Dövlət Suverenliyi Günü – Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır.
İkinci Qarabağ Müharibəsinin 44-cü günündə Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının «Dəmir Yumruq» siyasətinə əməl edən əsgər və zabitlərimizin yüksək vətənpərvərliyi, igidliyi və yenilməzliyi, Prezident-xalq-ordu birliyi sayəsində ədalət bərpa olundu, işğala son qoyuldu, Ermənistan və onun «yenilməz ordusu» döyüş meydanında darmadağın edildi, diz çökdü. Budur, Ali Baş Komandan siyasəti! Budur, Müzəffər Ordunun məğrurluğu! Budur, rəşadətli əsgər və zabitlər, Prezident-Xalq-Ordu birliyi! Çünki 30 il həsrətində olan torpaqlarımız geri qayıtmalı idi, QAYITDI da! Müharibənin başlandığı ilk gündən Ali Baş Komandanımız, Prezident İlham Əliyev sülh danışıqlarının zəruriliyinə nə qədər çağırışlar etsə də, döyüşün dayandırılması üçün təzyiqlər göstərilməsinə baxmayaraq, dövlətimizin başçısı öz prinsipiallığını, əzmini bir daha nümayiş etdirdi. Azərbaycan Prezident İlham Əliyev istər xalqa müraciətlərində, istərsə də 44 gündə xarici mətbuata 30-a yaxın müsahibəsində səsləndirdiyi bəyanatlar da bir daha sübut etdi ki, Azərbaycanın milli maraqları hər şeydən öndə dayanır. Dövlətin maraqlarından, xalqın iradəsindən kənar bir addım belə atıla bilməz. Ancaq işğalçı Ermənistan İkici Vətən Müharibəsinin ilk günündən öz terrorçu niyyətini, işğalçı siyasətini nümayiş etdirdi, ancaq faşist xislətli düşmən etdiyi cinayətlərə görə bədəli böyük oldu. 30 il ərzində əzəli-əbədi torpaqlarımızı işğal altında saxlayan təcavüzkar Ermənistan hakimiyyətinin nəhayət ki, qanunsuz əməllərinə beynəlxalq hüquq çərçivəsində son qoyuldu. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanat Azərbaycanın 44 günlük müharibədəki qələbəsinin, Ermənistanın isə məğlubiyyətinin siyasi-hüquqi təsdiqi oldu. Həmin dövrdən 2023-cü ilin 19 sentyabr tarixinə qədər həmin ərazidə baş verənlər isə Azərbaycanın səbr kasasını daşdıran hadisələr oldu. Sentyabrın 19-da başlayan antiterror tədbirləri cəmi 23 saat 43 dəqiqə çəkdi. Elə əməliyyatın ilk dəqiqələrindən gedişat Azərbaycan Ordusunun ən yüksək və modern döyüş imkanlarına malik olduğunu göstərdi. Cəmi bir neçə saat ərzində düşmənin ön xətt və dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri sıradan çıxarıldı. Hər günü bir şanlı tarix olan 44 günlük Vətən müharibəsində olduğu kimi ildırımsürətli antiterror tədbirlərində də ordumuz yenidən möhtəşəm zəfər tarixi yazdı. Əməliyyat zamanı düşmənin min nəfərdən çox canlı qüvvəsi, yüzlərlə hərbi texnikası məhv edildi və bir o qədər də qənimət götürüldü. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də günorta lokal xarakterli antiterror tədbirləri dayandırıldı və separatçılar ağ bayraq qaldırdılar. Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev canından da çox sevdiyi xalqı üçün həlli mümkünsüz görünən vəzifəni reallaşdırdı. Ən önəmlisi isə 2023-cü ilin sentyabrın 20-də qazandığımız hərbi qələbə ilə ölkəmizin suverenlini tam bərpa etdik. Bu Azərbaycan xalqının həyatında ən müqəddəs gündür. Məhz elə buna görə də Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər ilin sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcəkdir.
Zərdab Gənclər evi SXM-in metodisti -Toğrul Abulov.