi 23 saat 43 dəqiqə davam edən bu əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqları torpaqlarımızdan çıxarıldı, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, qondarma qurum özünü buraxdığını elan etdi. Beləliklə, Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyi tam bərpa olundu. Bu hadisə yalnız hərbi-siyasi deyil, həm də tarixi və mənəvi baxımdan dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm mərhələ oldu.
2024-cü il 19 sentyabr tarixində Prezident cənab İlham Əliyevin imzaladığı Sərəncamla hər il 20 sentyabr Dövlət Suverenliyi Günü kimi qeyd olunmağa başladı. Bu günün təsis edilməsi 1991-ci ildə müstəqilliyin bərpası ilə başlayan tarixi yolun məntiqi nəticəsi, ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda uzun illər aparılan mübarizənin kulminasiyasıdır. 2025-ci ildə Azərbaycan xalqı ilk dəfə bu günü rəsmi olaraq qeyd edir. Bu hadisə yalnız dövlətçilik tariximiz üçün deyil, həm də milli kimliyimizin möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır. Dövlət Suverenliyi Günü xalqımızın keçdiyi çətin, lakin şərəfli mübarizə yolunun xatırladılması və gələcək nəsillərə ötürülməsi üçün mühüm platformadır.
Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri